• 1 Dekabr 2022
logo
"Uşaqlara aşağı yaşlardan təbiətə sevgi hissi aşılamalıyq"-Təhsil eksperti

"Uşaqlara aşağı yaşlardan təbiətə sevgi hissi aşılamalıyq"-Təhsil eksperti

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində noyabrın 11-də Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbdə “Müasir İKT ilə uşaq və yeniyetmələrdə canlı aləmə sevgi aşılamağın yolları” mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirilib.

Təbdirdə çıxış edən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli bildirib ki, son illər dünyada ekoloji tarazlığın pozulması ciddi fəsadlar yaradıb. Su mənbələrinin quruması meşələrin keçəlləşməsinə, iri sənaye şəhərlərində yaşıllıqların məhvi, çoxillik ağacların kəsilməsi hava çirkliliyinin artmasına səbəb olub.

“Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür.

Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür.

Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Hədəf qrupu olaraq məktəbliləri seçməkdə məqsədimiz odur ki, ekolji tərbiyənin erkən yaşlardan başladığını düşünürük.

Hesab edirik ki, ekoloji tərbiyə ilə gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik. Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər”-deyə, o, bildirib.

Layihə rəhbəri deyib ki, ekoloji maairfləndirmədə hər kəs aktiv rol oynamalıdır: “Ətraf mühitə laqeyd qalmayan, məsuliyyətli, duyarlı vətəndaş vətəndaş yetişdirmək ağır və çətin prosesdir. Əlbəttə, tərbiyə ailədən başlanır. Öncə valideyn övladını təbiətə qayğı ilə yanaşmağı, ətraf mühitə duyarlı olmağı öyrətməlidir.

Sonra məktəbdə bu proses davam etməlidir. Biz layihənin sonundan aidiyyati dövlət qurumlarına, Milli Məclisin təhsil komitəsində müraciət etməyi düşünürük. Məktəblərdə ekoloji bilgilər verən fənnlər və ya məşğələlər tədris proqramına salınmalıdır.

Aşağı sinif şagirdlərinin təbiət qoynuna ekskursiyaları təşkil olunmalıdır. Erkən yaşlarında uşaqlara ağac kəsməyin, yaşıllıqları məhv etməyin, ətrafı zibilləməyin yanlış olduğu başa salınmalıdır. Tətil günlərində məktəbli könüllülər ağacəkmə, yaşıllıqlara qulluqetmə aksiyalarına cəlb edilməlidir”.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi jurnalının baş redaktoru Böyükağa Mikayıllı bildirib ki, müasir informasiya kommunikasiya texnologiyalarının köməyi ilə uşaq və yeniyetmələrdə canlı aləmə sevgi aşılamağın yolları tapılmalıdır: “Smartfon dövründə yaşayırıq. Bütün şagirdlər, məktəb yaşlı uşaqlar sosial şəbəkələrə qoşulmaq imkanı var. Uşaq və yeniyetmələrdə canlı aləmə sevgi aşılayan cizgi filmləri, video-kitablar yaradıb sosial şəbəkələrdə paylaşmaq lazımdır”.

Ümumilli lider Heydər Əliyevin təbiətə qayğı göstərməyin zəruriliyi ilə bağlı sitatlarını xatırladan Böyükağa Mikayıllı son illər iri sənaye şəhərlərində yaşıllıqların artdığını bildirib. “Şirvana 20 ildir gedib gəlirəm, artıq hər tərəf yam-yaşıldır. 90-cı illərdə belə deyildir”-deyə, o, bildirib.

Böyükağa Mikayıllı Məktəblilərə Avropa ölkələrinin təcrübəsindən danışıb: “Bir həftə öncə Polşanın Qdansk şəhərindən qayıtmışam. Hər tərəf yan-yaşıl, tər-təmzidir. Orada küçədə bir pişik, it tapa bilməzsiniz. Heyvanlar evdə saxlanılır. Bizdə də son illər küçə heyvanlara qayğı hissləri güclənib. Canlı aləmə, heyvanlara sevgi hissi erkən yaşlarından başlanılmalıdır.

Şagirdə canlı aləmə sevgi hissi erkən yaşlarından aşılansa o, küçədə heyvanları daşlamayacaq, ağacın budağını qırmayacaq, ətrafı zibilləməyəcək”.

Böyük alim Stiven Hovginqin “Bəşəriyyətin cəmi 800 il ömrü qalıb” fikrini xatırladan Böyükağa Mikayıllı bidlrib ki, dünyanın ömrünü uzatmaq insan oğlunun öz əlindədir: “O, bəşəriyyətin qorunması uğrunda ən böyük mübarizlərdən biri idi. Təbiəti qorumaq bizim öz əlimizdədir.

İnsan oğlu zavodları, istehsal müəssislərini normal işlətsək, meşələri kəsməsək, su mənbələrini israfçılıqla qurtmasaq 800 ildən də çox yaşaya bilərik. Bu gün uşaqlara təbiətə sevgi hissi aşılamalıyq ki, o gələcəkdə, iş adamına çevriləndə ətraf mühiti qorusun”.

Təbdirdə məktəbliləri maraqlandıran suallara cavab verilib. Onlar layihə haqqında görüləcək işlərlə bağlı məlumatlandırılıb. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziliyinin regional İdarəsinin sektor müdiri Rafiq Məhərrəmov və qurumun baş məsləhətçisi Vüqar Nəzərov iştirak ediblər.