• 15 İyul 2025
logo
Türkiyə səfiri: FETÖ ilə mübarizəmiz davam edəcək

Türkiyə səfiri: FETÖ ilə mübarizəmiz davam edəcək

15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində anım tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə Türkiyə səfiri, Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Milli Məclisinin deputatları və digər şəxslər iştirak edib.

Tədbir 15 iyul şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyə səfiri Birol Akgün həmin gün baş verən hadisələri xatırladıb və bildirib ki, həmin gün 251 nəfər şəhid olub, 2 mindən artıq Türkiyə vətəndaşı yaralanıb, qazi olub: “Bu gün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Gələcək nəsillərə bu böyük mübarizəni ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına, türk millətinin birlik və bərabərliyindən nə olursa-olsun vaz keçməyəcəyini ən sağlam şəkildə bir daha ortaya qoydu. Əzəldən hür yaşayan millətin nümayəndələri kimi, sahib olduğumuz dəyərlərə bağlı olduğumuzu bütün dünyaya göstərdik. Türkiyə 9 ildir FETÖ terror təşkilatı ilə mübarizə aparır. FETÖ hələ Türkiyənin hüdudlarından kənarda əməllərinə davam edir. Son terrorçu silahı yerə qoyana qədər bu mübarizəmiz davam edəcək”.

Səfir 15 iyul çevrilişə cəhd zamanı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb.

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “Müasir Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edir. Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bundan sonra da olacaq. Bu gün müttəfiqlik münasibətlərimizin dərinləşdirilməsi və genişləndirilməsi üçün 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi zəmin yaradıb”.

Nazir müavini çıxışının sonunda 15 iyul şəhidlərinə rəhmət diləyib.

Daha sonra tədbirdə “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə hazırlanmış film təqdim edilib.

Anım tədbirində çıxış edən deputat, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, 15 iyul həm qardaş Türkiyə üçün böyük sınaq günü, həm də qızıl hərflərlə yazılan Zəfər tarixidir: “Ərdoğan-xalq birliyi bu çevrilişin qarşısını aldı. Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Qardaş Türkiyə bu sınaqdan üzüağ çıxdı. Bu gün Azərbaycan-Türkiyə əlaqələri özünün ən yüksək zirvəsini yaşayır. Xoşbəxt insanam ki, mən Şuşa Bəyannaməsinin imzalanması mərasimində iştirak etmişəm. Bu gün parlamentlərimiz arasında çox genişmiqyaslı əlaqələr mövcuddur. Biz çalışırıq ki, qanunlarımızı, qanunvericilik aktlarımızı da bir-birinə uyğunlaşdıraq. Son günlər Türkiyədən gələn xəbərlər, terrorçuların silahı yerə qoyması hamımızı sevindirir. Biz əminik ki, bu proses uğurlu sonluqla bitəcək. Şübhəsiz ki, Türkiyə daxilində, həm də kənarda terrorun bitməsini istəməyən qüvvələr var”.

Tədbirin sonunda 15 İyul şəhidlərinin ruhuna dualar oxunub.