Əliqismət Lalayev- 69
Çevik düşüncə tərzi və yaradıcılıq bacarığı ilə tanınır. Çox ağıllı adamdır, həyatı olduğu kimi qəbul etməyi xoşlayır. Odur ki, hər işin öhdəsindən asanlıqla gələ bilir və öz qaydaları ilə yaşamağa üstünlük verir. İstiqanlı, mehriban və fədakar xüsusiyyətləri ilə seçilir. Onu yaxından tanıdıqca azadlıqsevər təbiəti, həyatda öz yolunu seçmək arzusu ön plana çıxır. Cəmiyyətin nə düşündüyü onu elə də maraqlandırmır, çünki o, hər zaman öz qaydaları ilə hərəkət edir. Kiminlə dost oldusa, bütün diqqətini ona yönəldir və həmişə sadiq qalır...
Deyir ki:- “Bu gün ölkənin çox qaynar mədəni həyatı var. Azərbaycanda beynəlxalq tədbirlər, simpoziumlar, konqreslər keçirilir. Bakıda XXI əsr dünya teatrı necə olmalıdır, inkişaf perspektivləri necədir məsələlərinin əks olunduğu beynəlxalq teatr konfransı keçirildi. Dünyanın hər yerindən teatr xadimləri axışıb gəldi. Onların burda gördükləri, hətta gedəndən sonra yazdıqları məktublar, bizə göndərdikləri rəylər o qədər xoş və cəlbedici idi ki. Biz sevinirik ki, biz bu gün Azərbaycanda yaşayırıq və Azərbaycan teatrında işləyirik. Bu gün Azərbaycan teatrı dünyaya açqdır. Məhz buna görə deyirəmn ki, ən gözəl dövrümüzü yaşayırıq. Xaricə qastrollara gedirik, xaricdən bura teatr nümayəndələri gəlir. Bundan artıq teatr üçün nə lazımdır. Artıq yaxşı işləri qiymətləndirmək tamaşacıların üzərinə düşür. Ümid edirik ki, tamaşaçılar gələcək yaxşı işlərə öz qiymətlərini verəcək...”
O, 1956-cı il iyul ayının 4-də Salyan rayonunda, Hümmət kişinin ailəsində dünyaya gəlib. Əmək fəaliyyətinə 1972-ci ildə klub müdiri kimi başlayıb. Daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışıb. 1975-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinə daxil olaraq, 1980-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilib. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışandan sonra ordu sıralarında həqiqi hərbi xidmət keçib. 1982-ci ildə ordudan tərxis olunandan sonra, 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirib. 1988-ci ildə Salyan şəhərinə qayıdandan sonra müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışıb. 1993-cü ilin sentyabrında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilib. 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində işləyib. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor vəzifəsinə təyin olunub. Yenə də Azərbaycan Respublikası Mədəniyyət nazirinin əmrinə əsasən, 4 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru vəzifəsindən azad olunub. “Naxçıvan MR-nın əməkdar incəsənət xadimi”, “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”, “Fəxri Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülüb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının müəllimidir...
“Professional səhnədə ilk işim Emin Sabitoğlunun və Sabit Rəhmanın gənc nəslin yaddaşında qalan Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov üçlüyünün təqdim etdiyi “Hicran” tamaşası ilə olub. Heç ağlıma gəlməzdi ki, 10 illər sonra mən Musiqili Komediya Teatrının direktoru olacam. O zamanlar bizim görkəmli aktyorlarımız Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov Naxcıvana gəlirdilər, bizim aktyorlarla birgə tamaşada oynayırdılar. Tamaşalardan çox razı qalırdılar, bu da məni sevindirirdi. Rejissor öz tamaşalrını həyata gətirir, heç kim deyə bilməz ki, mənim bu əsərim digərindən daha yaxşıdır. Yaxşı hesab etmədiyi əsəri rejissor tamaşaçıya göstərməməlidir. Mən hesab edirəm ki, Naxcıvan teatrında, eləcə də son iş yerim- Musiqili Komediya Teatrında səhnələşdirən işlərin hamısı çox uğurlu olub. Bu gün də rejissorlara, aktyorlara yaradıcılıqlarında irəliləyişlər əldə etmələri üçün kömək edirəm. Bunu bacarıramsa, demək öz funksiyamı yerinə yetirə bilirəm...”
O, 1968-ci ildən dövrü mətbuatda çıxış edir. Yüzlərlə məqalə, oçerk və zarisovkanın müəllifidir. Yazılarında əsasən mədəniyyətin müxtəlif sahələrini işıqlandırır, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edir. Onun milli teatr sahəsindəki fəaliyyəti daha çox diqqəti cəlb edir. İstər Naxçıvandakı uzun illər teatr yaradıcılığı, istər incəsənət Baş İdarəsinin rəisi və sonralar incəsənət şöbəsinin müdiri vəzifələrində işləyərkən teatrlarımızın inkişafı, yaradıcılığıq fəaliyyətinin istiqamətləndirilməsi sahəsində onun xidmətləri xüsusi qeyd edilməlidir. Hələ Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışarkən gənc, istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb edib və mütəxəssislər hər zaman onu bacarıqlı, ümidverici bir yaradıcı şəxs kimi qiymətləndiriblər. Onun hazırladığı əsərlər ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş, bu tamaşalar və oynadığı müxtəlif rollar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını alıb...
Orijinal adamdır. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarır. Sağlam düşüncəyə malikdir, düzgün qərar qəbul etməyi xoşlayır. Əgər ona mane olan olmasa çox uğurlara imza ata bilər. Demək olar ki, hər kəs onu çox istəyir. O, bir çox insanlara baxanda, ətrafdakıların üzündə təbəssüm yarada bilir. Hazırcavabdır. Yenilikləri çox tez öyrənir və şirin çılğınlığı ilə hər kəsin ürəyində özünə yer tapır...
Filologiya elmləri doktoru, professor Timurçin Əfəndiyevin onun haqqında söylədiyi fikirlər maraqlıdır: "Azərbaycan-Orta Asiya teatr əlaqələri" namizədlik işi zəngin faktlara əsaslanan çox dəyərli əsərdir. Onun belə bir qiymətli əsər yazması isə heç də təsadüfi deyil, çünki o, bütün həyatını teatrla bağlamış yaradıcı bir insandır."
Şair Əlisəmid Kürün dünyasında isə, o belə görünür: "O, harda olur-olsun, hansı vəzifədə olur-olsun, hansı məmur postunda oturur-otursun o postu dirildəcək, o yeri ali mərtəbəyə mindirəcək. Çünki təpədən-dırnağa qədər səmimiyyətlə yoğrulmuş bu savadlı, sanballı, istedadlı rejissor həm də bir həyat rejissoru kimi yetişib..."
Bəli, söhbət Əliqismət Lalayevdən gedir. İyulun 4-ü onun növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu