• 16 Aprel 2024
logo
Türkiyədə azərbaycanlılar mükafatlandırıldı

Türkiyədə azərbaycanlılar mükafatlandırıldı

Ümummilli lider Heydər Əliyevin 100 illiyi Türkiyənin böyük şəhərlərində keçirilən silsilə tədbirlərlə davam etdirilir. Növbəti belə tədbir İzmir şəhərində keçirilib.

Baymedia.az xəbər verir ki, uzun müddətdir İzmirdə teatr fəaliyyəti ilə məşğul olan aktrisa Roza İbadovanın təşkilatçılığı ilə vilayətin Əliağa rayonunda Heydər Əliyev adına texniki peşə məktəbində “Azərbaycan və Türkiyə poeziyasında qardaşlıq kompozisiyası” adlı tədbir keçirilib. Tədbirdə məktəbin şagirdləri fəal iştirak ediblər.

Şagirdlər Azərbaycan Elm və Təhsil Nazirliyi və Türkiyə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Türkiyə-Azərbaycan münasibətləri” mövzusundakı tədbirdə yüksək nəticə göstəriblər. Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov aktrisa Roza İbadova və şagirdləri qazandıqları uğur münasibətilə təşəkkürnamə ilə təltif edib.

Eyni zamanda Azərbaycan Türkləri Dost Dərnək Federasiyasının təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın müstəqilliklərinin 100 və 105-ci ili münasibətilə keçirilən tədbirdə ölkələr arasında münasibətlərin inkişafına göstərdikləri xidmətə görə araşdırmaçı jurnalist Nigar Ögeday, tibb işçisi Ceyhunə Günər və Roza İbadova mükafata layiq görülüb. Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti iştirak edib.