• 4 Oktyabr 2023
logo
Eyfel ucalıq deyil

Eyfel ucalıq deyil

Ruanda Respublikasının prezidenti Pol Kaqame, hakimiyyətə gəldikdən qısa bir müddət sonra Fransanı ölkəsinin ərazisində 1994-cü ildə həyata keçirilən soyqırımında ittiham etmişdi. Kaqame bəyan etmişdi ki, tutsi xalqını təmsil edən 800 min nəfəri qətlə yetirən xutu əsgərləri Fransa tərəfindən silahlandırılıb və onlara hərbi təlim keçirilib. Sitat: "Fransızlar bu haqda bildiklərinə baxmayaraq onları (xutu əsgərlərini) müdafiə edirdilər. Fransızlar bu qətliamı həyata keçirənləri silahla təmin edir, təlimatlandırır və əmr verirdilər. Onlar, eyni zamanda insanların kütləvi şəkildə qətlə yetirildiyi əməliyyatlarda birbaşa iştirak edirdilər".
Elə həmin dövrdə də Ruanda prezidentinin açıqlamasına Fransanın ciddi və tutarlı cavabının şahidi olmamışdım. Paris, hər zaman olduğu kimi saymazyana davranmışdı. Çünki Fransa tarixi soyqırım cinayətlərindən, vandalizm aktlarından, zülm və əsarətdən ibarətdir.

Zülm və əsarət

Bu tarix XVI əsrdən başlayır. 1541-43-cü illərdə fransızlar Lavrentiya hövzəsinin, 1589-99-cu illərdə Floridanın, 1555-60-cı illərdə Braziliyanın yerli sakinlərini kütləvi şəkildə qətlə yetirərək, həmin əraziləri qəsb edirlər.
XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal altına alırlar. 1663-cü ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilir. XVII əsrin 30-cu illərində Qvadelupa, Martinka və Haitinin bir hissəsi qəsb olunur. Yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilir, Avropanın və Amerikanın qul bazarlarında satılırlar.
Afrika XVII əsrdən etibarən fransızların işğalına məruz qalır. Yerli əhali zorla digər fransız kaloniyalarına köçülür, məcburi əməyə sövq edilir.
1792-1815-ci illərdə Fransa koloniyalarının böyük hissəsi Böyük Britaniya tərəfindən yenidən qəsb olunur. 1800-ci ildə Luizananın qərb hissəsi ABŞ-a satılır.
XIX əsrin 30-cu illərində Fransa yenidən qəsbkarlıq siyasəti həyata keçirməyə başlayır. 1830-cu ildə Əlcəzairin işğalıyla nəticələnən döyüşlərdə onminlərlə əlcəzairli qətlə yetirilir. Fransızlar eyni qətliamları 1831-ci ildə Tunisdə, 1839-70-ci illərdə Qabonda, 1842-ci ildə Fil Dişi Sahilində, 1854-cü ildə Seneqalda həyata keçirirlər.
1842-ci ildə Sakit okeandakı Markiz adaları, 1867-ci ildə Cənubi Vyetnam (Koxinxin), 1863-cü ildə Kamboca, 1885-ci ildə Mərkəzi və Şimali Vyetnam, Madaqaskar adaları, 1880-90-cı illərdə Konqo, Nigeriya, Ubanqi, Şari, Çad gölü sahilləri, Sudan, Mərakeş işğal olunur.
1895-1904-cü illərdə Seneqal, Qvineya, Sudan və s. Qərbi Fransa Afrikası, Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad isə Ekvatorial Fransa Afrikası general-qubernatorluğu altında birləşdirilir.
Birinci dünya müharibəsi ərəfəsində Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Reyunon, Somali, Koxinxin, Kamboca, Annam, Tonkiy, Laos, Qvadelupa, Martinka, Qviana, Sen-Pyer, Mikelon, Polineziya, Yeni Kaledoniya, Yeni Qebrid adaları Fransanın nəzarətində idi.
Birinci dünya müharibəsindən sonra Fransaya məxsus qəsb edilmiş ərazilərə Toqo, Kamerun, Siriya və Livan da əlavə olunur.
1920-30-cu illərdə Suriya və Mərakeşdə başlayan milli azadlıq hərəkatları zamanı onminlərlə dinc insan fransız hərbi birləşmələri tərəfindən qətlə yetirilir.
İkinci dünya müharibəsindən sonra, 1954-cü ilə kimi Fransa koloniyalarının bir hissəsi öz müstəqilliklərini əldə etdilər. 1954-58-ci illərdə Əlcəzairin milli azadlıq hərəkatında 300 mindən çox dinc sakin, o cümlədən qadınlar və uşaqlar qətlə yetirildi, Əlcəzair xalqına qarşı amansız soyqırım siyasəti həyata keçirildi. Bütün bunlar baxmayaraq, Əlcəzair öz müstəqilliyini əldə etdi. Daha sonra Kamerun, Toqo, Mali, Seneqal, Sudan, Madaqaskar, Benin, Nigeriya, Fil Dişi Sahili, Çad, Konqo, Qabon, Mavritaniya, Cibuti fransız zülmündən qurtuldu.
Buna baxmayaraq, hələ də Renyunon, Sen-Pyer, Mikelon, Yeni Kaledoniya, Polineziya, Uollis, Futuna, Mayotta və Yeni Qebrid adalarında yaşayan xalqlar hələ də müstəmləkəçi Fransanın əsarətindədir.

