• 29 Mart 2024
logo
QMİ qanuna dəyişikliklərlə bağlı dindarlara və din xadimlərinə çağırış edib

QMİ qanuna dəyişikliklərlə bağlı dindarlara və din xadimlərinə çağırış edib

Qafqaz Müsəlmanları İdarəsi «Dini etiqad azadlığı haqqında» qanuna təklif olunan dəyişikliklərə münasibət bildirib.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, QMİ ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işləri son illər qanunvericilik müstəvisində gedən islahatların davamı olaraq qiymətləndirir.
Qeyd edilib ki, QMİ dindarları və din xadimlərini «Dini etiqad azadlığı haqqında» qanuna nəzərdə tutulan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə Qanunun bütün müddəalarına birmənalı şəkildə əməl etməyə çağırır: “Din xadimlərindən İdarənin mövqeyini nəzərə almaları, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verilməməsi xahiş olunur. Dini mərkəz olaraq QMİ dövlətin müvafiq icra qurumu ilə birgə əməkdaşlıqla dövlətimizin dini-mənəvi sahədə siyasətinin həyata keçirilməsində hər zaman yaxından iştirak edir və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini işinə bundan sonra da öz töhfəsini verəcək. Din-dövlət münasibətlərinin yüksək səviyyəsinin qorunub saxlanılması vacib. Uca Allahın köməyi ilə, müstəqil dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xeyirlərə vəsilə olacağına, xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inanırıq. Allah köməyiniz olsun!”.