• 26 Sentyabr 2022
logo
“Bu gün dövlətimiz möhkəm, xalqımız daha ayıqdır”

“Bu gün dövlətimiz möhkəm, xalqımız daha ayıqdır”

Tural İrfan: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”

Azərbaycan dünyada müxtəlif sivilizasiyaların kəsişdiyi, dinlər arasında qarşılıqlı etimad mühitinin mövcud olduğu məkan kimi tanınır. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlığın inkişafına ölkəmizin yerləşdiyi coğrafi ərazi, əhalinin milli-etnik və dini tərkibi mühüm təsir göstərir. Azərbaycanda tarixən bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlər yayılmışdır. Tolerant dəyərlərə bağlılıq ölkəmizdə yaşayan insanların həyat tərzini səciyyələndirən xüsusiyyətlərdən biridir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dini tolerantlığın inkişafı və qorunması istiqamətində də mühüm addımlar atıldı. Ulu Öndər xalqımızın həmişə tolerant dəyərlərə sadiq olduğunu bildirərək demişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”. Dini tolerantlığın qorunması Prezident İlham Əliyevin siyasətində özünə mühüm yer tutur və bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır.
Müxtəlif milli-etnik qrupların və dinlərin nümayəndələrinin azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi tolerant dəyərlərin inkişafına böyük təkan verir. Tolerantlıq dinlərarası dialoqun əsasını təşkil edən mühüm faktorlardan biri kimi dini konfessiyalar arasında hüquqi-mənəvi baxımdan bərabər imkanlar yaradır. Azərbaycanda müxtəlif dinlərə məxsus dini ibadət yerləri sərbəst fəaliyyət göstərir. Müsəlman və qeyri-müsəlman dini icmalarının fəaliyyətinə dövlət dəstəyinin verilməsi tolerantlığın inkişafına böyük töhfə verir. Azərbaycan dövlətinin bütün dinlərə və məzhəblərə dözümlü yanaşması, bu sahədə fəal siyasət aparması beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
İlahiyyatçı-yazar Tural İrfan “Xalq Cəbhəsi”nə deyib ki, Azərbaycan xalqı ümumiyyətlə tarixən istər milli, istərsə də dini sahədə fitrətən tolerant xalqdır. Çünki bu coğrafiyada əzəldən müxtəlif millətlər, müxtəlif dinlərin mənsubları yaşayıb, əlaqələr qurub, qohum olublar.
Türk millətinin genində olan qonaqpərvərlik, açıqürəklilik, comərdlik, səxavətlilik bu dəyərlərin yaşamasında müstəsna rol oynayıb. Odur ki, bu gün də xalqımız milli, mənəvi irsimizi ləyaqətlə davam etdirir. Ölkəmizdə kifayət qədər din ocaqları, ibadətgahlar, məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məfhillər fəaliyyət göstərir, İslam və digər ənənəvi dinlərin mənsubları rahat şəkildə ibadətlərini edirlər. Bu sahənin inkişafında dövlətin və dövlət başçımızın dəstəyi əvəzsizdir. Hətta işğaldan azad edilən torpaqlarımızda belə məscidlərin tikilməsi, bərpası həyata keçirilir, tarixi kilsələr bərpa olunur:
“Əsrlərdən süzülüb gələn ənənələr, xalqın inancı hər zaman milli dəyərlərə sadiqlik xalqımızın müstəsna məziyyətləridir. Bütün ənənəvi dinlər, əsasən də sonuncu din olan İslam hər zaman sülhü, dostluğu, səxavəti, məhəbbəti təqlid edib, insanların tək Allah inancı altında mehriban yaşamaları üçün əmrlər, tövsiyələr, buyuqlar qoyub. Lakin təəssüf ki, Azərbaycan dövlətinə düşmən olan, təxribatçı qara qüvvələr ara-sıra peyda olaraq dini tolerantlığımızı pozmağa, məzhəbçilik, dini qarşdıdurma yaratmağa cəhd edirlər. Gah aşura mərasimlərində, gah şəhid dəfnlərində dində olmayan, lakin din adına sırınan təxribatçı, nifaqsalıcı, ikrahverici, qondarma şüarlar səsləndirir, gah da xaricdən Azərbaycana qarşı siyasi düşmənçilik dolu din pərdəsi altında çağırışlar edirlər. Şübhəsiz ki, bu kimi hallar Azərbaycan Respublikasının fəal və güclü hüquq mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülür. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində ölkədəki dini vəziyyətdə ciddi narahatlıq yoxdur. Yeganə olaraq din donuna girmiş, əslində dinlə heç bir əlaqəsi olmayan qüvvələr ölkəmizdə dini sarıdan savadlı olmayan, məlumatlı olmayan kütləni istimar edərək öz maraqlarına alət etməyə cəhd edirlər. Şübhəsiz ki, bunun da qarşısı alınır”.
