• 25 Aprel 2024
logo
PROFESSOR ƏZİZ ŞƏRİF VƏ GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASI

PROFESSOR ƏZİZ ŞƏRİF VƏ GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASI

BayMedia tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacıların görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, tərcüməçi Əziz Şərif haqqında məqaləsini təqdim edir

(1918-1921)

1895-ci ildə Naxçıvanda dünyaya göz açmış və bu şəhərdə ibtidai təhsil almış görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, tərcüməçi Əziz Şərifin (Əbdüləziz Şərifov, Əziz Qurbanəli oğlu Şərifzadə) ömrünün gənclik dövrü, əsasən, Tiflislə bağlı olur. O, orta təhsilini 1915-ci ildə Tiflisdə başa vurub,həmin il Moskva Kommersiya İnstitutuna qəbul olur. 1917-ci ildə Ümumrusiya miqyasında baş verən taleyüklü siyasi-ictimai proseslər, kütləvi xalq hərəkatları Cənubi Qafqaza datəsirsiz ötüşmür vəƏziz Şərif tələbə ikən müsəlman sosial-demokrat “Hümmət” təşkilatının sıralarında aktiv siyasi-ictimaihəyata atılır. O, Naxçıvan şəhərinin fəhlə və əsgər deputatları şurasının icraiyyə komitəsinin sədr müavini və fəhlə deputatları şurasının sədrivəzifəsini tutur,Oktyabr çevrilişindən sonra – 1917-ci ilin 26-28 noyabr tarixlərində keçirilmiş Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə iştirak edir; onun adı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) “Hümmət” müsəlman təşkilatının Zaqafqaziya seçki dairəsi üzrə 12 nəfərlik namizəd siyahısında 5-ci sırada qərarlaşır.

1918-ci ilin yanvar ayında yenidənorta təhsil aldığı Tiflisə qayıdan Ə.Şərif burada“Hümmət”in Tiflis şöbəsinin ən fəal üzvlərindən biri olur.O, “Hümmət”in yayım orqanları olan “Gələcək” və “Probujdeniye” qəzetlərinə redaktorluq edir, həmçinin, Tiflisdə nəşr olunan digər qəzet-jurnallarla əməkdaşlıq edir. Tiflisə dönüşü barədə Ə. Şərif xatirələrində bunları qeyd edirdi:“Rusiya inqilabı dünyanı sarsıdırdı. Onun dalğaları məni də doğma yurdumdan ayırıb, Tiflisə atdı və uzun müddət Tiflisdə yaşayıb, tiflisli oldum”.

26 may 1918-ci ildə müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikasının ilk ali qanunverici orqanı olan Milli Şura qəbul etdiyi 13 sentyabr 1918-ci il tarixli qanunla öz tərkibində etnik azlıqların nümayəndələrinə saylarına uyğun kvotalar ayırır. Bu qanuna əsasən, Əziz Şərif görkəmli yazıçı və diplomatƏbdürrəhim bəy Haqverdiyev, müəllim Mirzə Hüseyn Həsənzadə və sol radikal sosialistlərin liderlərindən Əliheydər Qarayev ilə birlikdə Gürcüstan Müsəlmanlarının Milli Şurasının xətti ilə1918-ci ilin oktyabr ayında artıq rəsmən parlament adlandırılan Gürcüstan Milli Şurasındaölkə azərbaycanlılarını təmsil etmək hüququnu əldə edir.

