• 25 Aprel 2024
logo
Şumer mifologiyası:  Şumer tanrılar panteonu

Şumer mifologiyası: Şumer tanrılar panteonu - 1-ci yazı 

Şumer xalqı hələlik dünyada ilk mədəniyyətin müəllifi sayılır. Bu mədəniyyət bugünkü anlamda zəngin bir xəzinədir. Onun böyük bir hissəsi də bədii yaradıcılıq örnəklərindən ibarətdir. Şumer yazarlarının yaratdıqları çoxlu mifoloji mətnlər, lirik şeirlər, himnlər, beşik nəğmələri, atalat sözü və məsəllər, öyüd və nəsihətlər, təmsillər, mövsüm, mərasim və əmək nəğmələri, doqquz qəhrəmanlıq dastanı yazılı şəkildə gəlib bizə çatıb.
Şumerin kəşfindən 150 ildən çox bir vaxt ötsə də, Azərbaycanda bu günə qədər mixi yazılı mətnlərin öyrənilməsinə biganəlik göstərilib. “Bilqamıs” dastanının Akkad versiyası istisna olmaqla doqquz Şumer qəhrəmanlıq eposunun, onlarla lirik şeir mətnlərinin, himn, təmsil, atalar sözü və məsəllər kimi zəngin bədii əsərlərin heç biri Azərbaycan dilinə tərcümə edilməyib. Halbuki Azərbaycan tarixinin, etnoqrafiyasının, ədə-biyyatının, folklorunun, mifologiyasının, coğrafiyasının, ədəbi-bədii, fəlsəfi-estetik dünyagörüşünün düzgün öyrənilməsi üçün həmin mətnlər dəyərli qaynaqlardır. Bunu qədim dövrlərə aid yazılı qaynaqların yoxluğundan danışan Azərbaycan alimləri yaxşı bilməlidirlər.
Şumer folkloru və ədəbiyyatı bu günə qədər Azərbaycanda fundamental şəkildə tədqiq edilməyib, bir neçə məqaləni çıxmaq şərtilə türk xalqlarının folkloru Şumer ədəbi örnəkləri ilə müqayisəli şəkildə öyrənilməyib. Əksinə, Azərbaycan ədəbiyyatının və folklorunun bir çox problemlərinin araşdırılması zamanı Avropa alimlərinin əsərlərinə və nəzəriyyələrinə daha çox istinad edildiyindən əksər hallarda yanlış nəticələr çıxarılmış, yaxud məsələlər həll olunmamış qalıb. Halbuki Şumer və türk xalqları folklorunda müqayisəli tədqiqat üçün zəngin material mövcuddur.
Böyük türk alimi Bahaəddin Ögəl yazırdı ki, “türkcə və türk kültürü yağmaya çıxarılmış bir mal kimidir. Əlində dəlil oldu-olmadı, hər önünə gələn ondan bir parçanı alıb başqa bir kültürə mal etməyə sanki izinli kimidir”. Bir malın yağmalanması onun yiyəsiz, sahibsiz olması deməkdir. Türk mədəni irsinin yağmalanması bu gün də davam edir və acı da olsa deməliyik ki, Azərbaycanda da belə yağmaçılar az deyil. Biz öz tariximizə, dilimizə, mədəni irsimizə yiyə durmadıqca bu yağmaların qarşısı alınmayacaq. Bu baxımdan mixi yazılı Şumer gil kitablarının dəyəri ölçüyəgəlməzdir. Onların öyrənilməsi bir çox yanlışlıqları aradan qaldırmağa, qaranlıq qalmış məsələlərin üstünə işıq salmağa və yarımçıq araşdırmaları sona çatdırmağa imkan verir.

