• 26 May 2022
logo
Sosial mediada güneyli alimə dəstək kampaniyası başlayıb

Sosial mediada güneyli alimə dəstək kampaniyası başlayıb

İran və xaricdə yaşayan sosial şəbəkə istifadəçiləri mayın 11-i axşam saatlarından ölümə məhkum edilmiş Əhmədrza Cəlaliyə dəstək aksiyasına başlayıb.
Sosial media fəalları #can-sipəre-can həştəgi ilə onun barəsindəki edam hökmünün ləğv olunmasını tələb ediblər.
Mayın 7-də mədəni fəal və siyasi məhbus Fərhad Meysəmi Cəlalinin edam hökmünə etiraz olaraq quru aclıq aksiyasına başlayıb.
Beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edən Meysəmi edam hökmünün ləğv edilməsi üçün İran hakimiyyətinə təzyiq göstərmələrini istəyib.
Onun ardınca Kərəc zindanında 15 illik məhkumluq dövrünü yaşayan Huşəng Rzayi də eyni istəklə aclıq aksiyasına əl atıb.
Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.
Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.
Gunaz.tv