Stenoqram yazılarından Ə.Şərifin parlament iclaslarında müəyyən məsələlərə dair müzakirələrdə fəal iştirak etdiyini görmək mümkündür.Parlamentin 15 oktyabr tarixli iclasında “Dövlət dili haqqında” Qanunun müzakirəsi zamanı sədr Ekvtime Takaişvilidən söz istəyən Ə.Şərif gürcü dilini sərbəst bilmədiyinə görə üzrxahlıqedərək həm özünün, həm də müsəlman yoldaşlarının çıxışları zamanı deputatların hamısının başa düşdüyü rus dilindən istifadə etməli olacaqlarını qeyd edir və müsəlman deputatların adından aşağıdakı bəyanatı səsləndirir:

“Biz, sizinlə eyni mühitibölüşən Gürcüstan müsəlmanlarının nümayəndələri ümid edirik ki, xalqımızın psixologiyasını və istəklərini bilməklə müsəlmanlara aid olan məsələlərdə sizin çətin işinizi asanlaşdıra bilərik. Hesab edirik ki, bizim xalqların dostluğu və qardaşlığı haqqında danışmaq ziyadədir, çünki onların bir-birinə münasibəti hamıya yaxşı bəllidir.

Yalnız xarici qüvvələrin deyil, həmçinin, öz aralarından çıxmış xalq düşmənlərinin zərbələrini üzərində hiss edən müsəlman demokratiyası indi dərindən nəfəs alacaq, azadlığın gözəlliyini və dinc əməyi hiss edəcək və onda, inanın, onu müstəqil Gürcüstandan aralaya biləcək elə bir güc olmayacaq (alqışlar). Bizə azadlıq bəxş edən böyük rus inqilabı ağır, az qala ölümcül böhran dövrünü yaşayır və onun nailiyyətlərinin – azadlıq və bərabərliyin saxlandığı, dostluğun, birliyin mövcud olduğu bir guşə varsa – bu, kiçik Gürcüstandır(alqışlar). Biz, Gürcüstan müsəlmanlarının nümayəndələri bu nailiyyətləri bütün mümkün qüvvələrimizlə möhkəmləndirəcəyik və istər xarici, istərsə də daxili düşmənlərdən qoruyacağıq.

Və bilin, bu gənc dövləti hansı sınaqların gözləməsindən və hansı təhlükələrin təhdid etməsindən asılı olmayaraq biz cəsarətlə, davamlı olaraq sizinlə çiyin-çiyinə addımlayacağıq və həm sevincinizi, həm də gələcəkdə mümkün kədərinizi qardaşcasına bölüşəcəyik (alqışlar). Gürcüstan parlamentinin üzvü olan vətəndaşlar, sizi salamlayaraq, sizin simanızda azadlıqsevər gürcü xalqına atəşin salamlar və səmimi arzularımı göndərirəm”.

Ə.Şərif bu çıxışına başlayarkən onun rus dilində olmasına etiraz əlaməti olaraq milli-demokratlar nümayişkaranə şəkildə zalı tərk etsələr də, azərbaycanlı-müsəlman deputatın nitqi İ.Tsereteli və digər sosial-demokratlar tərəfindən böyük məmnunluqla qarşılanır. Bu barədə məlumat dərc edən rusdilli “Qruziya” qəzeti istehza ilə yazırdı: ”Özlərinin rus dilində çıxışları ilə gürcü siyasi partiyaları arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olan müsəlman “hümmətçiləri” gürcü xalqının düşmənləri təbrik edə bilərlər... Cənab Şərifova “şərəf və şöhrət”!..”.

Parlamentin 19 fevral 1919-cu il tarixli iclasında Axalsıx (Ahısqa) qəzasında baş vermiş üsyan müzakirə obyekti olur. Deputatlardan P.Sağvarelidze,N.Xomeriki baş verən hadisələrdə yerli müsəlman əhalinin deyil, xarici qüvvələrin və bəylərin əli olduğunu söyləyərək, Axalsıx döyüşlərində gürcü ordusu ilə çiyin-çiyinə 250 yerli müsəlmanın son damla qanlarına qədər döyüşdüyünü, şəhəri də ən axırda elə onların tərk etdiyini deyirlər. Aparılan müzakirələrdə Ə.Şərif də söz alaraq adları çəkilən həmkarlarının sözlərini dəstəkləyir və baş verən hadisələrin günahını feodallarda görür: “Axalsıx hadisələrində günahı feodal ünsürlərdə görürük. Onlar həmişə bizim düşmənlərimiz olubdurlar. Ölkəni təhlükədən qorumaq üçün onlara qarşı şiddətli mübarizə aparmaq zəruridir”.