* * *

Bu gün dünya tarixşünaslığının çox geniş məşğul olduğu məsələlərdən biri dinin mənşəyi məsələsidir. Təkcə “totemizmin mahiyyəti və yaranması haqqında 50-dən çox müxtəlif nəzəriyyə var”. Bu gün tanrı de-yəndə insanlar yalnız din haqqında düşünürlər, çünki nə tanrılar, nə də din haqqında həqiqəti bilmirlər. Qaranlıq şey həmişə qorxu yaradır. Şumer tanrılar panteonu ilə tanışlıq isə qorxu, xof yaradan bütün qaranlıqların üstü-nə elə aydın işıq salır ki, insanın tanrı və din haqqında düşüncəsi, təsəvvürü, anlayışı büsbütün dəyişir.
Şumer tanrılar panteonunun yaşı dindən çox-çox qədimdir. Bu panteonun tarixi mədəniyyətin, elmin, incəsənətin, ədəbiyyatın və s. başlanğıcıdır. İnsanın doğulması, yaşaması, yaratması- bütün varlığı bu panteonla bağlıdır. Şumer panteonunda Tanrı-İnsan, İnsan-Tanrı anlayışı bizim bu gün düşündüyümüzdən çox fərqlidir. Ona görə, Şumer tanrılar panteonundan bir qədər geniş danışmağa dəyər.
Tarix Şumerdən başladığı kimi, Şumer tarixi də tanrılardan başlanır. Dünyanı tanrılar yaratdılar. İlk dəfə Absu/Xəzər dənizini göydən yerə endirdilər. Göylə yer bir-birindən ayrıldı, bununla da dünya yarandı.
Göy An, Yer Ki adlanırdı. Başlanğıcda Göy qadını, Yer kişini təmsil edirdi. An ana, Ki kişi demək idi. Bu gün dilimizdə işlənən ana və kişi sözlərinin hər ikisi bu köklərdən qaynaqlanır. Bunların hər ikisi tanrıların dilindən çıxan ilk sözlər olub. Çox-çox sonralar Anla Kinin funksiyaları dəyişib. An kişi, Ki qadın funksiyasını götürüb. Hazırda An-Göy deyəndə kişi-ata, Ki-Yer deyəndə qadın-ana başa düşülür.
Tanrıların bu cür funksiya dəyişikiyi, qadının kişiyə, kişinin qadına çevrilməsi Misir mifologiyasında müşahidə olunur ki, bu da Şumerdən qaynaqlanır. Misir mifologiyasına görə, göy əvvəlcə qadın, yer kişi olub. Hətta onlarda göy inək şəklində təsvir olunurdu. Misirdə “yer” mənasındakı “qeb” sözü kişi, “göy” mənasındakı “nut” sözü isə qadın cinsindədir ki, bunlar həmin fikrin doğruluğunu göstərir.
Fin mifologiyasında Ukko göy tanrısı, onun arvadı Akka isə yer tanrısıdır. Ukko baba, Akka nənədir. Monqolların od tanrısı Ana Ut adlanır ki, onun birinci hissəsi Anın, ikinci hissəsi Utunun adından götürülüb.
Şumer panteonundan öncə bir-iki kəlmə Şumerə qədərki tanrılardan danışmağa ehtiyac var. Bu tanrılardan bəziləri Şumer panteonunda görünməsələr də, digərləri hətta çox yüksək mövqe tuturlar. Birincilərə Aruru (ana tanrı adlanır, bəzi miflərə görə, insanı gildən o yaradıb), Alala (tanrıların əcdadı, yaxud çörək tanrısıdır), Belili (o da əcdad qadın tanrı sayılır), Kubaba (onun əsl adı Kubadır, ana tanrıdır. Onun adına Şumer panteonunda Kuba, digər panteonlarda Kibeli, Kubebi, Kubile və s. şəkillərində rast gəlinir), ikincilərə İşxara (məhsuldarlıq tanrısıdır, qadındır, dan ulduzu hesab edilir, “Bilqamıs” dastanında qəhrəmanlardan biridir), İnanna (Şumer panteonunun əsas tanrılarındandır. Onun haqqında geniş danışılacaq), Zababa (ölən və dirilən tanrıdır, ola bilsin ki, Dumuzinin eynidir), Utu (Günəş tanrısı) və onun arvadı Ayya (ləqəbi “gəlindir”) və s. aiddir.
Göründüyü kimi, Şumerəqədərki və Şumer tanrılar panteonu bir-birilə sıx bağlıdır, onların arasında sərhəd qoymaq mümkün deyil.
Şumer mifologiyasında ata Anla (göy) ana Antu (Ki, Yer) evlənirlər. An və Ki bacı-qardaşdılar. Enlil və Enki Anın oğlanlarıdır. Bəzi miflərə görə, Enki və Enlil ata bir, ana ayrı qardaşdılar. Bundan sonra onlar dünyanı öz aralarında bölürlər. An ata kimi öz ucalığını saxlayıb, göyün üstünü götürdü. Göylə yerin arası, yəni hava, yel Enlilə tapşırıldı. Onun əsl adı Enyeldir. Bu söz yelin sahibi, yiyəsi deməkdir. En/ensi şumer dilində yiyə, ağa, sahib, böyük mənasında işlənib. Yel çərşənbəsi də Enyelin adındakı “yel”lə bağlıdır. Enki yerin və yeraltı suların ağasıdır. Adı da elə bu mənanı verir: En-ağa, yiyə, sahib+ Ki-Yer.
