• 20 Sentyabr 2026
logo
Türkiyə bu ağır sınaqdan şərəflə çıxacaq

Türkiyə bu ağır sınaqdan şərəflə çıxacaq

Azərbaycan-Türkiyə qardaşlığı bu çətin günlərdə Türk xalqının ən etibarlı dayağı olacaq

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ bütün Azərbaycanı sarsıtdı. Ölkəmiz türk bacı və qardaşlarımızın üzləşdiyi fəlakəti özünün faciəsi kimi qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə etmişdir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk.
“Xalq Cəbhəsi” yazır ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
O bildirib ki, faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən, yaralananlara şəfa diləyən dövlətimizin başçısı dərhal zəlzələdən zərər çəkmiş insanlara müvafiq yardım göstərilməsi, xilasetmə işlərinin həyata keçirilməsi, həmçinin təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır və öz dəstəyini və həmrəyliyini həmişə olduğundan daha qabarıq şəkildə nümayiş etdirir.
K.Qafarov qeyd edib ki, Azərbaycandan Türkiyəyə dəstək təkcə dövlət tərəfindən deyil, eyni zamanda həm də özəl sektordan, ictimai təşkilatlardan və sadə vətəndaşlar tərəfindən göstərilməkdədir:
“Azərbaycandan qardaş Türkiyəyə göndərilən yardımların ən böyük hissəsi dövlətimiz tərəfindən təmin olunur. Zəlzələ baş verdikdən sonra keçən bir neçə gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb. Özəl sektor da qardaş Türkiyəyə maddi və texniki yardım göstərməkdədir. Ümumxalq dəstəyinin ən yüksək səviyyədə olduğunu xüsusi qeyd etmək lazımdır. Bu gün Türkiyə mətbuatında da Azərbaycan xalqının zəlzələdən zərər çəkmiş türk bacı və qardaşlarımıza yardım etmək üçün səfərbər olduğu vurğulanıb. Həqiqətən də son günlərdə istər paytaxt Bakıda, istərsə də ölkənin bütün rayon və bölgələrində sadə vətəndaşların yardım toplama məntəqələrinə axını əsil izdiham yaradır.”
K.Qafarov Türkiyəyə yardım kampaniyasında Heydər Əliyev Fondunun önəmli rolunu vurğulayaraq deyib:
“Qardaş Türkiyəyə yardım olunmasında Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələdən ziyan çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən dərhal 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bundan başqa, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyası getdikcə genişlənir. Bir məqamı da qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə Türkiyə dövlətinin operativ və çevik addımları insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olduğunu bir daha təsdiq etdi. Türkiyə bu ağır sınaqdan şərəflə çıxaraq öz gücünü bir daha bütün dünyaya göstərəcək. Azərbaycan-Türkiyə qardaşlığı isə bu çətin günlərdə Türk xalqının ən etibarlı dayağı, dəstəyi olacaq.”
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev isə deyib ki, Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə olan dağıdıcı zəlzələlər türk xalqı ilə yanaşı soydaşlarımızı da dərin kədərə bürüdü: «Bildiyimiz kimi heç bir ölkə zəlzələlərdən, təbii fəlakətlərdən sığortalanmayıb. Əminliklə deyə bilərik ki, bir dövlətin dostu və ya düşməni məhz belə ağır zamanlarda üzə çıxır. Türkiyənin 10 vilayətini əhatə edən və böyük dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan bu zəlzələ qüdrətli Türkiyə dövlətini sarsıtsa da inanırıq ki, qardaşlarımız tarixin bu ağır sınağını da geridə qoyacaqdır. Faciə baş verdiyi andan etibarən Türkiyə dövlətinin nümayiş etdirdiyi çevik müdaxilə bizi bunu deməyə əsas verir. Dövlət başçısı səviyyəsində qardaş ölkənin öz vətəndaşına verdiyi dəyər Türkiyə dövlətinin nə qədər güclü olduğunu və bu çətin günlərdən şərəflə çıxacağını göstərir”.
Baş verən faciəni öz dərdi, öz ağrısı bilib qardaş əlini uzadan ilk dövlətin Azərbaycan olması böyük məna kəsb edirdi. Türkiyənin sevincini sevinci, kədərini isə kədəri bilən Azərbaycan dövlətinin və xalqının mövqeyi əsl qardaşlıq nümunəsi oldu. Azərbaycanla Türkiyə arasında mövcud olan bu birliyin, bu bərabərliyin ən yüksək səviyyəyə çatmasında əsas amillərdən biri hər iki xalqın ortaq dəyərlərlərlə bir-birinə bağlı olmasıdır. Azərbaycan –Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafında heç şübhəsiz ki, hər iki dövlət başçısının dostluq və qardaşlığa əsaslanan münasibəti böyük rol oynayır. Faciənin baş verdiyi andan etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğona zəng etməsi, dərin hüznlə baş sağlığı verməsi və başda xilasedicilərimiz olmaqla Türkiyəyə böyük heyətin göndərilməsi böyük əhəmiyyət kəsb edirdi. Azərbaycanın dövlət başçısı səviyyəsində nümayiş etdirdiyi mövqe bir daha Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya nümayiş etdirdi: “Qardaşları üçün səfərbər olan Azərbaycan xalqının humanitar yardım çağırışlarına qarşı həmrəylik göstərməsi əsl qardaşlıq, sevgi və mərhəmətin nümunəsi idi. Qürurverici haldır ki, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə vəsait və ianələr şəklində dəstək göstərilir. “Bir millət, iki dövlət” prinsipinin yalnız sözdə deyil əməldə ortaya qoyulması xalqımızın nə qədər uca və qədirbilən xalq olduğunun bariz sübutudur.
Azərbaycan-Türkiyə qardaşlığının gücünü və bu qardaşlığın sarsılmaz və əzəmətli olduğu bütün dünyaya nümayiş etdirildi. Qədribilən Azərbaycan xalqı 2020-ci ildə baş verən Vətən müharibəsində əldə edilən zəfərin qazanılmasında müharibənin ilk anlarından etibarən qardaş Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyini heç bir zaman unutmayacaqdır. Faktiki olaraq hazırda Türkiyənin 10 vilayətində mövcud vəziyyət, yaralıların dağıntılar arasından xilas edilməsi müharibə vəziyyətini xatırladır. Qardaş ölkənin bu ağır savaşda qalib gəlməsi üçün dəstək növbəsi artıq bizdədir. Azərbaycan xalqı II Qarabağ müharibəsində olduğu kimi bir yumruq ətrafında birləşərək qardaşlarımızın dərdinə şərik çıxır və kədərlərini azaltmaq istiqamətində əlindən gələni əsirgəmir”.

Cavid