• 19 Aprel 2024
logo
Futbolla təhqir edilən Azərbaycan xalqı: məhv edilən istedadlar, problemin kökü və çıxış yolları

Futbolla təhqir edilən Azərbaycan xalqı: məhv edilən istedadlar, problemin kökü və çıxış yolları

Əli Zülfüqaroğlu

Azərbaycan futbol yığmasının “ənənə”sinə sadiq qalaraq Avropanın orta səviyyəli komandası-İsveçə qarşı böyükhesablı rüsvayçı məğlubiyyəti bu sahədəki problemin kökü ilə bağlı müzakirələrin başlanmasına səbəb olub. Təbii ki, həm futbol mütəxəssisləri, həm də azrkeşlər məsələyə fərqli yanaşırlar.
“Bizdə kollektiv idman növləri inkişaf etməyib”, “kollektiv oyunlar bizdə alınmır”, “baş məşqçi dəyişməlidir”, “futbolçularımızda vətənpərvərlik hissi yoxdur”, “əzmkarlıq çatışmır” və.s kimi fikirlər əsas deyil və problemin kökünü bu amillərlə bağlamaq bəsit yanaşmadır. Təbii ki, hazırki baş məşqçiyə verilən milyonlar artıq xərcdir və millini daha az maaşla istənilən yerli bir məşqçiyə tapşırmaq kifayət edir. Biz, təbii ki, Dünya Çempionatına qatılmaq və nəticə əldə emək haqqında düşünmürük. Potensialımız onsuz da formal xarakterli oyunlar üçün yetərlidir. Ona görə də, dünyanın ən yaxşı istənilən baş məşqçisini Azərbaycan yığmasına təyin etsələr də fərqli nəticələr olmayacaq. Niyə?
Bu sualın cavabını 2 il öncə Azərbaycanda səfərdə olan İspaniyanın Barselona futbol klubunun sabiq vitse-prezidenti Emili Rouso Pares mənə bildirmişdi. Ondan soruşdm ki, niyə Papua-Yeni Qvineyadan tutmuş, Cənubi Amerikaya qədər, uşaqları seçib Barselonanın akademiyasına cəlb edirsiz, amma Azərbaycanda bu addmı atmırsız? Mənə cavabı belə oldu: “Çünki Azərbaycanda futbolun baza strukturu yoxdur. Barselona bütün dünyada istedadlı oyunçuların klubumuza cəlb edilməsi üçün imkanlara sahibdir və bu istiqamətdə fəaliyyət göstərilir. Bunun üçün klubumuzun xüsusi skautları var. Onların dünyanın müxtəlif yerlərindən seçdiyi uşaqlar gələcəkdə Barselonada oynamaq şansı əldə edirlər. Bunun üçün öncə Azərbaycanda futbolun baza strukturu lazımdır”. O, bununla bir az incə formada demək istədi ki, Azərbaycanda futbol yoxdur.

Xaricdə ciddiyə alınmırıq

Göründüyü kimi xaricdə bizi təbii olaraq futbol ölkəsi kimi tanımır və ciddiyə almırlar. Hər bir ölkədə idmanın, xüsusilə futbolun səviyyəsi, ilk öncə infrastrukturla ölçülür. Futbol o ölkələrdə inkişaf edir ki, həmin ölkələrdə akademiyalar fəaliyyət göstərir, uşaq futbolu yatırım baxımından ilk sırada dayanır. Nəticədə həmin akademiyalarda yetişən uşaqlar həm ölkə, həm də xarici klubların diqqətini cəlb edir. Yaxud xüsusi istedadı ilə fərqlənənlər xarici klubların akademiyalarına cəlb olunur, onlara maaş ödənir və daha yüksək səviyyəli futbolçu kimi yetişdirilir. Daha sonra bu uşaqlar gələcəkdə həm xarici klublarda ölkələrini layiqincə təmsil edir, həm də öz milli yığmalarının şərəfini qoruyurlar.
Bizdə isə bu infrastruktur yoxdur. Azərbaycanda uşaq futbol məktəblərinin hamısı kommeriya xarakterlidir, həvəskar səviyyədədir, heç bir pespektivi yoxdur, əksinə uşaqların təhsilinə problemlər yaradır. Burada məşq edən uşaqlar nə qədər istedadlı olsalar belə, perspektivləri sıfır səviyyəsində ölçülür. Ona görə ki, belə həvəskar məktəblər nə ölkə, nə də xarici klubların diqqət mərkəzində deyil, eyni zamanda əsaslı olaraq ciddiyə alınmır və tanınmır.

