• 25 Aprel 2024
logo
QHT-lərin təşkil etdiyi aksiyanın əhəmiyyəti

QHT-lərin təşkil etdiyi aksiyanın əhəmiyyəti

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası vətəndaş cəmiyyəti insitutlarının fəaliyyəti ilə bağlı təkcə Azərbaycan və Cənubi Qafqazda deyil, bütövlükdə postsovet məkanında mövcud olan streotiplərin əsassız mülahizələrdən qaynaqlandığını, obyektiv gerçəkliyi əks etdirmədiyini, Qeyri Hökumət Təşkilatlarının ictimai maraqları təhdid edən çağırışlara adekvat və operativ cavab vermək, neqativ hallara qarşı sivil mübarizə aparmaq, toplumun mütləq əksəriyyətinin mənafeyini təmsil və ifadə etmək potensialında olduğunu sübuta yetirir. Bu baxımdan, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının (QHT) təşəbbüsü və təşkilatçılığı ilə Şuşa-Xankəndi yolunda keçirilən, medianın və bütövlükdə ölkə ictimaiyyətinin dəstəyini qazanan etiraz aksiyasını, qlobal miqyasda son dövrlərin ən önəmli hadisələrindən biri hesab etmək olar.
Doğrudur, dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq, regional və qlobal QHT şəbəkələrinin iştirakı ilə ekoloji problemlər və bu problemlərin ortaya çıxmasına zəmin yaradan konkret faktlarla bağlı etiraz aksiyaları keçirilir. Amma bu aksiyalar, bir qayda olaraq, ictimai təşəbbüslər nəticəsində deyil, beyəlxalq donor təşkilatlarının müəyyənləşdirdiyi və maliyyələşdirdiyi istiqamətlər üzrə gerçəkləşdirilən layihələr çərçivəsində baş tutur. Azərbaycan QHT-lərinin keçirdiyi etiraz aksiyasını fərqləndirən əsas cəhət, artıq ictimai hərəkata çevrilən prosesin təməlində və mahiyyətində, istisnasız olaraq, vətəndaş cəmiyyəti insitutlarının təşəbbüsünün dayanmasıdır. Aksiyada səsləndirilən şüarlar, verilən açıqlamalar, qəbul edilən bəyanatlar Azərbaycan QHT-lərinin konkret halda Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarının yaratdığı problemlərə və bu problemlərin doğurduğu nəticələrə kompleks və yüksək peşəkarlıqla yanaşmalarıdır. Çünki təbii sərvətlərin qanunsuz istismarı yalnız ekoloji problemlərin ortaya çıxmasına zəmin yaratmır, eyni zamanda çoxsaylı cinayətlərə, o cümlədən çirkli pulların dövriyyəsinə, korrupsiya hallarına, terrorçu qrupların və qanunsuz hərbi birləşmələrin maliyyələşməsinə rəvac verir, insanların həyat və sağlamlıqları, təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır.
QHT-lərimizin etiraz aksiyasının nəticəsində aktuallaşan problemlər, artıq özünü təkcə Azərbaycan mediasında konkret faktlara əsasən yayımlanan yazılarda deyil, daha geniş miqyasda, hətta istisna xarakteri daşısa da, Ermənistanın kütləvi informasiya vasitələrində də büruzə verir.
Məsələn, Ermənistanın “Hetq” informasiya portalının erməni əsilli iş adamları Vitali Qriqoryans və Arsen Mikaelyanın Xankəndidə açdıqları “Golden Heritage” MMC şirkətinin törəmə müəssələrinin bu ilin son 6 ayı ərzində Ermənistana, oradan isə eyni şirkətin xaricdəki filiallarına ötürdükləri 20,2 milyon ABŞ dolları dəyərində qızıl külçələri ilə bağlı araşdırması təbii sərvətlərimizin talanmasında qlobal cinayətkar şəbəkəsinin iştirak etdiyini təsdiqləyir.
Araşdırmalar nəticəsində aşkarlanan başqa bir fakt Azərbaycanın təbii sərvətlərinin talanmasında ABŞ-dakı erməni diasporunun rəhbərlərinin iştirakı ilə bağlıdır. Sözügedən faktla bağlı araşdırmanın qısa xülasəsini dəyərli oxuculara təqdim etməklə, Azərbaycan QHT-lərinin etiraz aksiyasının aktullaşdırdığı problemlərin nə qədər genişmiqyaslı olduğuna diqqət çəkmək istəyirəm.
Sitat:
“Uzun illər boyu vəkillik fəaliyyəti ilə məşğul olan, qısa zaman kəsiyində Ermənistanın BMT-dəki təmsilçisinin müavini və müşaviri olan Van Krikoryanın 2003-cü ildən etibarən birdən-birə mərkəzi ofisi Nyu Yorkda yerləşən Qlobal Qızıl Korparasiyasına (Global Gold Corporation) qoşulması, 2007-ci ildən isə sözügedən korparasiyanı tamamilə ələ alması, Amerika Erməni Assambleyasının tərcümeyi-halında ən diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilə bilər. Xatırladım ki, Van Krikoryan müharibə canisi Robert Koçaryanın 1998-ci ildə hakimiyyəti mənimsədikdən sonra onunla ən sıx təmasda olan və tez-tez görüşən diaspor rəhbərlərindən biridir. Köçəryan ikinci dəfə prezident “seçildikdən” qısa müddət sonra Krikoryanın Qlobal Qızıl Korparasiyasında “lövbər salması” da, qənaətimə görə, təsadüfi deyil. Bu xüsusda, məhz 2003-cü ildən başlayaraq, həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərindəki qızıl yataqlarının, o cümlədən Zod, Vejnəli qızıl mədənlərinin talan edilməsinin intensiv xarakter alması da nəzərdən qaçırılmamalıdır”.
Göründüyü kimi, yuxarıda nümunə gətirdiyim faktlar Azərbaycanın vətəndaş cəmiyyəti insitutlarının etiraz aksiyasını motivə edən amillərin nə qədər mühüm olduğunu önə çəkməklə yanaşı, QHT-lərin fəaliyyətinin dövlət və cəmiyyət üçün böyük önəm daşıdığını vurğulamağa əsas verir.
Şühbəsiz ki, sözügedən aksiya QHT-lərinin ictimai nüfuzunun yüksəldilməsi baxımından da əhəmiyyətlidir. QHT-lərin nüfuzunun artması, onların gerçək potensialının ortaya çıxması həm də stimullaşdırıcı xarakter daşıyır. Qənaətimə görə, sözügedən aksiya vətəndaşlarımızın, xüsusilə də gənclərimizin QHT-lərin fəaliyyətinə daha ciddi yanaşmalarına, QHT-dövlət münasibətlərinin inkişafına, ictimai fəallığın artmasına öz töhfəsini verəcək, vətəndaş cəmiyyəti instutlarının ictimai proseslərdəki rolunu daha da artıracaqdır.

Elçin Mirzəbəyli