• 4 Fevral 2023
logo
“Qərb Türkiyəni təxribata çəkməyə cəhd edir”

“Qərb Türkiyəni təxribata çəkməyə cəhd edir”

“Müsəlmanlar hər zaman başqa dinlərin kitablarına hörmətlə yanaşır”

İfrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına İsveçə qarşı sərt reaksiyalar davam edərkən, buna bənzər skandal bir hadisədə Hollandiyanın Haaqa şəhərində yaşanıb.
Xatırladaq ki, yanvarın 21-də Danimarkanın sağçı ekstremist "Hard Course" partiyasının lideri Rasmus Paluda Türkiyənin Stokholmdakı səfirliyinin divarları qarşısında anti-islam təxribatı həyata keçirib. Paluda müsəlmanlar üçün müqəddəs kitab olan Quranı açıq şəkildə yandırıb.
Aksiya İsveç hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb, sağçı ekstremistin təhlükəsizliyi isə yerli polis tərəfindən təmin edilib.
Stokholm təhlükəsizlik departamenti şənbə günü heç kimlə görüşə icazə verilməyən danimarkalı radikalın İslam əleyhinə hiyləsinə icazə verdiyini dünən elan edib.
İsveçli jurnalist Çank Frik daha əvvəl Türkiyə diplomatik missiyasının divarları yaxınlığında anti-İslam aksiyası keçirmək üçün bütün maliyyə xərclərini ödəyəcəyini bildirərək, onun hərəkətlərini “hadisələri işıqlandırmaq hüququ” adlandırıb.
Hollandiyadakı “Pegida” platformasının lideri Edvin Vaqensveld isə əvvəlcə Qurani-Kərimi media nümayəndələri qarşısında cırıb, sonra isə yandırıb.
Belə ki, o, dünən müvəqqəti Nümayəndələr Palatasının qarşısında əlində Quran nümayiş etdirib. Edwin Vaqensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb. Görüntülərdə o, İslam dininin müqəddəs kitabının vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.
Məlumatlara görə, daha əvvəl iki dəfə eyni əməli törətdikdən sonra saxlanılan Edvin Vaqensveldə bu dəfə müdaxilə edilməyib.
Qeyd edək ki, Quranın hər iki ölkədə yandırılması dünya müsəlmanlarının haqlı narazılığına və hiddətinə səbəb olub. ABŞ-nin Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, qurum bu məsələyə Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından yanaşıb.
“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb”, - Prays vurğulayıb. Hərçənd, məlum aksiyanın təşkilinə icazə verən məhz İsveç hökuməti olub.
Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə deyib ki, İsveçdə planlaşdırılan Quranın yandırılması ilə bağlı hərəkətlər vəhşilikdir, Ankara bu cür hərəkətləri pisləyir. "Stokholmdakı müqəddəs Quranın yandırılması nifrət və insanlığa qarşı bir cinayətdir. Bu aktı sərt şəkildə lənətləyirik", - deyə Kalın Twitter-də yazıb. O qeyd edib ki, hakimiyyət nifrət əsasında cinayətlərə və müsəlmanlara mənfi münasibət göstərən "bütün xəbərdarlıqlarımız" olmasına baxmayaraq, hərəkətə icazə verilib.
Ötən il çoxsaylı anti-İslam videoları ilə tanınan "Sərt kurs" lideri Paludanın İsveçdə bir neçə aksiya təşkil edib.
Quranı açıq şəkildə yandırıb və Məhəmməd Peyğəmbərin görüntülərini yayıb ki, bu da müsəlman adətləri ilə qadağandır.
Ərəb-müsəlman dünyasının bir sıra dövlətləri İsveçdə Quranın yandırılması aktına görə sağ ekstremistləri kəskin tənqid ediblər.
Sözügedən aksiyalar Türkiyə, Bəhreyn, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və digər dövlətlər tərəfindən qınanıb.
Hadisə ilə bağlı “Xalq Cəbhəsinə” münasibət bildirən ilahiyyatçı-yazar Tural İrfan deyib ki, İsveçdə Quranın yandırılması təxribatdır. Ona görə də öncə buna xristian din xadimləri etiraz etməlidirlər: “Quranın təhqir məqsədi ilə yandırılması böyük günahlardandır və bunu edən şəxs qanunla cəzalanmalıdır. Müsəlmanlar hər zaman başqa dinlərin kitablarına hörmətlə yanaşır. Hətta Quranda Tövrat, İncil və Zəbur kitabları da müqəddəs hesab olunur. Müsəlmanlar əsla bu kitabları təhqir etmirlər. Lakin gərək xristianlar da Qurana qarşı belə ehtiram göstərsinlər”.
T.İrfan qeyd edib ki, əvvəllər Avropada Peyğəmbərin karikaturasını çəkdilər, dəfələrlə Quranı yandırdılar. Belə əməllərlə müsəlmanları təxribata çəkirlər. Bu yolverilməzdir. Qərb ali dəyərlərdən danışır, tolerantlıq dərsi keçir, ancaq özü belə məsələlərlə təxribata yol açır: “Hesab edirəm ki, dünya müsəlmanlarının heysiyyatına toxunan bu məsələ kökündən həll olunmalı, əməli törədənlər ciddi cəzalanmalıdırlar. Əvvəllər Danimarkada da oxşar hal baş vermişdi. Burada hesab edirəm ki, şəxslər önəmli deyil, əsas o göstərişi verən mənbədir. İsveç əhalisi ateizmə daha meyllidir və ola bilsin düşünüb ki, onun dəstəkçiləri daha çox çox ola bilər. Amma düşünmürəm ki, bu təhqir sırf o şəxsin şəxsən özünün təşəbbüsüdür. Əgər araşdırılsa görülər ki, onun arxasında dünyada müsəlman - xristian qarşıdurması yaratmaq istəyən