Akademiyalar nəyə görə vacibdir?

Uşaq futbol akademiyasına yazılırsa, futbol başda olmaqla, eyni zamanda digər fənlərlə bağlı da təhsil alır ki, bu da həyati əhəmiyyət daşıyır. Çünki uşaq orada məşq edir, eyni zamanda təhsil alır və orada da qalır. Əgər uşaq ciddi zədə alarsa, yaxud yetkinlik dövründə formadan düşərsə, ümumiyyətlə hər hansı bir səbəbdən futbolçu karyerasını davam etdirə bilməzsə, o halda akademiyada digər fənlərin də tədris edildiyi üçün təhsili yarımçıq qalmır, digər sahələrdə də uğurlu karyeraya sahib ola bilir. Bütün bunlar futbolun inkişafı üçün başlıca şərtdir. Yəni belə olduqda valideyn üçün uşağın təhsili ilə bağlı qayğı yaranmır, valideyn futbola həvəskar deyil peşəkar yanaşır. Valideyn anlayır ki, övladının potensialı və şərait varsa nəinki futbolla pul qazana, gələcək həyatını qura, eyni zamanda dünyada da tanına və ölkəsini ləyaqətlə təmsil edə bilər.

Yaşadığımız təcrübə

Məsələn, öz yaşadığım bir təcrübəni sizinlə bölüşürəm. Övladımın 3 yaşından futbol istedadının olduğunu kəşf etdim, həmçinin özünün də futbola hədsiz marağını gördükdən sonra o, 5 yaşında Sumqayıtda fəaliyyət göstərən bir uşaq futbol məktəbində məşqlərə başladı. Biz, Stansiya Sumqayıt qəsəbəsində yaşayırıq, mən Bakıda işləyirəm. Həftədə 3 dəfə işdən tez çıxıb uşağı Sumqayıta, məşqdən sonra da evə aparırdım. 7 yaşında məktəbə getdi və məşq tədrisə problemlər yaratmağa başladı. Bu minvalla 9 yaşına qədər birtəhər davam etdik. Məşqçiləri uşağın futbola yararlı olduğunu, getdikcə inkişaf və gələcək vəd etdiyini bildirərək məşqləri heç bir halda dayandırmamağı xahiş etdilər. Media sahəsində olduğum üçün Azərbaycan futbolunun real şəraiti ilə bağlı az-çox təsəvvürüm var idi. Məsələn, mən bir valideyn olaraq düşündüm ki, Azərbaycanda 8 klubluq həvəskar çempionat var, orada oynayan futbolçular əsasən xarici ölkələrdən transfer olunur. Detallara girmədən deyə bilərəm ki, “Qarabağ” xaric, transferlərin hansı mahiyyət daşıdığı hər kəsə bəllidir. Belə olan halda uşaq nə qədər istedadlı olsa belə, klublar öz maraqlarına görə, onu Azərbaycan futboluna qazandırmaq əvəzinə, öz maraqları üçün xarici transferlərə üz tutmağa üstünlük verəcəklər. Özü də klubların əksəriyyəti hər birimizin yaxşı tanıdığı AFFA tərəfindən maliyyələşdirilir. Belə olan halda istedadlar üçün qapalı, həddindən artıq məhdud, eyni zamanda inhisarçı bazar olduğu ilə və sadaladığım səbəblərlə bağlı təbii olaraq xarici klubların ciddiyə almadğı və ümumiyyətlə maraq dairəsində olmayan bir ölkə olduğumuz üçün uşağın 17-18 yaşlarında özünə klub tapa bilməyəcəyi və bütün həyatına təsir edəcək psixoloji zərbə alacağı dəqiqdir. Ona görə də sevdiyi, məşğul olmaq istədiyi, ona perspektiv vəd edən, amma real şəraitin ümidsiz olması ilə bağlı önü kəsilən uşağın bu sahədən vaxtında uzaqlaşması və bu psixoloji zərbəni elə kiçik yaşlarında alması daha məqsədəuyğundur. Ona görə ki, təhsili yarımçıq olmayacaq və digər sahələrdə uğur qazanacaq.

Gələcəyin dünya ulduzları necə “söndürülür”?