Pedaqoq-alim G.Qocayeva-Məmmədovanın Gürcüstan Demokratik Respublikasında yerli Azərbaycan türklərinin təhsil tarixinə dairaraşdırmalarından Ə.Şərifin deputatlığa paralel olaraq Borçalı qəzasının məktəb şöbəsinin müdiri vəzifəsini tutub, qəzada maarif işinin inkişafına rəhbərlik etdiyi bəlli olur:“1919-cu il yanvarın 31-də Borçalı qəza məktəb şöbəsinin müdiri və idarə üzvü Ə.Şərifovun imzasıyla Xalq Maarifi Nazirliyinə belə məzmunda təliqə yazılmışdı: “Borçalı qəzasında məktəb işi öz inkişafının birinci pilləsindədir və buna görə Xalq Maarifi Nazirliyinin ona xüsusi diqqət yetirməyini tələb edir. Ələlxüsus, bu baxımdan müsəlman və erməni kəndləri geri qalırlar, belə ki, həmin kəndlərin sayı ilə müqayisədə məktəblərin sayı olduqca az faizi təşkil edir, məsələn, Zalqada 5 müsəlman kəndində yalnız bir məktəb var, erməni kəndlərində vəziyyət heç də bundan yaxşı deyildir”... Yerli idarə məclisi bu durumu, əhalinin maariflənməsi ehtiyaclarını nəzərə alaraq, Maarif Nazirliyindən qəzada yeni məktəblər açılması üçün zəruri kredit buraxmağını xahiş etmişdi. Nazirlik xahişi yerinə yetirmiş və qəzada 6 yeni Azərbaycan məktəbi də təşkil olunmuşdu”.

1919-cu ilin 14-17 fevral tarixlərində bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində Gürcüstan Milli Şurasının transformasiyası əsasında yaranmış parlament fəaliyyətini dayandırır və ali qanunvericilik səlahiyyətini Gürcüstan Müəssislər Məclisinə ötürür.

Arxiv sənədlərindən və o dövrün mətbuat xəbərlərindən aydın olur ki, Müəssislər Məclisinə seçkilər zamanı Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının 14 yanvar 1919-cu il tarixində təsdiq olunmuş ilkin siyahısına 3 türk-müsəlmanın ‒ 39-cu sırada Hüseynqulu (Söyünqulu) Məmməd oğlu Məmmədovun, 65-ci sırada Əbdüləziz Qurbanəli oğlu Şərifovun və 119-cu sırada Əhməd Əli oğlu Məmmədovun adları salınmışdısa, sonradan müəyyən korrektələr edilir və siyahıda yalnız əslən Qaraçöp mahalının Yor-Muğanlı kəndindən olan Hüseynqulu Məmmədovunadı saxlanılır.

Əziz Şərif 1919-cu ilin iyun ayında Borçalı qəzasının “eroba” adlananyerli özünüidarəetmə orqanlarına seçkilərə qatılaraq Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının və “Hümmət”in vahid siyahısı üzrə Borçalı dairəsindən qəza qlasnısı (deputatı) seçilir.

20-22 iyul 1919-cu iltarixlərində Katerinenfeld (Yekaterinenfeld – indiki Bolnis şəhəri) koloniyasında Borçalı qəza yerli özünüidarəetmə məclisininilk iclası keçirilir. 24 qlasnının,daxili işlər naziri P.Çiçinadzenin və Müəssislər Məclisinin üzvü E.Sirbiladzenin iştirak etdiyi toplantıdaəvvəlcə qlasnıların təntənəli surətdə aşağıdakı məzmunda andiçmə mərasimi keçirilir:“Mən, Borçalı qəzasının erobasının qlasnısı Gürcüstan Demokratik Respublikasının xalqı və hökuməti qarşısında öz müqəddəs vəzifəmi icra etməyə başlayaraq, ədalətlə milliyətindən asılı olmayaraq əhalinin və Respublikanın maraqlarına xidmət edərək bütün işlərimdə zəhmətkeş xalqın və öz vicdanımın səsini dinləməyə təntənəli şəkildə söz verirəm”.

