• 24 Yanvar 2022
logo
QHT rəhbəri: “1 il vətəndaş cəmiyyətinin layihələri icra olunmayıb”

QHT rəhbəri: “1 il vətəndaş cəmiyyətinin layihələri icra olunmayıb”

Prezident İlham Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib. Belə ki, fərmana əsasən, sənədə yeni bənd əlavə edilib.

Bizim.Media mövzu ilə bağlı uzun illərdir ki, bu sahədə fəaliyyət göstərən "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri Niyaməddin Orduxanlıdan münasibət alıb.

Bizim.Media-ya özəl açıqlamasında ölkə başçısının imzaladığı fərmanı önəmli adlandıran Niyaməddin Orduxanlı onu da bildirib ki, agentlik yaranandan sonra 2021-ci ildə ölkədə fəaliyyət göstərən 4 min QHT ilə bağlı qrant müsabiqəsi elan edilməyib.

Müsahibin sözlərinə görə, bir sıra dövlət qurumlarının – Nazirlər Kabineti və Maliyyə Nazirliyinin arasında olan müzakirələr əsasında 1 il vətəndaş cəmiyyətinin layihələri icra olunmayıb:

“4 min QHT rəsmi qeydiyyatdan keçib və hər il dövlət büdcəsindən 6.5 milyon manat vəsait ayrılır. Bununla da bütövlükdə yüzlərlə QHT layihələri icra olunur və prosesdə onminlərlə insan iştirak edirdi. Təəssüf ki, bu il həmin qurumların müzakirəsi əsasında layihələrin icrası baş vermədi. Amma bundan sonra yeni yaradılmış agentlik öz qərarı ilə elan olunan qrant müsabiqələrinin yuxarı həddinin müəyyən olunmasını həyata keçirə biləcək. Belə ki, həmin səlahiyyət cənab Prezident tərəfindən agentliyə verildi. Bu da olduqca önəmli bir addımdır. Yəni, vətəndaş cəmiyyəti ölkənin ən vacib strukturudur.

Bu institut inkişaf etdirilməlidir. Vətəndaşla təmasın qurulması, vacib işlərin reallaşdırılması, mövcud problemlərin həlli, ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyətinin böyük rolu var”.

Niyaməddin Orduxanlı son 10 ildə QHT-lərin istər ölkədaxili, istərsə də xaricdəki fəaliyyətlərindən də bəhs edib. Və bunu müsbət qiymətləndirib.