• 3 Mart 2024
logo
David Araxamiya: Ukrayna Ali Radasının AŞPA-ya və Milli Məclisə müraciəti öz rolunu oynamalıdır

David Araxamiya: Ukrayna Ali Radasının AŞPA-ya və Milli Məclisə müraciəti öz rolunu oynamalıdır - MÜSAHİBƏ VİDEO

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır.

Bu fikri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ilə bağlı qərara münasibət bildirən Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya AZƏRTAC-a müsahibəsində deyib.

“Yaranmış vəziyyətə görə təbii ki, çox üzüldük. Biz bir-birimizin - həm Azərbaycanın, həm doğulduğum vətənim Gürcüstanın, həm də təəssüf ki, hazırda belə qanlı müharibənin getdiyi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirik. Bu isə hər bir dövlətin öz suverenliyini müdafiə etmək, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq hüququdur. AŞPA-da baş vermiş vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Hisslərə qapılmaq lazım deyil. Bizim parlamentin Xarici əlaqələr komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət edib. Bir xahişimiz var, - biz bu prosesin subyekti deyilik və iştirakçı kimi ortada olmaq istəmirik, - istəyirik ki, hər iki tərəf danışıqlar masası arxasında əyləşsin, ümumi razılıq əldə edilsin və hər şey olduğu kimi geri qaytarılsın. Çünki Azərbaycan və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti uzun onilliklər ərzində çox səmərəli işləyir, bütün dəyərləri - multikulturalizmi, demokratik dəyərləri bölüşürlər. Ona görə də bizə elə gəlir ki, bu anlaşılmazlıq daha çox hər iki tərəfin emosiyalarından qaynaqlanır. Buna görə bir neçə onillik ərzində davam etmiş təmsilçiliyi dayandırmaq üçün heç bir səbəb yoxdur. Ona görə də indi hər hansı detala varmıram. Mənə elə gəlir ki, bizim parlamentdən olan deputatlarımızın hamısının həm sizin parlamentə, həm də AŞPA rəhbərliyinə etdiyi müraciət öz rolunu oynamalıdır, çünki biz bugünkü vəziyyətimizdə birliyin nə olduğunu başa düşürük. Bu gün birlik böyük dəyərdir. Belə halların baş verdiyini görəndə birliyin çox vacib olduğunu anlayırıq. Ona görə də biz istəyirik ki, müharibə şəraitində yaşayan ölkə olaraq hər iki tərəfə müraciət edək və tərəflər danışıqlar masası arxasında əyləşib həll yolunu tapsınlar”, - deyə David Araxamiya bildirib.

Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir

AŞPA-nın üzvü olmadığını xatırladan D.Araxamiya bu qurumun mövqeyinin dəyərlərə necə zərbə vuracağını qiymətləndirə bilmədiyini qeyd edərək deyib: “Azərbaycana dəfələrlə səfər etmişəm və bu ölkə ilə bağlı təcrübəmi bölüşə bilərəm. Azərbaycan multikultural ölkədir, burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır, dözümlülük var. Mən Azərbaycanda küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbət etmişəm. Çox rahat şəkildə piyada gəzmişəm. İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər, kriminogen durum çox aşağı səviyyədədir. Ona görə də hesab edirəm ki, Azərbaycan bütün aspektlərdən beynəlxalq səviyyədə tanınmağa layiq ölkədir. Ümid edirəm ki, bizim indi başladığımız təşəbbüs həm ölkənizə, həm də AŞPA rəhbərliyinə bütün tərəflər üçün müsbət nəticəyə gətirib çıxarmağa, ümumi təmas və dialoq nöqtələrini tapmağa kömək edəcək”.

İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm

Azərbaycanda növbədənkənar prezident seçkilərinin nəticələrinə dair sualı cavablandıran fraksiya rəhbəri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

“Mən cənab Əliyevi şəxsən tanıyıram. Mən də prezidentimizin təbrikinə Ukrayna xalqı adından qoşuluram, Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır, ona görə də mən Prezidentinizə, ölkənizə səmimi-qəlbdən cansağlığı, firavanlıq arzulayıram. Əlbəttə ki, bütün azərbaycanlılar xoşbəxtdirlər. Sizin böyük tarixi Qələbəniz var. Siz ərazi bütövlüyünüzün bərpası ilə bağlı ilk nəticələri əldə edəndə mən elə orada idim, mindiyim taksinin sürücüsü ilə söhbət edəndə o dedi ki, bu hadisə əsrlər boyu yaddan çıxmayacaq. Bütün təbriklərə qoşuluram”, - deyə David Araxamiya bildirib.

Azərbaycan müharibə zamanı Ukraynaya ən operativ yardım göndərən ölkədir

Azərbaycanın Ukraynaya müharibə dövründə humanitar yardımlarını yüksək qiymətləndirən həmsöhbətim bildirib ki, müharibə zamanı Azərbaycan Ukraynanın dost dövlətləri arasında ən tez reaksiya verənlərdən biri oldu. Bizdə terror aktı ilə bağlı vəziyyət yarananda, Avropanın ən böyük su elektrik stansiyası partladıldı, sözün əsl mənasında, bütün şəhərlər su altında qaldı. Mən o zaman sizin ölkə rəhbərliyinə zəng etdim və 24 saat ərzində ilk təyyarə yükləndi və ünvana çatdı. Daha sonra bir neçə təyyarə göndərildi. Həmin vaxt bu, bizim üçün çox vacib idi. Təbii ki, daha böyük həcmdə yardımlar edən ölkələr var, amma burada önəmli olan Azərbaycanın həmişə göstərdiyi operativlik, səmimiyyət və mehribanlıqdır. Ona görə də biz vaxtında göstərdiyi köməyə və bizə dost münasibətinə görə Azərbaycana minnətdarıq və həmişə minnətdar olacağıq”, - deyə fraksiya rəhbəri qeyd edib.

Müharibə ilə bağlı vəziyyətimiz təəssüf ki, sadə deyil

David Araxamiya Ukrayna-Rusiya müharibəsinin gələcək vəziyyəti ilə bağlı danışarkən bildirib ki, müharibənin gedişi bu gün müsbət, sabah mənfi ola, onun dinamikası dəyişə bilər: “Təəssüf ki, indi vəziyyətimiz sadə deyil, çünki beynəlxalq yardımlarla bağlı məsələlər var, bu, ABŞ-da daxili siyasət mövzusuna çevrilib. Amma buna baxmayaraq, bizim çox müsbət proqnozlarımız var. Biz inanırıq və rəqəmlərdən də görürük ki, Ukrayna və Rusiyanın itkiləri təxminən 1-in 3-ə və ya 1-in 4-ə nisbətində Ukraynanın xeyrinədir və biz indi daha çox müdafiə əməliyyatındayıq.

Həmişə olduğu kimi, ordu və müharibə qanunları deyir ki, özünü müdafiə edənlər daha az itki verir və düşmənə daha çox zərbə vurur.

Bu gün müharibə strategiyası dəyişir. Bütün dünya, bütün analitiklər döyüş meydanında baş verənləri təhlil edirlər. Çünki hamı artıq başa düşür ki, ənənəvi məhvetmə üsulları - artilleriya, zirehli texnika, praktiki olaraq lazım deyil, çünki pilotsuz uçuş aparatları onları məhv edir, dronların müharibəsi gedir. Yəni, NATO-nun analitik qeydlərində gələcəkdə müharibələrin necə olacağı ilə bağlı oxuduqlarımı, təəssüf ki, bu gün artıq qismən ölkəmdə döyüş meydanında görürük. Əlbəttə, hamımız sülh istəyirik, amma təbii ki, sülhü başqa şərtlərlə deyil, bizim üçün əlverişli şərtlərlə istəyirik. Başa düşürük ki, biz heç kimə hücum etməmişik. Bizə qarşı təcavüz edilib. Buna görə də bu gün bütün dünya bu prizmadan baxır, təbliğat hər şeyi nə qədər dəyişməyə çalışsa da, hamı nə baş verdiyini anlayır. Biz sakit yaşayırdıq və gözəl bir gündə bizə hücum etdilər. Amma biz özümüzü müdafiə edəcəyik. Dövlət, hakimiyyət, Ukrayna xalqı özünü müdafiə etməyə hazırdır. Tərəfdaşlarımız, müttəfiqlərimiz, dostlarımız hər zaman bizə kömək etməyə hazırdırlar”, - deyə David Araxamiya bildirib.