• 24 İyul 2024
logo
İsmayıllıda ətraf mühitin qorunması ilə bağlı tədbir keçirilib – FOTOLAR

İsmayıllıda ətraf mühitin qorunması ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyi tərəfindən icra olunan “Milli inkişafın ekoloji istiqamətlərinin təşviqi” layihəsi çərçivəsində İsmayıllı rayonunda tələbə və gənclərlə görüş keçirilib.

İsmayıllı şəhərinin mərkəzində fəaliyyət göstərən Uşaq kitabxanasının akt zalında 50-dən çox iştirakçı ilə keçirilən görüşdə çıxışın edən Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov təşkilat məsullarının ideya və təkliflərini dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, qurum maliyyə yardımı göstərməklə, cəmiyyətimizdə aktuallıq kəsb edən məsələlərin həllinə ciddi təkan verir. Təbir iştirakçılarına müraciət edən natiq vurğulayıb ki, BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransının (COP 29) Bakıda baş tutması olduqca önəmli hadisədir. COP konfransları 1992-ci ildə Rio-de-Janeyrodakı “Yer Sammiti”ndə BMT-nin iqlim üzrə çərçivə konvensiyası qəbul edildikdən sonra keçirilməyə başlanılıb. Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də, XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Sözügedən konfransın zaman-zaman fərqli ölkələrdə keçirildiyini diqqətə çatdıran təşkilat sədri iştirakçı gənclərdən bu prosesdə aktivlik göstərmələrini istəyib.

Növbəti çıxış edən layihə rəhbəri Leyla Rəcəbzadə günümüzdə ətraf mühitin qorunması, milli inkişafın ekoloji istiqamətlərinin təşviqinin vacibliyinin önəmindən danışıb, görülən işlərə toxunub, layihə çərçivəsində təşkilat üzvlərinin üzərinə düşən öhdəlikləri xatırladıb.Geniş məruzə ilə çıxış edən layihə rəhbəri bildirib ki, ətraf mühitin çirklənməsi bərk, maye və qazaoxşar tullantıların təbii mühitə: atmosferə, hidrosferə, torpağa atılması ilə nəticələnən insanın təsərrüfat-məişət fəaliyyəti ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliklərə uğraması, ətraf mühitdə səs-küy, istilik, radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs dalğaları, titrəmə və sair kimi xoşagəlməz fiziki amillərin meydana gəlməsi bəşəriyyəti narahat etməyə bilməz.Bu problemlərin qarşısının alınmasında hər kəsin iştirakı bir tələbdir.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təmsilçisi Nəsimi Teymurov isə bu yöndə rayonda aparılan işlərdən danışıb və bildirib ki, ətraf mühitin çirklənməsi çirklənmənin sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi ilə səciyyələndirilir. Rayonda ətraf mühitin mühafizəsi, ekoloji durumun yaxşılaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini xatırladan natiq vurğulayıb ki, İsmayıllı meşələrində qırıntı hallarına yol verilmədiyini, əksinə olaraq meşələrin bərpası istiqamətində ardıcıl iş aparılır, yeni ağaclar əkilir və toxumlar səpilir.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov da mövzu ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.Sonda layihə çərçivəsində iştirakçılar üçün nəzərdə tutulmuş xüsusi köynək və papaq dəsti paylanılıb, gənclərin iştirakı ilə rayon mərkəzində flaşmob çəkilib.

Xatırladaq ki, layihənin icra müddəti 3 aydır.