• 29 Mart 2024
logo
Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

Türkiyədə “İranda türkcə yer adları” adlı böyük həcmli bir kitab nəşr edilib. "Ötüken" nəşriyatı tərəfindən yayımlanan kitab Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki yer adlarına həsr edilib.
1327 səhifəlik kitabın müəllifləri Nasir Xaze Şahgölü və Vəliullah Yaqubi, redaktoru isə Umut Başardır. Kitab Türkiyə dövlətinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) və İran Araşdırmaları Mərkəzinin (İRAM) dəstəyi ilə çap edilib.
Ötüken Nəşriyyatının veb səhifəsində yazılanlara görə, kitabda dörd əyalətdəki türkcə yaşayış yerlərinin adları (oykonimlər), eləcə də şəhərlərin önəmli məhəllə və rayon adları ilk dəfə toplanaraq tədqiq edilib.
“İranda türkcə yer adları” kitabında tədqiq edilən 10,573 yaşayış yerindən 5,315 yerin adının türkcə və ya monqolca olduğu müəyyən edilib.
Monqol adlarının sayca məhdud (cəmi 224 ədəd), ancaq əhəmiyyət baxımından diqqətəlayiq olduğu qeyd edilib. Əsərdə həmçinin yer adlarının strukturu və müəyyən edilmiş əsas adlandırma ənənələri linqvistik baxımdan ələ alınıb.
Güney Azərbaycanda mədəni fəallar və bəzi yerli siyasətçilər illərdir müxtəlif bölgələrdə yerlərin tarixi türk adlarının dəyişidirilməsinə etiraz edirlər.
Pəhləvi dönəmindən bəri Güney Azərbaycan başda olmaqla İranın müxtəlif bölgələrində adı türkcə olan bir çox şəhər, kənd, çay, dağ və digər yerlərin adları farscaya dəyişdirilib.
2014-cü ildə Qərbi Azərbaycan vilayətinin o vaxtkı vali müavini Hadi Bahadıri Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adının dəyişdirildiyini qeyd etmişdi.
Güney Azərbaycan və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi almaqda da çətinlik çəkirlər. Bəzi ailələr şəxisyyət vəsiqəsi ala bilmək üçün aylarla və hətta illərlə mücadilə etmək məcburiyyətində qalır.
Keçən mart ayında İranın Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Mehdi İsmaili fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən istifadə ediləcəyini bildirmişdi.
Tehran polisi isə daha əvvəl paytaxtda iş yerləri və ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etməyin yasaq olduğunu açıqlamışdı. (Amerikanın səsi)
Gunaz.tv