Bu misalı öz təcrübəmdən çıxış edərək gətirdim, özü də Azərbaycanın ikinci böyük şəhəri ilə bağlı. Paytaxtla bağlı da vəziyyət fərqli deyil.
O zaman bölgələrdəki vəziyyəti özünüz təsəvvür edin.
Ona görə də, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) apardığı siyasət sayəsində Azərbaycanda həm də futbola yanaşma dəyişib. Yəni, nəinki hər liqada 20 klub olmaqla 10 peşəkar liqanın və bir o qədər də həvəskar liqanın fəaliyyət göstərdiyi Almaniyadan, qonşularımız Ermənistan və Gürcüstandan da fərqli olaraq cəmiyyətdə futbola peşəkar deyil, həvəskar yanaşma düşüncəsi formalaşıb. Yuxarıda qeyd etdiyim faktorlar uşaqların gələcəyini məhv edir, istedadlı uşaqlar yalnız məhlədə futbol oynamaqla gün keçirirlər.
Məsələn Yardımlının ucqar kəndində, yaxud Mingəçevirdə, Qazaxda və.s rayonlarda sabahın dünya uluduzu ola biləcək potensiala sahib olan uşaq özünü harada inkişaf etdirməlidir?

Davamlı olaraq təhqir olunan Azərbaycan xalqı

Təəəssüf ki, AFFA yarıtmaz siyasəti və əməlləri ilə uşaq fubolunu məhv edib. AFFA yetkililəri deyə bilər ki, akademiyaları sahibkarlar yarada bilər və.s. Bu tutarlı arqument deyil. Klubları AFFA maliyyələşdirirsə və hammıza bəlli olan real vəziyyətə görə, bu missiyanı adıçəkilən qurum həyata keçirməli idi. Amma böyük büdcəyə və xərclənən milyonlara rəğmən akademiyalar yaradılmamaqla nəinki Azərbaycan futbolunun gələcəyi qurulmayıb, heç bünövrəsi belə atılmayıb. Bununla da futbolumuz məhv edilib.
Belə olan halda millidə oynayan, müəyyən mənada həvəskar futbolçular təbii ki, həmişə rüsvayçı məğlubiyyət yaşamaqla Azərbaycan xalqının davamlı olaraq təhqir olunmasına səbəb olacaqlar.

Həlledici şərt

Azərbaycan futbolundakı problemlər əzm, mübarizə ruhu və taktika ilə bağlı deyil, bunlar ikinci dərəcəli və köməkçi vasitələrdir. Həlledici şərt akademiyalarda yetişən və rəqabətli çempionatlarda oynayan peşəkarların olmasıdır. Peşəkarlar və yüksək səviyyəli futboçular olan yerdə aşağılıq kompleksi olmayacaq, bunun yerini özgüvən alacaq və nəticədə əzm, ruh yüksəkliyi, istənilən tatiki gedişləri doğruldacaq komanda oyunu da görəcəyik.
Bunlar olmayacağı təqdirdə Azərbaycanın dövlət büdcəsindən ayrılan pullar havaya sovrulmaqda davam edəcək. Ermənistandan Mxitaryanlar, Gürcüstandan Xviça Kvaratsxeliyalar çıxacağı, Avropanın güclü klublarında oynayacağı halda, biz, sadəcə olaraq rüsvayçı və Azərbaycan yığmasının simasında bütöv bir toplumun çox ağır şəkildə təhqir edilməsini mütəmadi olaraq müzakirə etmək məcburiyyətində qalacağıq.
Belə beynəlxalq arenalarda aşağılanmanı bizə yaşadanlar isə görünür ki, təhqiri həzm etməkdə problem görmür, həmçinin lüks həyatlarını südürürlər.
Bəli, bizdə futbolun baza strukturu yoxdur, heç bir zaman da olmayıb. Uzun illər ərzində bunu qurmaq və bu gün müəyyən səviyyəyə çatdırmaq mümkün olduğu halda heç bir addım atılmayıb.
Ona görə də, Azərbaycan futbolu yenidən qurulmalıdır. Köklü islahatlar aparılmalı, AFFA bütün tərkibdə dəyişməli, ciddi strateji plan hazırlanmalıdır. Futbolumuz həvəskar səviyyədən çıxarılmalı, transferlərə ayrılan və çölə tullanan pullar minimuma endirilməli, bunun əvəzində hər bölgədə akademiyalar yaradılmalı, prosesə türkiyəli, avropalı mütəxəssislər cəlb edilməli və azərbaycanlı mütəxəssislər də onlardan öyrənməlidirlər. Əks halda...özünüz düşünün!