• 16 Aprel 2024
logo
Milli-mənəvi dəyərlərimiz

Milli-mənəvi dəyərlərimiz

Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Minilliklər ərzində xalqın yaddaşında formalaşaraq daşlaşan, iliyə, qana işləyən milli adət - ənənələri, milli - mənəvi dəyərləri pozmağa, sıradan çıxarmağa , eləcə də bu milliliyə arxa çevirməyə heç kəsin ixtiyarı yoxdur. Çünki bu dəyərlər tək bir fərdin yox, ümumi xalqındır. Mən konservativ deyiləm, mən də çoxu kimi yenilik, reforma tərəfdarıyam. Amma bu yeniliyi, bu reformanı məhz minilliklərlə formalaşan dəyərlərin fonunda aparmaq lazımdır. Bioloqlar bilir, ağaca calağı budağından vururlar. Bu halda da köklər yerində qalır, elə calaq da, qalan budaqlar da torpağın təkinə qədər işləyən, qayım - qədimləşən köklərdən qidalanırlar. Öz kökləri üstündə duran ağac daha güclü olur. İllərin sərt küləyi, qarı, şaxtası ağacı əyə bilmir. Ancaq kökləri, torpaqdakı rişələri zəifləsə ağac adicə mehə də sinə gərə bilməz.
İnsan da belədir. Özün olmalısan, Şərqli kimi Şərqli. Bu gün dünyanın bəhrələndiyi mədəniyyətin , sivil dəyərlərin , elmin beşiyi Şərq olduğu halda nə gərək mən dönüb olum Qərbli? Elə özüm olsam daha yaxşı olar deyilmi? Özümdə olan özümünküdür, əlimdə olanı əldə saxlayıb dəyərləndirməliyəm. İtirdimsə, bir daha tapa bilmərəm.
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın kəşməkəşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mental meyarlarına çevrilmiş mənəvi dəyərləri yad ünsürlərdən qorumalıdır. Bu dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.
Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri milli - mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar. Özünü unudan dəyərini, qiymətini itirər, dəyərsizləşər, manqurtlaşar. Biz kökə bağlı olanda daha güclü oluruq deyilmi?

Malik Balaşov, tarixçi, publisist