• 27 İyul 2024
logo
Prezidentin köməkçisi Yaponiya səfərindən danışdı

Prezidentin köməkçisi Yaponiya səfərindən danışdı

Əvvəlcədən qeyd edim ki, Qarabağ iqtisadi rayonundan Yaponiyaya gəlmiş Azərbaycan nümayəndə heyəti kimi səfərimiz çox uğurlu oldu. Ümumiyyətlə səfərin məqsədlərini bir neçə qrupa bölmək olar.
Baymedia.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Birinci məqsəd Prezident İlham Əliyevin bu yaxınlarda Ağdam şəhərində keçirilmiş Milli Şəhərsalma Forumundakı çıxışında iştirakçılara ünvanlandığı bu şəhərin yaxın zamanlarda dünyanın bir çox şəhərləri ilə qardaşlaşacağı barədə verdiyi anonsa uyğun olaraq atılan addımlarla əlaqədardır. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifənin həyata keçirilməsi üçün biz təbii olaraq ilk növbədə Yaponiyanın Hiroşima şəhəri ilə əməkdaşlığın qurulması, qarşılıqlı əlaqələrin inkişafı məqsədilə buraya səfər barədə qərar qəbul etdik. Bununla yanaşı, səfərin digər məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində xarici ölkələri təmsil edən şirkətlərin də iştirakını təmin etmək idi. Bildiyiniz kimi, bu işdə ilk növbədə 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycanın haqq işini dəstəkləyən şirkətlərə üstünlük verilir. Sevindirici haldır ki, bu gün həmin şirkətlər arasında Yaponiya şirkətləri də var. Məlumdur ki, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edilib və burada ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ enerji resurslarından istifadəyə də üstünlük verilməsi nəzərdə tutulur. Bu vəzifənin həyata keçirilməsi üçün xüsusi konsepsiya hazırlanmalı idi və bu iş Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSKO” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qeyd edim ki, həmin konsepsiya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib və onun icrası üçün müvafiq tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq, bərpa və quruculuq işlərinin aparıldığı bir çox ərazilərdə “yaşıl enerji” konsepsiyası həyata keçiriləcək. Yaponiyaya səfər çərçivəsində biz həm məlum “TEPSKO” şirkəti ilə, həm də Yaponiyanın bu işdə maraqlı digər şirkətləri ilə müzakirələr apardıq. Səfərin ikinci məqsədi də məhz bu istiqamətdə yeni əlaqələrin qurulmasından ibarət idi.
Digər məqsəd isə başqa səfərlərdə olduğu kimi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan nəhəng bərpa və quruculuq işləri, 10 min kvadratkilometrdən çox bir ərazidə ən müasir infrastrukturun yaradılması məqsədilə həyata keçirilən görünməmiş meqa fəaliyyət, həmçinin Azərbaycanın dünyaya vermək istədiyi mesajlar barədə yerli ictimaiyyəti məlumatlandırmaq idi.
Bildiyiniz kimi, bu gün həyata keçirilən layihələr çərçivəsində Azərbaycan tamamilə dağıdılmış yaşayış məskənlərini yenidən qurur. Ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları ərazilərdə görünməmiş vandalizm aktları həyata keçirərək, daşı-daş üstə qoymayıblar. Bizim 8 şəhərimiz yerlə yeksan edilib, 54 min hektar meşə sahəsi, fauna və floramız məhv olunub, tam ekosid törədilib. Bununla yanaşı, Azərbaycanın tarixi və mədəni abidələrinə böyük zərbə vurulub. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalanları isə təhqir olunub. Bu zaman söhbət yalnız məscidlərdən deyil, həm də digər dinlərə aid olan abidələrdən, kilsələrdən, alban məbədlərindən və digər mədəni abidələrimizdən gedir. Bütün bunların hamısının bərpası, yenidən qurulması prosesi təsdiq edir ki, Azərbaycan xalqı həqiqətən yaradıcı, qurucu xalqdır. Bu bir faktdır ki, həmin əraziləri 30 ilə yaxın bir dövrdə işğal altında saxlayan düşmən bu ərazilərdə bir ədəd ağac belə əkməyib. Bütün bu vandalizm aktlarına baxmayaraq, Azərbaycan həmin səhifəni birdəfəlik örtərək, gələcəyə baxmaq istəyir. Bununla biz bütün dünyaya bir sülh mesajı vermək istəyirik. Həmin sülh mesajının da ən vacib elementi bizim bundan sonra gördüyümüz işlərdir. Həmin işləri isə əlbəttə, bütün dünya görür, lakin biz bunu dünyaya daha yaxşı təqdim etmək niyyətindəyik", - E.Hüseynov qeyd edib.