• 25 İyul 2026
logo
Gəncədə “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!”

Gəncədə “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi çərçivəsində tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi çərçivəsində Gəncə şəhərində geniş maarifləndirici tədbir və güləş turniri təşkil olunub.

İyulun 16-da Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Gəncə şəhər Uşaq-Gənclər İdman Məktəbində keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkili, tanınmış idman xadimləri, məşqçilər, ictimai təşkilatların təmsilçiləri, gənclər və məktəbli idmançılar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri layihənin rəhbəri Telman Məmmədov açaraq bildirib ki, layihənin məqsədi narkotiklər əleyhinə vətəndaşları səfərbər etmək, fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq, səbəbləri ilə mübarizə aparmaq, davamlı və sistemli yanaşma ilə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.O, bildirib ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin işidir, məsuliyyətidir. Bu baxımdan idmanın təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, layihənin hədəfi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmanın həyatımızdakı rolunun ön plana çəkilməsi, narkomaniyanın törətdiyi fəsadlar barədə ictimai məlumatlılığın artırılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və onların sağlam gələcəyə istiqamətləndirilməsidir.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun nümayəndəsi İlkin Cavadov çıxış edərək dövlətin gənclər siyasəti çərçivəsində sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verdiyini, narkotiklərlə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov isə idmanın gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını bildirərək, regionda bu istiqamətdə həyata keçirilən layihələr və əldə olunan uğurlar barədə məlumat verib.Onun sözləeinə görə, tədbirin əsas məqsədi gənclər arasında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, idmana marağın artırılması və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi olub.

Milli Məclisin deputatı Müşfiq Cəfərli çıxışında narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən danışıb. Deputat qeyd edib ki, gənclərin idmana cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili və vətənpərvərlik ruhunda yetişdirilməsi narkotiklərə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir.

Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” və Olimpiya ordenli, Prezidentin fəxri diplomuna layiq görülmüş, “Tərəqqi” medalı mükafatçısı, sərbəst güləş üzrə tanınmış veteran məşqçi Elçin Zeynalov uzun illər idman sahəsində qazandığı təcrübəni gənclərlə bölüşərək bildirib ki, idman insanı həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir, onu zərərli vərdişlərdən uzaq saxlayır.

Fiziki Tərbiyə Müəllimləri Assosiasiyasının təsisçisi Murad Məmmədov məktəblərdə bədən tərbiyəsinin və idmanın inkişafının vacibliyini vurğulayaraq sağlam nəslin formalaşmasında müəllimlərin və məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Gəncə güləş məktəbinin məşqçisi Kənan Məmmədov isə çıxışında gənclərin idmana marağının ildən-ilə artdığını bildirərək onların beynəlxalq yarışlara hazırlanması istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin nümayəndəsi Sürəyya Məmmədova da narkotiklərə qarşı maarifləndirmə tədbirlərinin davamlı xarakter daşımasının vacibliyini vurğulayıb və bu kimi layihələrin cəmiyyətə mühüm töhfə verdiyini bildirib.

Rəsmi hissədən sonra məktəbli və gənc idmançıların iştirakı ilə güləş turniri keçirilib. Turnirdə 20 gənc idmançı tatamiyə çıxaraq öz bacarıqlarını nümayiş etdirib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın qaliblərinə sertifikatlar təqdim olunub, iştirakçılara isə layihə çərçivəsində hazırlanmış xüsusi idman formaları hədiyyə edilib.

Tədbirin sonunda bütün iştirakçılar “Narkotiklərə “yox” deyək!” şüarını əks etdirən banner qaldıraraq narkomaniyaya qarşı həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, 80-dən çox iştirakçının qatıldığı tədbir gənclərin sağlam həyat tərzinə təşviqi, narkotiklərə qarşı ictimai maarifləndirmənin gücləndirilməsi və idmanın cəmiyyətin inkişafındakı rolunun təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Layihə iştirakçıları belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihənin icra müddəti üç aydır .Bu müddət ərzində internet televiziyasında dörd maarifləndirci veriliş, Sabunçu rayonu və Gəncə şəhərində isə tədbirlər reallaşdırılıb.