• 27 Yanvar 2023
logo
Şəhidlərimiz Şimali Kiprdə anılıb

Şəhidlərimiz Şimali Kiprdə anılıb

Şimali Kipr Türk Respublikasında 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb.
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda 21-ci Qızıl ordu tərəfindən törədilən qətliam qurbanlarının xatirəsi yad olunur.
Baymedia.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti tərəfindən şəhidlərin anım tədbiri keçirilib. Tədbir şəhidlərin xatirəsinin yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, əslində 20 Yanvar hadisəsi imperializmə qarşı azadlıq mücadiləsi savaşı idi. Bu hadisələrin fonunda Azərbaycanı bir ölkə kimi sıradan çıxarmaq istəyənlər tərəfindən Dağlıq Qarabağda dinc sakinlərə qarşı divan tutuldu, müharibənin əsası qoyuldu: “Türklərin tarixinə nəzər saldıqda görürük ki, onlar böyük imperiyalar qurub, idarə ediblər. Bizim qəhrəmanlıqlarla dolu böyük bir tariximiz var. Müharibə tarixində ən ədalətli müharibə aparan ölkə olmuşuq. Müasir müharibə tarixində Qarabağ qələbəsini Azərbaycan xalqının birliyi, əsgərlərimizin şücaəti, Prezidentimiz İlham Əliyevin iradəsi ilə əldə etmişik. Biz mənfur ermənilər kimi mülki əhaliyə atəş açmamışıq. İşğal olunmuş torpaqlarımızda yaşasalar da, onlara ədalətli yanaşma sərgiləmişik”.
20 Yanvar şəhidlərinin anım tədbirinə məruzəçi kimi dəvət olunan ustad jurnalist-yazar Akay Cemal çıxış edərək Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkil etdiyi anım tədbirində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, bir zamanlar Şimali Kiprdə buna bənzər qəhrəmanlıqların yaşandığını bildirib: “Şimali Kipr xalqı böyük fədakarlıqlar edib. Mən karyerama 1963-cü ilin dekabr ayında Lefkoşada baş verən Qanlı Milad dövründə başladım. Həmin il dekabrın 21-də alovlanan hadisələrdə xalqımızın hansı əzabları çəkdiyinin şahidi olmuşam. Xalqımız böyük ağrı-acılar yaşamış, böyük fədakarlıqlar göstərmişdir.
A.Cemal iki ölkə xalqının birgə fəaliyyətinin vacib olduğunu vurğulayıb.
Akademik Nazim Muradovn Qanlı Yanvar hadisələri baş verən zaman Bakıda tələbə olduğunu və bütün hadisələrin şəxsən şahidi olduğunu vurğulayıb: “1990-cı illərdə Azərbaycan xalqının yaşadığı bu faciələr 1960-cı illərdə Kiprdəki türk qardaşlarımızın çəkdiyi iztirablardan çox da fərqlənmir. 21 dekabr Kıbrıs türkləri üçün necə bir gün idisə, 20 yanvar 1990-cı il də Azərbaycan türkləri üçün də eyni gün olmuşdur”.
Osman İnceer iştirakçılar qarşısında çıxış edərək tədbirin təşkilinə görə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə təşəkkürünü bildirib. O, şəhidlərin müqəddəs ruhlarına rəhmət diləyib, onların sevgisinin qəlbimizdə daim yaşayacağını bildirib.
Sonda şəhidlərin ruhuna dualar oxunub, cəmiyyət üzvləri tərəfindən hazırlanan ehsan verilib.

Əli