• 4 Oktyabr 2023
logo
“Azərbaycan  Rusiya sülhməramlı qüvvələrinin  Xankəndi-Agdam yolundan istifadə etməsini tələb etməlidir”

“Azərbaycan  Rusiya sülhməramlı qüvvələrinin  Xankəndi-Agdam yolundan istifadə etməsini tələb etməlidir”

Məhəmməd Əsədullazadə: “Rusiyanın əsas planı erməni separatizminə dəstəyi davam etdirməkdir”

Son zamanlar dünyada və bölgədə vəziyyətin daha da gərginləşdiyinin şahidi oluruq. Ukrayna savaşı özü ilə bərabər həm də geosiyasi dağıntılar gətirir. Afrikada baş verən hadisələr də məhz bu qəbildəndir. Fransanın Rusiya və Çinlə toqquşan geosiyasi maraqları bir çox bölgədə münaqişə və xaos formasında meydana çıxır.
Son zamanlar Azərbacanın suveren ərazilərində bş verənlər də məhz məsələyə öz maraqlar kontekstində yanaşan və sülhə mane olan qüvvələrin əməlləri kimi təzahür edir. Bu və digər məsələlərlə bağlı suallarmızı politoloq Məhəmməd Əsədullazadə cavablandırdı.
-Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin təminatını və rotasiyasını Ermənistan vasitəsilə deyil, Xankəndi-Agdam yolundan istifadə etməklə həyata keçirməsini tələb etməlidir. Laçın yolunda Nəzaət Buraxılış Məntəqəsinin qurulduğu və Azərbaycan öz sərhədlərini tam bağladığından Rusiya sülhməramlı qüvvələri Ermənistanla əlaqələri kəsilməlidir.
Ruslar Helikopterlərdən lojistikanı həyata keçirirlər. Azərbaycan konkret sual verməlidir, niyə Ermənistan ərazisindən lojistika olmalıdır. Rusiyanın əsas planı erməni separatizminə dəstəyi davam etdirməkdir.
-Görünən odur ki, Rusiya nəinki sülhün əldə olunmasına, ümumiyyətlə birbaşa təmasların da baş tutmaması üçün hər şeyi edir...
-Rusiya son olaraq Yevlax görüşünün keçirilməsinin də qarşısını alıb. Demək olar ki, bütün təmaslar dayanıb.
-Belə olan halda Azərbaycan konkret olaraq hansı addımı atmalıdır?
-Azərbaycan yalnız güc tətbiq etməklə, prosesləri lehinə dəyişə bilər. Danışıqlar vaxt uzatmaqdan ibarətdir. Ermənistan bundan istifadə edib, Azərbaycan əleyhinə cəbhə formalaşdırır. 30 il bizə dərs olmadı ki, biz yenədə danışıqlarla nəyinsə həllinə nail olacağına inanırıq?
Başa düşməliyik ki, ermənilər məğlubiyyətlə barışmır və sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər.
-O zaman Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı hansı anlama gəlir?
-Ola bilər ki, Nikol Paşinyan və onun kiçik komandası sülhdə maraqlı olsun. Amma, Paşinyanın komandası monolit deyil. Nəzərə alsaq ki, ordu da tam Paşinyanın tabeçiliyində deyil. Ona görə də Azərbaycan yalnız güc milinə üstünlük verməlidir.
-Belə çıxır ki, “Humanitar şou” məhz Ermənistan üçün sülhün imzalanmaması ilə bağlı əsas yaratmaqdan ibarət olub...
-Ermənistan tərəfindən Humanitar yük şousu danışıqlar prosesini əngəlləmək xarakteri daşıyırdı. Yəni məqsəd odur ki, Rusiya prosesi pozur və nəticədə iki ölkə arasında mümkün sülh danışıqları təxirə salınır...
-Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun toplantsında bəyan etdi ki, Rusiya 2025-ci ilə qədər bölgədən çıxmalıdır. Bu həm də Türkiyənin Rusiyanın oyunlarına seyrçi qalmayacağı ilə bağlı prinsipial mövqeyi idi. Putinlə Ərdoğnın görüşündə razılıq əldə oluna bilərmi?
-Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərində Ermənistan Azərbaycan məsələsi və Qarabağda Rusiyanın fəaliyyəti müzakirə ediləcək. Türkiyə bu məsələdə Rusiyaya güzəştə getməyəcək. Rusiya reinteqrasiya prosesinə mane olur. Silahli erməni birləşmələrinin çıxarılmasına imkan vermir. Bu da Ankaranı narahat edir.