T.İrfan qeyd edib ki, əvvəllər, Sovet hakimiyyəti təzə dağıdandan sonra, müstəqilliyimizin ilk illərində milli qarşıdurma cəhdləri də baş verirdi ki, bunu da hələ dövlətin möhkəm olmadığı zamana aid etmək olar. Xarici qüvvələr ölkədə milli ayrı-seçkilik yaradaraq dövləti parçalamağa cəhd edirdilər. Ancaq dövlətimiz qüvvətləndi, bu cür çirkin təxribatların qarşısı alındı və xalqımız stabil, milli həmrəylik şəraitində yaşayışına davam etdi: “Sözsüz ki, o xarici qüvvələr indi də buna cəhdlər edirlər. Ancaq bu gün dövlətimiz möhkəm, xalqımız daha ayıqdır və ona görə də belə hiylələr keçərli olmur. Hazırda Azərbaycanda heç bir milli problem yoxdur, hər bir xalqın, azsaylı millətlərin hüquqları bərabərhüquqlu olaraq qorunur. Habelə dini sahədə də bu cürdür. Yəhudi də, xristianlar da, krişnaçılar da, bəhailər də bərabərhüquqlu şəkildə öz inanclarını yaşadırlar, ibadətlərini edirlər, dini ayinlərini keçirirlər. Hətta bildirim ki, İran kimi özünü İslam dövləti adlandıran bir ölkədə nəyinki tolerantlıq yoxdur, hətta böyük repressiyalar və məhrumiyyətlər var. Məzhəbçilik zəminində İranda sünni məscidi demək olar ki, yoxdur, müsəlmanlar yayda səhralarda, qışda da şəxsi evlərdə camaat namazı qılmağa məcburdur. Elə İranın özündə yaranmış Bəhai və Babi dinlərinin mənsublarının iclamarı rəsmən tanınmır, onlar öldürülür, asılır, təzyiqlərə məruz qalır. İstərsə də milli zəmində böyük problemlər var. Milyonlarla türk soydaşımızın orada məktəbi yoxdur, hüquqları məhduddur. Mütəmadi olaraq türk milləti təhqir olunur, aşağılanır, türk dili cəhənnəm dili adlandırılır”.
İlahiyyatçı onu da vurğulayıb ki, ancaq Azərbaycanda əsla belə hallar yoxdur və bütün dini iclamar Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq qeydiyyata alınır, fəaliyyət göstərir. Şükür Allaha ki, heç zaman da dini, milli zəmində narazılıq eşidilmir: “Yuxarıda qeyd etdiyim kimi, dini və milli dözümsüzlüyü yalnız xarici qüvvələr yayır ki, onlar da ölkəmizə qarşı düşmən mövqedə olanlardır.
Dinlər dünyada sülhü təbliğ etməlidir. Çünki bəşəriyyətin xaliqi tək olan Allahdır. Xaliqin adı fərqli dinlərdə fərqli olsa da mahiyyəti eynidir. Hər bir canlının Rəbbi məhz Allah olduğu üçün bütün insanlar da ona və bir birinə məhəbbət ilə yaşamalıdırlar. Çünki səmavi dinlərə görə bütün insanlar Adəm və Həvvanın övladlarıdırlar.
Fəqət mənfur ermənilər bu prinsipləri mütəmadi olaraq pozub, tarixən həm milli, həm də dini zəmində təxribatlar, soyqırımlar törədiblər. Qarabağ və ətraf rayonlarımızı uzun illər işğalda saxlayaraq dini abidələri dağıtmış, ziyarətgahları təhqir etmiş, ziyan vurmuşlar. Azərbaycan xalqının milli sərvətinə, milli dəyərlərinə, ortaq İslam mədəniyyətinə milyadlarla manat dəyərində ziyan vurulmuşdur. Mənəvi ziyanın isə dəyəri yoxdur. İllərdir insanlar öz ata baba yurdlarından didərgin salındı, ölmüş yaxınlarının məzarlarını ziyarətdən məhrum oldu.
Ancaq Allaha şükür olsun ki, dövlətimizin səyləri nəticəsində, Ali Baş Komandanın cəsarəti, siyasəti nəticəsində, xalqımızın da birliyi, bütün siyasi, milli qüvvələrin də dəstəyi ilə işğalda olan torpaqlarımız azadlığına qovuşur. Şəhidlər veririk. Şəhidlər də xalqımızın sərvətidir. Milli dəyərimiz olan şəhidlərin də adı Azərbaycan dövlətinin şanlı tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycan xalqının daha da sıx birləşməsinə, mətinliyinə, vəhdətinə, tolerantlığına səbəb olan amillərdən biri də milli, ortaq dəyərlərimizdir. Bu dəyərlərə hər birimiz sahib çıxaraq qorumağa, gələcək nəsillərə daha sağlam şəkildə ötürməyə borcluyuq”.
Cavid