• 3 İyun 2023
logo
CHP-nin “biçdikləri”...

CHP-nin “biçdikləri”...

Azərbaycan xalqının mütləq əksəriyyətinin Türkiyə Prezidenti, Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğana olan münasibəti, məntiqi izahı olmayan səbəblərdən Cümhuriyyət Xalq Partiyasının (CHP - Cumhuriyet Halk Partisi) sədri, prezidentliyə digər namizəd Kemal Kılıcdaroğlunun tərəfdarlarının, yaxud zorən tərəfdarının aşırı aqressiyası ilə müşayiət olunur.
Bir çox hallarda hörmətli Kemal bəyin yan-yörəsində olanlar, Millət İttifaqının namizədinin mediadakı, sosial şəbəkələrdəki təbliğatçıları bütün sərhədləri aşaraq, Azərbaycan xalqını və dövlətini hədəfə almaqdan belə çəkinmirlər. Sanki Kemal Kılıncdaroğunun, partiyasının və müttəfiqlərinin seçkilərin birinci turundakı məğlubiyyətinin səbəbkarı Azərbaycan və azərbaycanlılardır. Adamlara dəfələrlə izah etməyə çalışırsan ki, Azərbaycan vətəndaşlarının Türkiyədə keçirilən seçkilərdə səs vermək hüququ yoxdur. Amma azərbaycanlıların kimi sevəcəyinə, kimə hörmət bəsləyəcəyinə də Kemal Kılıncdaroğu başda olmaqla CHP-çilər və Millət İttifaqına üzv olan digər partiyaların təmsilçiləri qərar verə bilməzlər.
Millət İttifaqının namizədinin dəstəkçilərinin aşırı əndişəsindən, bəzən bütün “qırmızı xətt”ləri keçən yanaşmalarından belə anlaşılır ki, onlar seçkilərin ikinci turunda böyük səs fərqilə məğluybiyyətə uğrayacaqlarını hiss edirlər və məğlubiyyətlərini əsaslandırmaq, yaxud özlərinə haqq qazandırnaq üçün müxtəlif, hətta ən fantastik bəhanələrə əl atırlar. Maraqlıdır, görəsən hansı səbəblərdən eyni yanaşma CHP sədrinin namizədliyini açıq-aşkar müdafiə edən, bütün informasiya resurslarının “qapılarını” HDP ilə qolboyun olan “Millət İttifaqı”nın üzünə açan Qərb siyasətçilərinə, yaxud Birləşmiş Ştatların, Kanadanın, Avropa İttifaqına üzv olan bir sıra ölkələrin rəhbətlərinə və vətəndaşlarına münasibətdə sərgilənmir? Belə anlaşılır ki, Qərbin ayrı-ayrı siyasi liderlərinin, vətəndaşlarının Kemal Kılıncdaroğlunun namizədliyini ingiliscə, fransızca... dəstəkləmələri, yumşaq desəm, ədalətlidir, Azərbaycan xalqının Rəcəb Tayyib Ərdoğanı, sadəcə növbəti dəfə Türkiyə Prezidenti kimi görmək istəməsi və ona bəslədiyi hörməti, etimadı öz türkcəsində dilə gətirməsi isə yox. Və hətta bunu Türkiyənin ictimai rəyinə müdaxilə kimi dəyərləndirə bilənlər də var ...
Hörmətli CHP-çilər, siz insanların arzusuna, istəyinə, sevgisinə yasaq qoymaq istədiyiniz halda, hansı demokratiyadan, hansı insan haqlarından danışırsınız? Əgər Rəcəb Tayyib Ərdoğanı Azərbaycanda sevirlərsə, ona etimad bəsləyirlərsə, deməli o, bunu öz əməli fəaliyyəti, ədalətli mövqeyi, qardaş münasibəti ilə qazanıb.
Sizin, hörmətli CHP-çilər qazancınız da ortalıqdadır. Təkcə Azərbaycanda deyil, bütün oğuz xalqlarında məşhur olan bir el məsəli var: “Nə əkərsən, onu da biçərsən”. Sevgi “əkən” sevgi “biçər”... Gerisini gətirmirəm.