Rusiya və Türkiyə arasında Qarabağda silahli erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri müzakirə ediləcək. Düşünürəm ki, Rusiya da güzəştə getməyəcək.
-O zaman silahların işə düşəcəyini demək mümkündür?
-Bəli, belə nəticə olacağı halda ilk öncə Türkiyə və Azərbaycan təzyiq siyasətinə keçəcək. Növbəti mərhələdə Azərbaycanın anti-terror əməliyyatlarının keçirilməsi gündəliyə gələ bilər.
-Rusiya-Ukrayna savaşında da vəziyyət getdikcə gərginləşir. Artıq dünyanın nüvə təhdidi ilə üz-üə qaldığını demək mümkündürmü? -Ukraynanın xarici işlər naziri Kuleba bir neçə gün öncə Putinlə heç vaxt danışıqlar aparılmayacağını və Zelenskinin Putinlə bir stolda otura bilməyəcəyini vurğulayıb. İki ölkə arasında ziddiyyətlər o qədər dərindir ki, birbaşa dialoqun baş tutması mümkün görünmür. Ukraynanın əks-hücumları intensivləşir və Rusiyanın ərazilərinə PUA hücumları təşkil edilir.
Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərində Ukrayna ilə mümkün danışıqlar prosesinin başlanması müzakirə ediləcək. Putin artıq Türkiyə ilə danışıqlarda maraqlıdır. Türkiyə prezidentindən yenidən vasitəçilik etməsini xahiş etməsi istisna deyil. Çünki Ukraynanın əks-hücumları effektli olaraq Rusiya qoşunlarının geri çəkilməsinə, təchizatında ciddi problemlərin yaşanmasına gətirib çıxarır. Qara dəniz Taxıl sazişinin müzakirə edilməsi gözlənilir. Taxıl sazişi ilə bağlı razılıqın əldə edilməsi mümkün ola bilər.
-Türkiyənin vasitəçiliyi cüzi də olsa irəliləyişə səbəb ola blərmi?
-Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqların baş tutması o qədər də inandırıcı deyil. Ukrayna indiki şərtlər daxilində danışıqlara getməyəcək. Ukrayna və Rusiya danışıqları Zaparojye, Mariuopol və Azıb dənizi sahili işğaldan azad olunduqdan sonra baş tuta bilər. Bundan sonra Rusiya güzəştlərə getməyə hazır olacaq.
-Növbəti gərgin ocaq Afrikada yarandı Burada da Rusiya- Fransa qarşıdurmasını gərginliyin əsas səbəbi hesab etmək mümkündürmü?
-Bütün dünyaya bəllidir ki, Fransanın Afrikada nüfuzu getdikcə zəifləyir. Konkret olaraq Afrika ölkələri olan Nigerdə, Mərkəzi Afrika Respublikasında və digər ölkələrdə geosiyasi mövqeyi ciddi şəkildə zəifləyir. Həmçinin sözügedən regionda Rusiya ilə Fransanın maraqları toqquşur. Demək olar ki, Afrika uğrunda Rusiya və Fransa burada hərbi toqquşma müstəvisinə keçmək mərhələsindədir. İki ölkə arasında siyasi və informasiya savaşı gedir. O cümlədən, Fransa əvvəllər Ukraynanın silahla təchiz olunmasında passiv mövqedən çıxış edirdisə, son dövrlər bu siyasətini dəyişir. Fransa Ukraynaya bir sıra silahların verilməsində aktiv iştirak edir. Hətta bir sıra ağır silahların Kiyevə verilməsini sürətləndirir. Əlbəttə ki, bütün bunlar Moskvanı qıcıqlandırır. Bu səbəbdən Rusiyada Fransa əleyhinə tənqidlər artır. Daha sərt formada Makron hakimiyyəti tənqid olunur. Bütün bunların fonunda, əlbəttə ki, Ermənistanda Fransanın siyasəti Rusiya ilə toqquşacaq.
-Bu qarşıdurma Azərbaycana hansısa imkanlar yaradırmı?
-Əlbəttə ki yaradır. Bilirsiniz ki, Fransa Qarabağla bağlı qeyri-konstruktiv mövqe ortaya qoyur. Nəzərə almaq lazımdır ki, burada Rusiyanın mövqeləri müəyyən şəkildə ermənilərlə eynidir. Amma ziddiyyətlər dərinləşdikcə Rusiya Fransaya qarşı burada mövqeyini kəskinləşdirəcək. Hesab edirəm ki, ziddiyyətlər ortaya çıxacaq. Bu da Azərbaycana taktiki gedişlər etməyə imkan verəcək. Nəticədə Fransanın bizim regionda siyasi mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. Azərbaycanın istəklərindən biri də məhz budur...

Əli