Toplantıda salamlama nitqi ilə daxili işlər naziri çıxış etdikdən sonra sayları 5 nəfər üzvdən ibarət yerliözünüidarəetmə idarəsi (“zemstvo uprava”sı) formalaşdırılır; üzvlərdən ikisi ‒ P.M. Kavkasidze və R.A. Ramişvili kənardan dəvət olunurlar, üçü isə ‒ Ə.Q. Şərifov (Moskva Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi), N.S. Papandopulo (milliyətcə yunan, orta təhsilli xalq müəllimi) və E.İ. Kromer (milliyətcə alman, orta təhsilli) qlasnılar arasından seçilirlər. P.M. Kavkasidze idarənin sədri seçilir. İclasda idarənin sədrinə 2500 rubl, üzvlərinə isə 2250 rubl aylıq məvacib təyin olunur, həmçinin, idarə nəzdində 12 şöbə ‒ inzibati, məhkəmə, aqronom, aqrar, maliyyə, statistika, mühasibatlıq, tibbi-sanitar, veterinar, xalq maarifi, ərzaq və texniki şöbələr təsis edilir. Əziz Şərifə xalq maarifi, tibbi-sanitar və veterinar şöbələr həvalə olunur. “Qafqaz şəhəri” jurnalının 1919-cu il 1 noyabr tarixli sayına istinadən təqdim etdiyimiz bu məlumatda Ə.Şərifin 1915-ci ildə qəbul olunduğu Moskva Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi olması barədə qeyd diqqəti çəkir. Bu qeyddən aşkar olur ki, Ə.Şərif Gürcüstanda yaşayaraq ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla bərabər ali təhsilini də qiyabi və kəsintisiz şəkildə davam etdirə bilirdi.

Borçalı qəza idarəetmə məclisininilk toplantısının iştirakçılarının ‒ məclisin sədri Al.K. Korintelinin, yerli özünüidarəetmə idarəsinin sədri P.M.Kavkasidzenin və üzvləri Ə.Q. Şərifovun, E.İ.Kromerin, N.S. Papandopulonun, R.A. Ramişvilinin, eləcə də toplantıya qatılan qəza qlasnılarının birgə fotoşəkli gürcü dilində nəşr olunan “Teatr və həyat” dərgisinin 1919-cu il 12-ci sayında dərc olunaraq tarixin yaddaşına həkk olunmuşdur.

“Qafqaz şəhəri”nin Borçalı üzrə bölgə müxbiri İ.Arselovun Katerinenfelddən verdiyi məlumatdan Ə.Şərifin Borçalı qəza idarəetmə idarəsinin təhsil, səhiyyə, baytarlıq sahələrinə məsul əməkdaşı kimi fəaliyyətininməhsuldar olduğu aydınlaşır. İnzibati binasının olmaması səbəbindən idarənin faktiki olaraq avqust ayının ikinci yarısında fəaliyyətə başladığı, ancaq buna rəğmən qısa müddət ərzində çox iş gördüyü vurğulanan məlumatda, xüsusən də inzibati aparatın bütövlükdə yeniləndiyi, qəzaya həkimlər, feldşerlər, tibb bacıları və müəllimlərin dəvət edildiyi, bir neçə həkim, veterinar və feldşer məntəqəsinin açıldığıqeyd olunurdu.

16 dekabr 1919-cu ildə Borçalı qəzasının Katerinenfeld alman koloniyasında Gürcüstan “Hümmət” Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) ilk qurultayı keçirilir.Qurultayda Əziz Şərif partiyanın mərkəzi komitəsinin sədri, bolus-kəpənəkçili Molla İsaMolla Nəsib oğlu ‒ sədr müavini, arıxlılı Ziyəddin Əfəndiyev (ədəbiyyatşünas, publisist, yazıçı və şair Ziya Borçalı)‒ katibi, Məşədi Bala Aslan oğlu, Axlımahmudlu kəndindən MəmmədHacıoğlu, Saraçlıdan Qurban Həsən oğlu (Aşıq Hüseyn Saraçlının atası) və İ. Aslan oğluisə üzvləri seçilirlər.