güclər var. Hazırda baş verən bu hadisə əsasən qardaş Türkiyə əleyhinə təxribat xarakteri daşıyır. Çünki Türkiyə artıq hesablaşılan bir gücə çevrilib və dünyada İslamın, müsəlman aləminin təmsilçisi rolunda qəbul olunub. Quranı təhqir etməklə Qərb dairələri Türkiyəni təxribata çəkməyə cəhd edirlər. Odur ki, başda İslam dövlətləri olmaqla bütün müsəlman ölkələri bu məsələ ilə bağlı etiraz səsini ucaltmalıdır. Müsəlman dövlətləri ilə yanaşı xristian din böyükləri də bu təxribatın qarşısının alınması üçün addımlar atmalıdır. Əks halda dünyada xristian - müsəlman qarşıdurması yarana bilər. İslamafobiya adı altında Avropa özü gizli səlib yürüşlərinə start verməyə hazırlaşır. Müsəlman aləmi Türkiyə başçılığı altında buna rəvac verməmək üçün vaxtında hərəkətə keçməlidir”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, İsveçin paytaxtı Stokholmda müqəddəs Kitabımız "Qurani-Kərim"in Türkiyə səfirliyinin önündə yandırılması bütövllükdə Avropa (Qərb) sivilizasiyasının mənəvi deqradasiyasının göstəricisidir. Bu, sadəcə islamofobiya, türkofobiya deyil.
Partiya sədri onu da vurğulayıb ki, cəmiyyətə sözün yaxşı mənasında örnək olmalı olan bir siyasətçi və ya yazıçı müsəlmanlara nifrət əlaməti olaraq ilahi kitabımızı yandırırsa, bu, 30 il davam edən işğal dönəmində ermənilərin məscidlərimizə, qəbristanlıqlarımıza, dini ziyarətgahlarımıza, tarixi-mədəni abidələrimizə qarşı zorakılığının səbəblərini anlamağımıza da kömək edir. Erməni vandalizmi ilə "Qurani Kərim"i yandıran isveçli zehniyyətinin heç bir fərqi yoxdur: “İsveçin baş naziri Ulf Kristerssonun "Qurani Kərim"in yandırılmasına münasibət bildirərək sosial mediadakı paylaşımında bu hərəkəti qınaması və bütün müsəlmanlara üzrxahlığını bildirməsi mahiyyəti dəyişmir. Avropanın aparıcı ölkələri ksenofobiya, islamofobiya ilə zəhərlənib. Səlibçilik başqa formalarda davam edir. Bu isə dünyanın gələcəyi üçün böyük təhlükə mənbəyidir. Müsəlman dünyası bu təhdidlər qarşısında ayıq-sayıq olmalı və həmrəylik nümayiş etdirməlidir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, Qərbdə Quranın yandırılması, ona hörmətsiz münasibət ilk dəfə deyil baş verir: "Bu hadisə artıq dəfələrlə təkrarlanır. Özü də bütün Avropanın gözü qarşısında. Son hadisəyə də polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reakisya verilməmişdi. Bu məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu absurd və qəbul edilməzdir. Üzrü qəbahətindən daha böyükdür. Bu əməli törədənlər bu hörmətsizliyin hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar. Bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır. Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər".
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Stokholmda "Quranı-Kərim"in yandırılması ilə bağlı bəyanat yayıb. QMİ bəyan edir ki, yanvarın 21-də Stokholm şəhərində İsveç dövlətinin rəsmi icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı tərəfindən, habelə Hollandiyada “Pegia” qrupunun lideri tərəfindən demokratiya və ifadə azadlığı şüarı altında İslam dininə, onun mübarək Peyğəmbərinə (s), Quranı-Kərimə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayətdir. Qeyd olunub ki, insan hüquqlarına, ləyaqətinə, millətlər və dinlər arasında qarşılıqlı ehtirama əsaslanan ədalətli, sülhsevər cəmiyyətlərin qurulması yolunda səylər göstərildiyi bir zamanda dünyada artmaqda olan islamofobiya təzahürləri, İslamı və müsəlmanları hədəf alan nifrət çağırışları və təhqir əməlləri bizim hədsiz narahatlığımıza və etirazımıza səbəb olur.
NATO-nun baş katibi Yens Stoltenberq isə "İsveçin təşkilata üzvlük yolunu qapadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini" tənqid edib.
O, bununla bağlı düşüncələrini "Welt" telekanalına müsahibəsində paylaşıb.
Stoltenberq qeyd edib ki, ifadə və fikir azadlığı həm İsveçdə, həm də digər NATO ölkələrində qiymətli sərvətdir. Buna görə də bu yersiz hərəkətlər heç də qeyri-qanuni sayılmır. Baş katibin sözlərinə görə, İsveç hökuməti bu hərəkəti çox aydın ifadələrlə pisləyib.
Stokholmda sağçı ekstremistlərin İslamın müqəddəs kitabı "Qurani-Kərim"in yandırılması ilə müşayiət olunan nümayişi müsəlman dünyasında səs-küyə səbəb olub və İsveçlə Türkiyə arasında münasibətləri daha da gərginləşdirib. İsveç hakimiyyəti şənbə günü mitinq keçirilməsinə icazə verdiyi üçün Türkiyə həmin ölkənin müdafiə naziri Paul Consonun yanvarın 27-də Ankaraya planlaşdırılan səfərini ləğv edib.
Türkiyə və Macarıstan yeganə NATO ölkələridir ki, İsveçin Şimali Atlantika Alyansına daxil olmasına razılıq vermirlər.

Cavid