Əgər CHP-çilər Azərbaycan xalqından özlərinə və irəli sürdükləri namizədə fərqli bir yanaşma gözləyiblərsə, deməli seçkilərdə olduğu kimi, bu məsələdə də hesablarını düzgün götürməyiblər.
CHP sədrinin Azərbaycana olan münasibəti ortaqlıdadır. Adam hakimiyyətin kandarına ayaq basmamış “Türkiyəni Türk Dünyasıyla birləşdirmə layihəsi” adlandırdığı plagiat xəritəsində Azərbaycandan yan keçən bir “türk yolu” nümayiş etdirir və bunu “həyatının layihəsi” adlandırır. Kemal bəyin məntiqindən belə anlaşılır ki, onun həyatının ən böyük arzusu Azərbaycanı Türkiyədən və Türk Dünyasından ayrı salmaq olub. O zaman CHP sədrinin eyni niyyət üçün alışıb-yanan erməni millətçilərindən və digər türk düşmənlərindən nə fərqi var?
Maraqlıdır, görəsən bütün bunların və Azərbaycana qarşı nümayiş etdirilən ədalətsiz, bəlkə də düşmən yanaşmalarının qarşılığında CHP-çilər Azərbaycandan hansı münasibəti gözləyirdilər?
Biz İstanbul küçələrində “hamımız erməniyik” deyib azərbaycanlılara həqarət yağdıranları, Azərbaycan torpaqlarının işğalını, Xocalı soyqırımını, viran qoyulan yurd yerlərimizi, donuz tövləsinə çevrilən məscidlərimizi, dağıdılan ziyarətgahlarımızı, öz evindən didərgin düşən yüzminlərlə soydaşımızın ağrı-acısını, faciəsini gərməzdən gələnlərin soyuq münasibətini unutmamışıq.
Biz Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq təsisatlarda Azərbaycanla bağlı məsələlərin müzakirəsində iştirak etməyən, bitərəf qalan, hətta Azərbaycanın əleyhinə səs verən, işğalçı, qaniçən Ermənistanla, erməni diasporu və lobbisi ilə eyni mövqe sərgiləyən CHP-çi deputatların, o cümlədən İlhan Kesici, Ayşe Gülsün Bilgehan və digərlərinin əməllərini də yaddan çıxarmamışıq.
Həmin dövrdə Azərbaycana qarşı xüsusi aqressiyası ilə seçilən, Türkiyənin ölkəmizdəki sabiq sədri, bir müddət CHP sədrinin müavini vəzifəsini icra edən Əhməd Ünal Çeviköz də Avropa Şurası Parlament Assambleyasinda Türkiyə nümayəndə heyətinin üzvü idi. Amma sonradan bəlli oldu ki, partiyadaşlarını Azərbaycan əleyhinə səs verməyə təşviq etsə də özü səsverməyə qatılmayıb...
Çeviköz hazırda Kemal Kılıncdaroğlunun xarici əlaqələr üzrə baş müşaviridir. Və CHP sədrinin baş müşaviri Azərbaycan xalqının işğalçılara qarşı ölüm-qalım savaşına qalxdığı bir zaman kəsiyində, üzərimizə dörd bir yandan yalan və böhtanın yağmur kimi yağdırıldığı bir vaxtda Emənistan və onu himayə edən Fransa kimi ölkələrlə eyni mövqe sərgiləyərək Azərbaycanın tərəfində “suriyalıların vuruşduğunu” iddia edirdi... Və biz bütün bunları və sadalayıb ürək bulandırmaq istəmədiyim digər xəyanətləri unutmamışıq!
Azərbaycan xalqı heç nəyi unutmur – yaxşılığı da, pisliyi də!
Və unutmayacaq da!

Elçin Mirzəbəyli