An, Enlil, Enki ilk tanrılar üçlüyüdür. An bütün Şumer tanrılarının atasıdır.
Dünyanı yaratdıqdan sonra tanrılar yerə mələkləri gətirdilər. Mələkləri bu günkü anlamda fəzalılar kimi başa düşmək olar. Şumer miflərinə görə, kişi tanrılarla qadın tanrılar evlənirdilər, onlardan oğullar və qızlar doğulurdu. Sonuncular da öz aralarında ailə qururdular və bununla tanrılar panteonu genişlənirdi. Şumerdə bəzi miflərə görə, 600-ə, başqa miflərə görə 3000-ə qədər tanrı, mələk və s. bəllidir. Bundan sonra xaosun, özbaşınalığın qarşısını almaq üçün idarəetmə işlərinə başlamaq zərurəti yaranır. Tanrılar arasında vəzifə bölgüsü aparılır. Hər bir tanrıya konkret bir sahəni idarə etmək tapşırılır. Məsələn, An göyü təmsil edir, baş tanrıdır, bütün tanrıların atasıdır, vəzifəsi də məhz atalıq, böyüklük eləməkdir. Bu günkü anlamda ailədə ata kimdirsə, Şumer tanrılar panteonunda An odur. An göydə oturur, yalnız çox mühüm işlər olanda onu yerə çağırırlar. Bütün işləri onun oğlu Enlil idarə edir. Andan sonra panteonun böyüyü odur. Lakin panteonun yarandığı ilkin dövrlərdə hər şey kollegial həll olunur, təkbaşına heç bir qərar verilmir. Ən ciddi və əhəmiyyətli məsələlərin həllində böyük tanrılar toplaşırlar, An başda olmaqla səsə qoyurlar. Bunu indiki anlamda demokratik idarəetmənin ilki, başlanğıcı saymaq olar. Şumer tanrılar pan¬teonu bütövlükdə insan cəmiyyətinin ilkin modeli olub.
Tanrılarla mələklər yerdə fəaliyyətə başlayırlar. Birinci növbədə, tanrılar üçün ev (məbəd) tikmək lazım gəlir. Absu/Xəzər dənizinin dərinliklərində Enkiyə ev tikirlər. Bunlar hələ məbəd deyil, evdir. Tərcümələrdə onları sonrakı dövrlərlə eyniləşdirib məbəd adlandırırlar. Şumer dilində “e” ev deməkdir. Tanrılar və mələklər dövründə hələ din və dini təsəvvürlər olmayıb. Din və dini təsəvvürlər insan yarandıqdan da çox-çox sonrakı dövrlərin məhsuludur. İbadət, sitayiş və s. mərasimlərin tarixi də çox qədimlərə gedib çıxmır. Ona görə terminləri işlədərkən dövrü mütləq nəzərə almaq lazımdır.
Şumer miflərindən belə bəlli olur ki, ilk dövrdə tanrılar bu günkü insanlar kimi yaşayırlarmış. Onlar ev-eşik təmizləyir, uşaq doğur, onları böyüdürlərmiş. Bu gün insanların evdə, ailədə gördükləri bütün işləri o zaman tanrılar özləri görürlərmiş. Bunun ardınca ağır işlər başlayır: yemək-içməklə və geyimlə təminat.
Bu zamandan başlayaraq heyvandarlıq və əkinçilik tanrıları Anşar və Laxarın üzərinə ağır yüklər qoyulur. İşlətmək üçün onlara mələklər verilir. Yer əkmək, səpmək, su çəkmək, kanallar qazmaq, suvarmaq, becərmək, biçmək, daşımaq (əkinçilikdə), otarmaq, doğuzdurmaq, artırmaq, körpələri bəsləmək, sağmaq, cürbəcür məhsullar hazırlamaq (heyvandarlıqda) və s. kimi ağır işlər həm mələkləri, həm də tanrıları bezdirir. Onlar bir növ bu işlərin öhdəsindən gələ bilmirlər.

* * *

Tanrılar və insanlar çoxaldıqca evlərin də sayı artırdı və kəndlər, qəsəbələr, şəhərlər yaranırdı. Hər kəndin, qəsəbənin, şəhərin öz tanrısı varıydı. Hətta hər kəndin, qəsəbənin, şəhərin əhalisi demək olar ki, bir tanrının övladlarının törəmələri sayılırdı. Bir çox nəsillər və tayfalar tanrı adları daşıyırdılar. Bu o demək idi ki, həmin tanrılar nəslin, tayfanın ulu babası, əcdadı olub. N.M.Nikolski də tanrıların çarlıqları himayə etdiklərini yazırdı. Həm də Şumerdə bütün insanlar çox böyük inamla nəsil və tayfaların ayrı-ayrı tanrıların törəmələri olduğunu düşünürdülər.
Şumer tanrılarının hərəsi bir planeti təmsil edirdi. Utu Günəşin, Nannar Ayın, İnanna Veneranın, Nerqal Marsın, Ninib/Ninurta Saturnun, Xıdır Yupiterin, Nəbi Merkurinin, Enki Yerin və s. eynidir.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru