• 9 May 2024
logo
AŞPA daha çox itirəcək, nəinki AŞPA-sız Azərbaycan

AŞPA daha çox itirəcək, nəinki AŞPA-sız Azərbaycan

Vüqar Əhmədov: “Avropa Şurası bəyan etdiyi öz prinsip və dəyərlərinə zidd çıxır”

Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq edən əsas ölkələrdən biridir. Azərbaycan bu günə kimi AŞPA-nın işində yaxından iştirak edib, alt komitələrdə keçirilən müzakirələrdə fəal iştirak edib, dəfələrlə Parlament Assambleyasının vitse-prezidentliyində təmsil olunub.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Əhmədov deyib.
Onun fikrincə, son qərarla AŞPA Azərbaycansız qaldı. Vəziyyət düzəlməyənə qədər parlamentarilərimiz AŞPA sessiyalarına qatılmayacaq. Bununla Azərbaycan ciddi heç nə itirməyəcək, çünki Avropa Şurası kimi qurumlar və onun orqanları dövlətlərlə işləmək üçün yaradılıb və Azərbaycan da qarşılıqlı bu qurumlarla əməkdaşlığa geniş şərait yaradıb. Avropa Şurası ölkəmizlə əməkdaşlığı tək Parlament Assambleyası ilə qurmur, eyni zamanda qeyd olunduğu kimi insan haqları, məhkəmələr, yerli və regional hakimiyyətlər konqresi, mətbuat və Qeyri-Hökumət Təşkilatları sahəsində də müvafiq qurumlarda və bu təşkilatın orqanlarında uğurla təmsil olunur. Bu günə qədər ölkədə insan hüquq və azadlıqları, seçki və media qanunvericiliyi, yerli özünüidarəetmə institutlarının işinin təşkili və digər sahələrdə Avropa Şurası tərəfindən verilən tövsiyələr nəzərə alınıb və icra olunub. Azərbaycan Avropa Şurasında təmsil olunmaqla bu qurumun ölkəmizdə müvafiq sahələrdə monitorinq aparmaq və bu qurumlarla əməkdaşlıq etmək imkanları əldə olunub. Azərbaycan hökuməti hər zaman Avropa Şurasının müvafiq orqanlarının təmsilçilərinə və AŞPA üzvlərinə Azərbaycana səfərlər etməyə, ölkəmizdə öz nümayəndəliyini açmağa, vətəndaş cəmiyyəti təşkilatlarına maliyyə vəsaiti ayırmağa və ölkəmizdə aparılan dövlət quruculuğu sahəsində islahatlarda iştirak etməyə şərait yaradıb. Yəni üzvülük həm də Azərbaycana çıxışın əldə olunması demək olub. Bütün bu məsələlər, ölkənin bu qurum qarşısında götürdüyü öhdəliklərin əksəriyyəti uğurla həyata keçirilib və bununla bağlı AŞPA iclaslarında müzakirələr aparılıb. Azərbaycanın bu qurumdan əsas gözləntiləri isə işğalçı Ermənistana daha çox təzyiqlərin edilməsinə və sanksiyaların tətbiq olunmasına nail olmaq olub. Təəssüf ki, bu qurum Ermənistanın işğalçı olmasını bildiyi halda illərlə bu quruma heç bir ciddi tədbir və sanksiya tətbiq etmək üçün fəallıq göstərməyib: “Bu gün biz Azərbaycanın torpaqlarını öz gücü hesabına işğaldan azad edəndən sonra AŞPA-nın məlum qərarı fonunda bu qurumun ölkəmizə qarşı münasibətinin kəskin dəyişməsinin şahidi oluruq. Maraqlı sual ortaya çıxır: artıq Azərbaycanda insan hüquqları və demokratikləşmə, idarəetmə və sülh quruculuğu AŞ üçün bu qədər maraqlı olmadığına görə AŞPA belə bir addım atır. Axı AŞPA dialoq və müzakirələr platformasıdır və əsas məqsədi siyasi dialoqa və demokratiyanın inkişafına töhfə verməkdir. Buradan artıq belə bir qənaətə gəlmək olar ki, Avropa Şurası bəyan etdiyi öz prinsip və dəyərlərinə zidd çıxır, öz dəyərlərinə etinadsız yanaşır və öz missiyasını yarımçıq qoymuş olur. Belə olmasa idi Avropa Şurası Azərbaycana qərəz bəsləyən bir qrup avropalı parlamentarilərin qərarlarını yox, öz prinsip və dəyərlərini üstün tutardı”.
Politoloq deyib ki, AŞPA-dan çıxmaqla Azərbaycan heç nə itirməyəcək, çünki AŞPA-sız Azərbaycanın yaşadığı dönəmlər də olub. Azərbaycansız isə AŞPA və ümumilikdə Avropa Şurası bir beynəlxalq təşkilat kimi itirəcəyi çox şey olacaq. Bu təkcə sözügedən təşkilatın üzvlərinin sayının 46-dan 45-ə enməsi ilə kifayətlənməyəcək, eyni zamanda da Avrasiya qitəsinin önəmli ölkəsi olan Azərbaycana çıxış imkanları məhdudlaşacaq. Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı bir tək AŞPA ilə məhdudlaşmır, burada Baş Katiblik, Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi, Yerli və Regional Hakimiyyətlər Konqresi, İnsan Hüquqları üzrə Komissarlıq, beynəlxalq qeyri-hökumət təşkilatları konfrnası və digər sahələrdə əməkdaşlıqlar mövcuddur. Lakin AŞPA-da bir qrup reallıqdan uzaq və ermənipərəst parlamentarilərin belə bir qərar verməsi Azərbaycanın tamamən Avropa Şurasından uzaqlaşması ilə nəticələnə bilər. Dolaysı ilə Avropanın bu qocaman təşkilatı bir dövlətin AŞPA-dakı üzvlük statusunu ağlını itirmiş bir qrup deputatın marağına qurban verir. Bu isə AŞPA-da fikir müxtəlifliyinə, siyasi plüralizmə və fərqli siyasi qütblərin təmsilçiliyinə ciddi zərbədir. Azərbaycansız AŞPA Qafqaz regionu ilə bağlı fərqli siyasi baxışdan, hazırda Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinə töhfə verməkdən, Azərbaycanın siyasi və ictimai institutları ilə əməkdaşlıqdan və illik üzvlük haqqından məhrum olması deməkdir. Ən əsası isə Avropa Şurasının dəyərlərində müxtəlifliyin qorunması əsas prinsip olaraq elan olunub və bu qurumda Türkiyədən sonra yeganə müsəlman üzv dövlət Azərbaycandır. Azərbaycana belə bir münasibət sərgiləməklə bu qurumun siyasi və dini müxtəlifliyə və fərqliliyə, hər kəsin təmsil olunma hüququna nə dərəcədə zərbə vurması ortaya çıxmış olur. Bu isə digər dövlətlərdə dəyərlərlə bağlı bu təşkilata münasibətin ciddi şəkildə dəyişməsinə səbəb olacaq. Azərbaycansız AŞPA digər üzv dövlətlərin bu quruma olan etimadını azalda, təşkilat daxilində mövcud olan konsensusa mənfi təsir göstərmiş olacaq: “Avropa Şurası illər öncə Azərbaycana ona görə maraq göstərmiş və onu üzv qəbul etmişdir ki, Azərbaycan Avropa ilə Asiya qitəsində yerləşən, Avropanı enerji ilə təmin edən və Asiyadan Avropaya transit rolunu oynayan bir ölkədir. İllərdir ki, Azərbaycan bu roluna sadiq qalaraq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamışdır. AŞPA-da Azərbaycana sərgilənən ədalətsiz münasibət isə Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığına yenidən baxmağa və digər regional təşkilatlarla əməkdaşlığa üstünlük verməyə sövq edə bilər.
Şübhəsiz ki, AŞPA-sız da Azərbaycan inkişaf edəcək, ayrı-ayrı dövlətlərlərlə qurulan parlamentlərarası qruplar çərçivəsində əməkdaşlığını davam etdirəcək. Bu ölkələrlə eyni zamanda enerji və ticarət, nəqliyyat və iqtisadiyyatın müxtəlif sahələrində işbirliyi davam edəcək. Eyni zamanda AŞPA-sız Azərbaycan Avrasiya İttifaqında və Şanxay Əməkdaşlıq təşkilatında təmsil oluna bilər. Bunların fonunda isə Avropa əlində rəhbər tutduğu dəyərlərə naxələf çıxmaqla getdikcə kiçilə və Azərbaycan kimi vacib regional siyasi oyunçularını itirə bilər”.
V.Əhmədov onu da vurğulayıb ki, Azərbaycansız AŞPA bu təşkilatın əsas sahə elan etdiyi və illərlə çalışdığı mədəniyyətlərarası və dinlərarası dialoq, Şərq-Qərb sivilizasiyalar dialoquna vurulan zərbə deməkdir. Demokratik dəyərlər isə daha çox dialoqu təşviq edir. AŞPA-da Azərbaycanın əleyhinə səs verən deputatların isə Qarabağda erməni vandalları tərəfindən dağıdılan məçidlərmiz və dini abidələrimizə bir dəfə də olsun belə baş çəkmək haqqında düşünmədən əsas dərdi Laçın dəhlizinə çıxışının əldə olunmasıdır. Bəs harda qaldı dini və mədəni müxtəliflik dəyərləri, etiqad azadlığının əsas götürülməsi və müxtəlif dinlərə, xalqların mədəni və dini irsinə hörmət? Belə çıxır ki, AŞ-nın illərlə bu sahədə həyata keçirdiyi layihələr və işlər sadəcə yalançı şüar imiş?
Əgər AŞ uğurlu qurum olmaq və Şərqə genişlənmək, eyni zamanda müsəlman dünyası ilə yaxşı əlaqələr qurmaq istəyirsə, Azərbaycan kimi ölkələrlə Avropa Şurası Parlament Assambleyası çərçivəsində konstruktiv əməkdaşlığın qurulması çox vacibdir. Çünki AŞPA-nın qayəsi və bir siyasi platforma kimi yaranma amalı siyasi müzakirələrin və dialoqun aparılmasına xidmət edir. Azərbaycansız AŞPA isə bu müzakirələrin birtərəfli aparılmasına və bir ölkə ilə dialoqun sonlanmasına gətirə bilər: “Əslində Azərbaycan öz suverenliyini tam bərpa edəndən və güclənəndən, ərazisində uzun illər çəkən münaqişəyə son qoyandan sonra bu platformaya ehtiyac duymaya bilərdi. Lakin baxmayaraq ki, vaxtaşırı ikili standar və qərəzli münasibətlə üzləşib, Azərbaycan belə bir addımı atmadı, çünki Azərbaycan hökuməti hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa müsbət yanaşıb. İndi Azərbaycan öz siyasi və ictimai institutlarının inkişafının elə bir mərhələsindədir ki, beynəlxalq təşkilatların işinə bir çox sahələrdə daha çox töhfə verə bilər. Ancaq AŞPA çox radikal və öz dəyərlərinə zidd olan utancverici bir qərar qəbul etdi və bu qərar yalnız bu təşkilata və onun dəyər və prinsiplərinə hörmətszlik deyil, eyni zamanda bu təşkilatda təmsil olunan üzv ölkələrin də maraqlarına zidd atılmış qərardı.
Bir də bu məqamda maraqlı bir məsələ ortaya çıxır və bu da ondan ibarətdir ki, həqiqətənmi AŞPA-da təmsil olunan bütün ölkələrdə insan hüquqları və demokratik vəziyyətlə bağlı bütün öhdəliklər yerinə yetirilir? Avropa Şurasının üzvü olmaq imkan verirmi ki, bu qurum digər ölkənin daxili işlərinə qarışsın və onu haqsız yerə və milli maraqların toxunduğu mövzularda əsassız tənqit etsin. Bu hüququ AŞPA-ya kim verib?”
Əlbəttə ki, ölkədən geri dönərək milli maraqlarımıza toxunan məsələ ilə bağlı qeyri-obyektiv hesabat hazırlayan qurumu heç bir dövlət öz yanaşmasında korrektə etməmiş yenidən monitorinq aparmaq üçün dəvət etməz. Gərək bunu da AŞPA unutmasın. Üzv dövlətləri arasında ayrı-seçkilik etmək əvəzinə yaxşı olar ki, AŞPA bu platformada təmsil olunan bəzi Avropa parlamentarilərin keçmişdəki fəaliyyətini də araşdırsın.
Azərbaycansız Avropa Şurası həm də öz ərazisində uzun çəkən münaqişənin nəhayət sülh danışıqları yolu ilə sonlanması üçün bir dialoq platforması olma imkanından məhrum oldu və bu AŞPA üçün ciddi bir itki sayıla bilər. İndi Azərbaycanın AŞPA-da tam qalma və bu dialoqu davam etdirmə zamanı idi ki, biz bu qurumdan belə bir ədalətsiz və səhv qərarın şahidi olduq: “Azərbaycan və onun parlamenti AŞPA-da təmsil olunmadan da inkişaf edəcək, parlamentin siyasi palitrası zənginləşəcək, tərəfdaş ölkələlərlə mübadilələr genişlənəcəkdir və Azərbaycansız AŞPA daha çox itirəcək, nəinki AŞPA-sız Azərbaycan. AŞPA bu qərarı ilə kollektiv dözümsüzlüyünü, fikir müxtəlifliyinə qarşı olduğunu, irqçi, islamafob, türkəfob və ksenefob bir təşkilat olduğunu, ikili standartlarla fəaliyyət göstərdiyini, fəaliyyət göstərdiyi coğrafı ərazidə bir dövlətin maraqlarını digərindən, işğalçının maraqlarını işğala məruz qalandan üstün tutduğunu, bir sözlə bərabər hüquqlar təşkilatı olmadığını bir daha ortaya qoymuş oldu. Belə bir təşkilatın Parlament Assambleyasına isə qayıtmaq və bu qurumdan obyektivlik gözləmək lüzumsuzdur.
Azərbaycansız AŞPA bir xristian klubu kimi daha da xristianlaşacaq, eyni zamanda müxtəlif xalqlardan və dinlərdən olan ölkələrə dözümsüz yanaşdığını, öz prinsip və məqsədlərindən çox-çox uzaqlaşdığını nümayiş etdirmiş oldu və bu fakt Pan Avropa məkanındakı digər üzv dövlətlərin bu təşkilata olan inamını ciddi şəkildə sarsıtmış olacaq”.

Cavid