• 17 Oktyabr 2026
logo
"İndoneziya Kulinariya Diplomatiyası Festivalı 2026" adlı tədbir keçirilib

"İndoneziya Kulinariya Diplomatiyası Festivalı 2026" adlı tədbir keçirilib

Milli Kreativ İqtisadiyyat Günü münasibətilə İndoneziya
Respublikasının Bakıdakı Səfirliyi və İndoneziya Milli Kreativ İqtisadiyyat Hərəkatının Azərbaycandakı nümayəndəliyinin ("Gekrafs Azerbaijan") birgə əməkdaşlığı çərçivəsində "İndoneziya Kulinariya Diplomatiyası Festivalı 2026" adlı möhtəşəm mədəniyyət festivalı təşkil olunub.

Bu qastrodiplomatiya tədbiri 17 oktyabr 2026-cı il tarixində, şənbə günü,İndoneziyanın Bakıdakı Səfirliyinin inzibati binasının həyətində böyük coşqu ilə baş tutub.

Festival İndoneziyanın milli kimliyini, zəngin mədəniyyətini və kreativ iqtisadiyyat potensialını
beynəlxalq arenada tanıtmaq məqsədilə kulinariya diplomatiyasının (qastrodiplomatiya)
optimallaşdırılması istiqamətində strateji bir tədbir olaraq keçirilib.

Qeyd edilən tədbir İndoneziya mətbəxinin müxtəlif ənənəvi kulinariya nümunələrinin yerli Azərbaycan
ictimaiyyətinə, beynəlxalq birliyə və xarici tərəfdaşlara tanıdılması və təbliği istiqamətində mühüm uğur əldə edib. Mədəniyyətin təbliği ilə yanaşı, bu festival Azərbaycandakı İndoneziya diasporunun mikro, kiçik və orta sahibkarlarına (MKOS) öz kulinariya məhsullarını bazara çıxarmaq üçün real imkanlar yaradıb.

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
cənab Berlian Helmi tədbirin təşkilini yüksək qiymətləndirib və dərin təşəkkürünü bildirib. Səfir,
bu fəaliyyətin İndoneziya ilə Azərbaycan arasında mədəni diplomatiyanın gücləndirilməsi istiqamətində Səfirliyin missiyasına tam uyğun olduğunu və eyni zamanda, kreativ iqtisadiyyat və İndoneziyanın milli mətbəxi vasitəsilə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb.

Tədbir boyu qonaqlara İndoneziya mədəniyyətinin estetikası və ləziz təamlarını özündə birləşdirən müxtəlif maraqlı proqramlar təqdim olunub:
• İndoneziya (Nusantara) Kulinariya Bazarı: Diasporun kiçik sahibkarlarının qurduğu qida stendlərinin önündə uzun növbələr yaranıb. Qonaqlar böyük maraqla "Sate Ayam" (toyuq kababı), "Nasi Qorenq" (qovrulmuş düyü), "Bakvan" (tərəvəz qızartması), "Sosis Solo" kimi
autentik təamları, eləcə də "Dadar Qulunq", "Klepon" və "Bolu Kukus" kimi ənənəvi şirniyyatları dadıblar.

• İnteraktiv Kulinariya Şousu (Master-klass): Ziyarətçilər kiçik sahibkarların təqdimatında İndoneziya mətbəxinin vizit kartı sayılan "Nasi Qorenq" və "Dadar Qulunq"un hazırlanması prosesini canlı olaraq izləyiblər.

• "Tumpenq" Fəlsəfəsi: "Gekrafs" komandası ənənəvi "Nasi Tumpenq" (konusvari düyü) yeməyinin tarixini və fəlsəfi dəyərini İndoneziya dilində təqdim edib və bu məlumatlar birbaşa Azərbaycan dilinə tərcümə olunub.
• Mədəniyyət və Moda Proqramı: Ənənəvi "Anqklunq" musiqi alətinin harmonik ifası festivala xüsusi rəng qatıb. Bundan əlavə, azərbaycanlı modellərin İndoneziyanın incə və zərif "Batik" və "Kebaya" milli geyimlərini podiumda nümayiş etdirməsi qonaqların gur alqışları ilə qarşılanıb.

Tədbirdə qeydiyyatdan keçmiş yerli Azərbaycan sakinləri, Azərbaycanın yerli media nümayəndələri, İndoneziya diasporu, indoneziyaşünaslar və yerli iş adamları daxil olmaqla, ümumilikdə 150-yə yaxın qonaq iştirak edib. İndoneziya Səfirliyi ilə qurulan güclü sinerji sayəsində bu tədbirin uğurunun ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəyi, həmçinin
İndoneziya və Azərbaycan arasında mədəni və iqtisadi kommunikasiya şəbəkəsini genişləndirəcəyi gözlənilir.

"Gekrafs Azerbaijan" – İndoneziya kreativ iqtisadiyyat ekosisteminin xaricdə inkişafı, dəstəklənməsi və təbliği istiqamətində fəaliyyət göstərən "Gekrafs"ın xarici nümayəndəliyidir və eyni zamanda, Azərbaycandakı İndoneziya diasporunun yaradıcı şəxsləri və kiçik
sahibkarları üçün vahid platforma rolunu oynayır.