• 12 İyul 2025
logo
“Rusiya anladı ki, Azərbaycan ictimaiyyətinin səbri artıq daşmaq üzrədir”

“Rusiya anladı ki, Azərbaycan ictimaiyyətinin səbri artıq daşmaq üzrədir”

Elman Cəfərli: “Ermənilərin Azərbaycanın sərvətlərini talamasına son qoyulmalıdır”

Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən fəalların, könüllülərin Xankəndi-Laçın yolunda başladığı aksiya üçüncü gündür ki, davam edir. Ölkədə və dünyada kifayət qədər ajiotaj doğurmuş aksiya hansı nəticələri doğura bilər? Azərbaycanın yeraltı sərvətlərinin ermənilər tərəfindən talan edilməsi, torpaqlarımıza qarşı ekoloji terror dayandırılacaqmı?
Müsahibimiz aksiyanın iştirakçısı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, jurnalist Elman Cəfərlidir.
- Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi, Ağdərə, Xocavənd rayonlarında yaşayan ermənilərin təxribatları artıb. Azərbaycanın mövqeləri qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulur. Qarabağ iqtisadi rayonuna daxil olan Ağdərə rayonunda Dəmirli və Qızılbulaq qızıl yataqları ermənilər tərəfindən istismar olunur, talan edilir. 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyannaməsi ilə bölgədə sülhü təmin etməli olan Rusiya sülhməramlı qüvvələri isə onların hərəkətlərinə göz yumur, bəzən onlara şərait yaradır. Dəfələrlə müraciət olunmasına baxmayaraq Azərbaycanın yeraltı sərvətlərin talan edilməsi ölkə ictimaiyyətini qəzəbləndirib. Bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzerGold” QSC-nin əməkdaşları Xocalıda yerləşən qərargahında Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr aparıblar.
Azərbaycan ekoloqlarının tələbi bu idi ki, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi, Ağdərə, Xocavənd rayonlarında qanunsuz yollarla istismar olunan filiz yataqlarının monitorinqinə şərait yaratsınlar. Lakin bu tələblər qulaqardına vurulur.
Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları belə bir təşəbbüslə çıxış etdilər ki, ermənilərin istifadə etdiyi Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilsin. Dekabrın 11-də bir qrup vətəndaş cəmiyyəti fəalı, jurnalistlər Bakıdan Şuşaya yola düşdük. Məqsəq Xankəndidən Laçına gedən yolda etiraz aksiyası keçirmək idi. Bazar günü Şuşaya gecə saatlarında çatdıq. Dekabrın 12-də əllərində erməni talançılığına, Rusiya sülhmərmalılarının laqyedliyinə etiraz şüarları yazılmış plakatlar tutan QHT fəalları Xankəndi-Laçın yolunu kəsdi.
-Bu zaman hər hansı problem yaranmadı ki?
-Bundan sonra Rusiya sülhməramlıları dərhal hərəkətə keçdilər. Hər iki yandan yolu əslində onlar kəsdi. Əraziyə 70-yə yaxın sülhməramlı hərbçi, 2 BMP gətirildi. Şlaqbaumun qarşısında yaranmış sühməramlılar etiraz aksiyasına toplaşanlara qarşı qəzəbli görünürdü. Dinc aksiyaya mane olmasalar da, bizi də qabağa buraxmırdılar.
-Aksiyada hansı şüarlar səsləndi? Əsas tələblər nə idi?
-Əsas tələblər bu idi ki, rusiyalı sülhməramlılar öz dövlət başçılarının imzasına hörmət qoysunlar, üç tərəfli Bəyannamənin bəndlərinə əməl etsinlər. Həmin bəyannamədə Rusiya sülhməramlıları bölgədə sabitliyin qorunmasını, qanunsuz hərəkətlərin qarşısının alınmasını vəzifə olaraq öz üzərlərinə götürüblər. Zəhmət çəksib, öz missiyalarını yerinə yetirsinlər. Rusiya sülhməramlılarının mandatının müddəti 2025-ci ilə qədərdir. Belə çıxır ki, qarşıdakı 3-4 il ərzində Azərbaycanın sərvətləri ermənilər tərəfindən talan olunacaq, biz də durub baxacağıq, Rusiya sülhmərmalıları da buna laqeyd qalacaqlar? Aksiyada Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov olay yerinə çağırıldı. Tələb qoyduq ki, Volkov gəlsin, baş verənlərə aydınlıq gətirsin. Aksiyada “Erməni talanlarına son”, “Ekoloji terrora son qoyulsun”, “Volkov gəlsin, izahat versin” şüarları səsləndi.
