• 20 Aprel 2024
logo
Viləşçay Su Anbarı niyə quruyub?

Viləşçay Su Anbarı niyə quruyub? - Reportaj

Azərbaycanda meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Bu sıradan ölkədə nəhəng su anbarları, kanallar istismara verilib. Bu su anbarlarının regionların meliorasiya və su təsərrüfatında mühüm rolu var. Belə su anbarlarından biri də Masallı rayonu ərazisində yerləşən Viləşçay Su Anbarıdır.

Baymedia.az xəbər verir ki, "Qloballaşan Dünyaya İnteqrasiya" İctmai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsi çərçivəsində sözügedən ərazidə olub, müşahidələr aparanda su anbarının hazırkı vəziyyətinin bir o qədər də ürəkaçan olmadığı qənaətinə gəlindi.


Qeyd edək ki, su anbarı demək olar ki, tamamilə quruyub. Bunun səbəbini öyrənmək istəsək də, ərazidə yaşayan sakinlər bu barədə yekdil fikir bildirə bilmədilər. Kimsə təsərrüfatlara görə suyun açılıb buraxıldığını, kimsə hər payızda su anbarının bu cür susuz qaldığını bildirdi. Xoşagəlməz məqamlardan biri isə su anbarında brakonyerlərin sintetik torlardan geniş istifadə etməsidir. Bu barədə yerli sakinlər də şikayət edir. Bundan başqa, su anbarının kənarlarında məişət tullantıları, natəmizlik nəzərə çarpır.


Vəziyyətlə bağlı Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Rusif Kərimovla söhbətləşdik. Rusif Kərimova görə, hər il su anbarı vasitəsilə 10 min hektara yaxın əkin sahəsi suvarılır, buna görə də payızda su anbarında su olmur. Hazırda isə Viləşçay su bəndinin ikinci hissəsinin qurulması ilə bağlı işlər gedir, dövlətin dəstəyilə bu layihə reallaşandan sonra su anbarı daha yaxşı səviyyədə fəaliyyət göstərəcək. Onun dediyinə görə, məişət tullantıları digər çaylardan daşqın və axın vasitəsilə anbara töküldüyünə görə yaranır, anbarda su çəkiləndə isə tullantılar yalnız sahil ərazilərində ortaya çıxır. Rusif Kərimov sintetik tor və brakonyer problemini etiraf etdi və onlara qarşı mübarizə aparıldığını bildirdi.