• 1 Aprel 2020
logo
“Soruşsalar haralısan...”

“Soruşsalar haralısan...”

Yaxud Bakı haqqında “mahnı”lara sözardı

Paytaxt Bakı və ölkəmizin digər bölgələri haqqında sovet dövründə və daha sonra kifayət qədər yüksək peşəkarlıqla, zövlə yazılmış, öz populyarlığını heç vaxt itirməyəcək mahnılarımız var. Doğrusu, Azərbaycanın ayrı-ayrı bölgələrini, o cümlədən paytaxt Bakını vəsf edən, peşəkarların yazdığı və ifa etdiyi mahnılara normal yanaşıram. Hətta SSRİ-nin ideoloji maşınının insanların milli kimliyini unutdurmaq üçün, məqsədyönlü şəkildə şəhər adlarına bağlı saxta “milli kimlik”lər, süni “etnik mədəniyyət”lər formalaşdırmaq strategiyası barədə məlumatlı olsam da, yenə də həmvətənlərimin uşaqlıq, yeniyetməlik, gənclik xatirələrinə və bu xatirələrdən doğan nostalji hisslərinə sayğı duyuram. İnsan robot deyil ki, onun yaddaşının istənilən hissəsini silib ata biləsən. Heç buna ehtiyac da yoxdur...
Bir neçə il öncə, əgər yanılmıramsa 2015-ci ilin ilk günlərində Azərbaycanı, ölkənin ayrı-ayrı bölgələrini, tarixi şəxsiyyətlərimizi vəsf edən mahnıların mətnləri ilə bağlı “Vətənsevər” söz qatilləri” adlı bir yazı yazmışdım. Daha sonra Vəsilə Vahidqızının moderatorluğu ilə İctimai TV-də bu yazıda nümunə gətirdiyim mahnı mətnləri ilə bağlı çox maraqlı və cəmiyyətimiz üçün faydalı olan bir müzakirə də oldu. O zaman televiziya kanalları, radio yayımçıları, musiqi və söz yazarları, ifaçılar bu yazıdan və yazı ətrafında aparılan müzakirədən hansı nəticəni çıxartdılar, təbii ki, bu başqa bir yazının mövzusudur.
Bu yazıda isə son bir neçə ildə Bakı haqqında yazılan mahnılardan birinin mətninə diqqət çəkmək istəyirəm. Daha öncə qeyd etdiyim kimi, Bakı və ölkəmizin ayrı-ayrı bölgələri haqqında yazılan mahnılara zövq və peşəkarlıq aspektlərini əsas götürməklə, müsbət yanaşıram. Məsələn, Aygün Səmədzadənin Kəmalə Abıyevanının sözlərinə bəstələdiyi, Eyyub Yaqubovun ifa etdiyi “Bakı haqqında nağıl” mahnısını çox sevirəm və bu əsər tez-tez dinlədiyim mahnıların siyahısına daxildir. Amma bununla yanaşı, bir məqama da xüsusi olaraq toxunmaq istəyirəm: Bu gün paytaxt Bakıda həyata keçirilən işlər bu şəhərin ənənəvi tarixi obrazının mümkün qədər bərpa olunmasından daha çox paramparça edilmiş şəhər mədəniyyətinin geriyə qaytarılmasına və daha yaxşısının formalaşdırılmasına xidmət edir. Bu çox vacib məqamdır: Paytaxt öz mədəniyyəti ilə nümunə olmalıdır, aqressiya, kin, qəzəb, zövqsüzlük, mədəniyyətsizlik püskürməməlidir!
Ola bilsin ki, kimlərsə bu mühüm strateji hədəfdən yanlış nəticə çıxarıblar...
Mətləbə keçək...
Bir neçə gün öncə telekanallardan birində adını çəkib şərəfə mindirmək istəmədiyim orta səviyyədən qat-qat aşağı bir ifaçıdan bu sözləri eşitdim:

“Soruşsalar haralısan
Denən Bakılı balasısan.
Millətim Azəridir,
Bakılılar hünərlidir”.

Bilərəkdən “mahnı” yazmadım, çünki bu söz və musiqi yığını mahnı janrının heç bir komponentinə cavab vermir. Söz yığınından danışaq: Çox güman ki, musiqinin ölçülərinə zorla pərçinlənmiş bu söz yığınını yaza və ictimai rəyə təqdim edə biləcək qədər tərbiyəsiz olan kimsə nə etdiyinin fərqində deyil. Ya da təfəkkürü hansısa natamamlıq kompleksləri ilə elə zədələnib ki, başqalarını da zəhərləmək niyyətinə düşüb. Yuxarıda haqqında söz açdığım yazıda da qeyd etmişdim ki, biz “Azəri” deyilik. “Azəri” adlı millət adı yoxdur, ay filan-filan şüdə... Hünər isə insanın doğum yeri ilə bağlı olan keyfiyyət deyil, xarakter məsələsidir. Bu söz yığının bətnində bölücülük var. Və təəssüf edirəm ki, Azərbaycanın efir məkanı xəstə təfəkkürlərdən doğan belə söz və musiqi yığınlarına açıqdır.
Sosial şəbəkələrdə yayılan digər meyxana və çayxana “mahnı”ları haqqında isə danışmaq istəmirəm. Ora “azad zona”dı və yalnız mədəni, intellektual səviyyəsi yüksək olan, özünü sözün bütün mənalarında əsl AZƏRBAYCANLI kimi hiss edən həmvətənlərimizin səyi nəticəsində sosial şəbəkələrdəki “mənəvi zəhər”lərdən xilas ola bilərik.
Televiziyalarda çalışan həmkarlarımı isə cəmiyyətimizin birliyinə, bütövlüyünə xələl gətirən nəsnələrə münasibətdə laqeyid olmamağa çağırıram.
Bu gün tarixi torpaqlarımızın kiçik bir hissəsində dövlət müstəqilliyimizi bərpa etmişik, onun da 20 faizi işğal altındadır. Nəyi bölüşə bilmirik? Yaxud nəyi bölürük, nəyi parçalayırıq? Məni bağışlayın, amma anlaya bilmirəm...

Elçin Mirzəbəyli
“Xalq cəbhəsi” qəzetinin Baş redaktoru