Aksiya bütün gün boyu, gecə səhərə qədər davam etdi. Dayanmadan şüarlar səsləndirdik. Rusiya sülhmərmalılarının kontingenti şəxsi heyəti 2 saatdan bir dəyişirdi. Biz isə gecə səhərə qədər ərazidə qaldıq. Gənclər vətənpərvərlik ruhlu mahnılar oxudular, şəhidləri andıq. Gecə tonqallar qalandı, heç kim ərazidən uzaqlaşmaq, əvəzlənmək istəmirdi. Orada 1988-ci ildə Şuşada, Topxana meşəsində ermənilərin törətdiyi ekolji terrora qarşı Bakıda başlanmış milli dirəniş hərəkatı yada düşdü. Bakıdan zəng edən hərəkatçı dostlar da bunu dedilər ki, sanki 1988-ci ildir. Həmin milli ruh, həmin ovqat sanki qayıtmışdı.
-Vətəndaş cəmiyyəti fəallarının Xankəndi-Laçın yolundakı aksiyası nə ilə nəticələnən bilər?
- Bu bir etirazdır. Bütün etirazlar mütləq nəticə ilə bitmir. Rusiya sülhmərmalılarının komandanlığı, bütövlükdə sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiya Federasiyası rəhbərliyi anladı ki, Azərbaycan ictimaiyyətinin səbri artıq daşmaq üzrədir. Ermənilərin Azərbaycanın sərvətlərini talamasına son qoyulmalıdır. Aksiya bütün dünyanın diqqət mərkəzində oldu. Dünyanın aparıcı KİV-ləri aksiya ilə bağlı materiallar yaydılar. Aksiyada qaldırılan ingilis dilində şüarlar diqqət çəkdi. Hamıya aydındır ki, məqsəd dinc etirazdır. Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti erməni vətəndaşlarımızın Xankəndi, Ağdərə, Xocavənddə yaşamasına etiraz etmir. Sadəcə tələb edirik ki, Azərbaycan qanunlarına hörmət etsinlər. Azərbaycanın qanuni ərazilərində yaşamağın bir yolu var: bu ölkənin qanunlarına tabe olacaqlar, özlərini nümunəvi vətəndaş kimi aparacaqlar, xarici şirkətləri qanunsuz yollarla cəlb edib milli sərvətlərimizi talamayacaqlar. Yox, qanunlara uymasalar, buna müvafiq cavab veriləcək.
-Laçın yolunda hələ də davam aksiya edən Xankəndidə kütləvi təlaş yaradıb. Fransa bəyanat verib ki, yol açılmalıdır. Sizcə, bu, QHT fəallarının mövqeyinə təsir edəcəkmi?
- Əslində Xankəndi-Laçın yolunu Rusiya sülhməramlıları özləri bağlayıb, şlaqbaum qoyub. Əraziyə ağır texnika, kranlar gətiriblər. Fransa etirazı Rusiyaya, Rusiya sülhməramlılarına etsin. Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları dinc etiraz aksiyası keçirirlər. Azərbaycan dövləti, Azərbaycanın QHT fəalları öz ermənidilli vətəndaşlarımıza qarşı hansısa zorakılıq edilməsinin tərəfdarı deyil. Onlar Azərbaycan vətəndaşlarıdır. Milli sərvətləri talan edən, qanunlara tabe olmayan bütün Azərbaycan vətəndaşları qanun qarşısında məsuliyyət daşıyırlar. Fransa bir zamanlar Qarabağ münaqişəsi üzrə vasitəçi dövlət idi. Missiyasını da yerinə yetirə bilmirdi. Qərəzli mövqe tuturdu. Bu gün də dəyişən bir şey yoxdur. Fransa və digər erməni himayəçiləri separatçı güruhu baş salmalıdır ki, Azərbaycan qanunlarına tabe olmaq, üçtərəfli bəyannaməyə əməl etmək lazımdır. Həmin bəyannaməyə görə Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Azərbaycanla ölkəmizin Naxçıvan bölgəsi arasında quru əlaqəsi bərpa edilməlidir. Bunu tələb etsinlər, ondan sonra onların obyektviliyinə inanarıq. Mənim fikrimcə, Rusiya sülhməramlılarının komandanı Andrey Volkov əraziyə gələnə, Azərbaycan tərəfinin tələbləri yerinə yetirilənə qədər aksiya davam etməlidir. Azərbaycanın minlərlə vətənpərvər insanı əraziyə axın edir, aksiyaya qatılmaq istəyir. Azərbaycanın QHT fəallarının tələbləri yerinə yetirilməli, ekoloqlarımız Ağdərənin qızıl yataqlarında monitorinq aparmaq üçün əraziyə buraxılmalıdır. Rusiya sülhməramlıları onların təhlükəsizliyini təmin etməli, monitorinq aparmalarına şərait yaratmalıdır. Rusiya sülhməramlıları bunu etməsə Azərbaycanın hüquq mühafizə orqanları lazımi addımlar atmalıdır. Fikrimcə, bu cür aksiyalar xarici ölkələrdə, beynəlxalq təşkilatların qarşısında da keçirilməlidir.
Əli Zülfüqaroğlu