Qeyd edək ki, Gürcüstan “Hümmət” Partiyasının mərkəzi komitəsində təmsil olunanlardan M.Hacı oğlu ilə M. B. Aslan oğlu Ə.Şəriflə birlikdə Borçalı dairəsindən, M. İ. Nəsib oğlu və Q. Həsən oğlu isə Katerinenfeld dairəsindən Borçalı qəza qlasnısı seçilmişdilər.Z. Əfəndiyevin adı isə Tiflis şəhər şurasına2 fevral 1919-cu ildə keçirilmiş seçkilər zamanı Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının seçki siyahısında 90-cı sıradaəks olunmuşdu.

Gürcüstan hümmətçi-menşeviklərinin ilk qurultayında partiyanın yeni seçilmiş mərkəzi komitəsinə Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının mərkəzi komitəsi ilə sıx əməkdaşlıq əlaqələri qurmaq həvalə olunur vənövbəti qurultayın 1920-ci ilin yaz fəslinin sonunda çağırılması qərarlaşdırılır.

Azərbaycan sovet işğalına məruz qalandan bir neçə gün sonra, 1920-ci ilin may ayının 14-də Əziz Şərifin sədrliyi ilə Katerinenfelddə solçu yönümlü Borçalı müsəlmanlarının növbəti qurultayı keçirilir. Qurultay iştirakçıları Ə.Şərifin imzası ilə Gürcüstan Respublikası hökumətinin sədrinə belə bir depeşa göndərir: “Borçalı müsəlmanlarının qurultayı sizi – hüquq-bərabərlik bayrağını yüksəkdə tutan, respublikanın müstəqilliyini qapıda dayanmış düşməndən (bolşeviklərdən – F.V.-H.) qorunmasını əhd etmiş gürcü demokratiyasının rəhbərini salamlayır. Yaşasın Gürcüstan Respublikası”.

Qurultay tərəfindən Gürcüstan Müəssislər Məclisinin sədrinə də aşağıdakı məzmunda teleqram ünvanlanır:“Borçalı müsəlmanlarının qurultayı xalqın iradəsinin ifadəçisi olan Müəssislər Məclisini salamlayır və ümid edir ki, Gürcüstanın birləşmiş demokratiyası respublikanın bütün düşmənlərinə cavab verəcək”.

“Hümmət”in GürcüstanşöbəsininAzərbaycan türkcəsində həftəlik yayım orqanı “Yeni dünya” siyasi, ictimai, iqtisadi, xalq qəzetinin 30 noyabr 1920-ci il tarixli 24-cü sayında dərc olunmuş məlumatdan Ə. Şərifin həmin ilin 26 noyabrında Gürcüstan hökumətinin sədri N.Jordaniya ilə görüşərək türk-müsəlman əhalinin təhsil, mədəniyyət, mətbuat və digər sahələrdə üzləşdiyi problemləri müzakirə etdiyi bəlli olur: “Bu cümə günü Gürcüstanda Hümmət firqəsinin sədri yoldaş Əziz Şərif Gürcüstan hökumətinin sədri Noe Jordanianın hüzurunda bulunub ona Gürcüstan müsəlmanlarının haqqında bir məruzə təqdim etmişdir. Bu məruzədə Ə.Şərif Gürcüstan türklərinin mədəniyyət və maarif işlərinə kömək istəyir. Bu kömək gərək ibarət olsun: 1) Türk müəllimləri hazırlaşdırmaqdan və hər haradan olsa əlli nəfər ali mədrəsələr qurtarmışların çağırılmağından, 2) Tiflisdə Türk teatrosundan və qeyri-maarif cəmiyyətlərindən ötəri Voronsov küçəsində bir böyük ev tikilməsindən ki, bu evdə həm teatro olsun, həm də xalq darülfünü, qiraətxana, kitabxana və qeyri, 3) Türk dilində qəzet və kitabçalar çap olunmasına kömək etməkdən...”.