Fransanın gerçək üzü

Bir neçə ay sonra BMT-nin 78 yaşı tamam olacaq. Zərrə qədər də müdrikləşməyib. İnsan hüquq və azadlıqlarının ən yüksək dəyər hesab edildiyi cağdaş dünyada Fransa kimi qəsbkar bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması bütün sivil bəşəriyyətin təhqir olunması deməkdir.
Əslində, Fransanın Ermənistana dəstək verməsində qeyri-adi heç nə yoxdur. Ermənistan uzun illərdir ki, “kiçik Fransa” rolunda çıxış edir. Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması, azərbaycanlılara məxsus dini, mədəni və tarixi abidələrin məhv edilməsi, kütləvi məzarlıqlar, Xocalı soyqırımı buna sübutdur. Fransa və Ermənistanı yaxınlaşdıran da məhz bu "dəyərlər"dir.

Eyfel və Qız Qalası

Hələ kiçik yaşlarımdan yaxınlarımın heyrətlə tamaşa etdikləri Eyfel qülləsinin fotoşəkillərindən bir o qdər də xoşlanmırdım. Doğrusu, elə indi bu nəhəng, zövqsüz və faydalılıq əmsalı olmayan dəmir paçasının nə üçün ucaldılmasını başa düşə bilmirəm...
Bəlkə düşüncələrimiz, dünyagörüşümüz arasındakı fərq də elə buradadır. Bakının simvolu bəkarət və sədaqət rəmzi olan Qız Qalası, Parisin rəmzi isə Eyfel qülləsidir.
P.S. Hər bir millətin tarixi onun mənəvi dəyərlərinin, mədəniyyətinin göstəricisidir. Mədəniyyət isə təkcə könül oxşayan musiqidən, çılın-çılpaq qadın heykəllərindən, açıq-saçıq rəqslərdən, zahiri gözəllik effektlərindən ibarət deyil. Daha dərin, daha böyük anlayışdır.
Bununla, mən Jan Melye, Mari Fransua Arue (Volter), Şarl Monteskye kimi filosofların, Balzak, Bekket, Düma, Paskal, Sartr, Selin kimi ədəbiyyat dühalarının, Bize, Bryuno, Qodar, Qretri, Quno, Debussi, Kuperon, Russel, Fore kimi böyük bəstəkarların üzərinə kölgə salmaq istəmirəm. Əsla! Bu insanlar müasir Fransanın rəmzi olan Eyfel qülləsindən daha ucalıqda dayanırlar.
Təəssüf ki, Fransa Robespyerin yox, Napoleonun yolu ilə addımlayır...

Elçin Mirzəbəyli