Məlumdur ki, Gürcüstan Demokratik Respublikası1921-ci ilin fevral ayında süquta uğrayandan sonra Əziz Şərif vaxtilə Gürcüstan Milli Şurasında eyni kürsünü bölüşdüyü Əliheydər Qarayevin göstərişi ilə Gürcüstan Sosial-Demokrat Partiyası (menşeviklər) Mərkəzi Komitəsinin üzvü kimi həbs edilərək Bakıya gətirilmiş, lakin çox keçmədən N.Nərimanovun birbaşa müdaxiləsi ilə azadlığa buraxılmışdır. 1922-ci ilin yanvar ayında Naxçıvan Sovet Sosialist Respublikasının Gürcüstanda nümayəndəsi təyin edilmiş, 1925-1935-ci illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi vəzifəsini tutmuşdur. XX əsrin 20-30-cu illərdə Tiflisdə müxtəlif dövlət vəzifələri icra etməklə yanaşı, mətbuat və nəşriyyat sahəsində də çalışmışdır.1943-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmiş, 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuş, 1956-cı ildə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.1963-cü ildə Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. 1961-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.O, 1988-ci ildə Moskvada vəfat etmiş, Naxçıvanda dəfn olunmuşdur.

Tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərənƏ. Şərif ilk gənclik illərində Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının redaksiyasında işləmiş, həmin dövrdə görkəmli Azərbaycan şair və yazarlarından M.Ə.Sabir, Ə.Haqverdiyev, H.Cavid və Ə.Qəmküsarla yaxın dostluq əlaqələrində olmuş,ədəbi fəaliyyətə də "Molla Nəsrəddin"də dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Ə.Şərifin Ə.Haqverdiyevlə dostluq əlaqələri onlarınGürcüstan Milli Şurasında – parlamentində həmkar olduqları zamandan etibarən daha da dərinləşir. Bu barədə o, xatirələrində yazırdı:

“...Tiflisdə müsəlman milli şurası həmin il (1918-ci il – F.V.-H.) 29 sentyabrda öz tərəfindən Gürcüstan parlamentinə dörd nəfər nümayəndə seçmişdi: Əbdürrəhim bəy Haqverdiyev, Əliheydər Qarayev, müəllim Mirzə Hüseyn Həsənzadə və mən. Bu vaxtdan etibarən ta Haqverdiyev Bakıya gedən günə qədər biz hər gün, ya günaşırı görüşür, danışır, dərdləşirdik. Nəticədə biz daha da yaxınlaşdıq... Mənim arxivimdə Tiflisdə K.Y.Zubalov adına xalq evi nəzdində türk dram cəmiyyətinin 1919-cu il üçün üzvlük bileti vardır. Mənim adıma yazılmış bu bileti türk dram cəmiyyəti idarə heyətinin sədri Ə.Haqverdiyev imzalamışdır”.

Daha sonra Ə.Şərif yazırdı:“Gündəliyimdə bu qarışıq və mürəkkəb dövr haqqında maraqlı qeydlər yox deyildir, lakin bu yazıdakı mövzuya dəxli olmadığı üçün onların üzərində dayanmaq istəmirəm”.

Əziz Şərif, yuxarıda təqdim etdiyimiz məlumatlardan da göründüyü kimi, varlığını cəmi 33 ay sürdürə bilmiş Gürcüstan Demokratik Respublikasının ictimai-siyasi həyatında istər Gürcüstan parlamentinin üzvü və Borçalı qəzasının deputatı, istərsə də Gürcüstan “Hümmət” Sosial-Demokrat Partiyasının mərkəzi komitəsinin sədri kimi kifayət qədər aktiv rol oynasa da, çap olunmuş xatirələrində çox güman ki, sovet siyasi-ideoloji konyunkturuna uyğun olaraq həmin tarixi dövrdəki fəaliyyəti və əlaqələri barədə heç nə açıqlamırdı.