• 8 Avqust 2022
logo
“Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir”

“Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir”

Anar Turan: “Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir”

“Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq, dözümlü və inamlıq mühitin ehtiva etdiyi şəraitdə yaşadığı ölkə kimi tanınır. Doğrudur, multikulturalizm və tolerantlıq ifadələri leksikonumuzda yeni olsa da, dünyada termin kimi qəbul olunan bu sözlərin mahiyyətinə nəzər saldıqda aydın olur ki, bu elə bizim həyat tərzimidir. Yəni, multikulturalizm, dini və milli tolerantlıq Azərbaycan xalqının həyat tərzidir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi Anar Turan deyib. Anar Turan “mübaliğəsiz qeyd etmək olar ki, bu həyat tərzi tarix əsaslara söykənir, qədim hətta antik dövrlərə gedib çıxır”, - deyən bildirib: “Milli və dini dözümlülük mühiti azərbaycanlıların hər zaman həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Təsadüfi deyildir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olundu. Yəni bu dəyərlər bizdə dövlət tərəfindən də dəstəklənir. Multikulturalizm ölkəmizdə həyat tərzidir və bu, millətimizin qonşu xalqlara və dünyəvi, ümumbəşəri dəyərlərə münasibətini ortaya qoyur. Biz 2020-ci ildə ağır pandemiya və müharibə şərtləri ilə yaşamalı olduq. Uzun illər torpaqlarımızı qəsb etmiş düşmən məğlub etdik, onları öz yurd-yuvamızdan qovduq. Bunu necə bacardıq? Şübhəsiz ki, Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanının qətiyyəti ilə yanaşı, eyni zamanda mövcud milli və dini tolerantlıq mühitinin yaratdığı vahid xalq-dövlət tandemi sayəsində. Ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində düşmənin qeyri-konstruktiv, aqressiv mövqeyi davam etsə də, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi vacib məkan kimi dünyada öncül ölkələrdən biri olduğunu sübuta yetirdi”.
Onun fikrincə, ümumiyyətlə, Azərbaycanda tolerantlığın, dini və milli dözümlülüyün, millətlərarası sağlam münabsibətlərin tarixi çox qədimdir: “Belə ki, hələ eramızdan əvvəl ölkəmizdə yaşayan xalqlar müxtəlif dinlərə sitayiş ediblər. Əhalinin bir hissəsi tək Tanrılığa, bir hissəsi xristianlığa, digər hissəsi zərdüştlüyə mənsub olub. Bununla belə, o dövrün tarixində kiçik istisnalar nəzərə alınmasa, dini zəmində müharibələrə rast gəlmək çətindir. Hələ Babil hökmdarlarının Yerusəlimi zəbt etmələri nəticəsində İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərində sığınacaq tapıblar. Bundan savayı, xalqımızın etnogenezində yaxından iştirak etmiş xəzər-türk tayfalarının müəyyən bir qismi yəhudi dinini qəbul etmiş və ölkəmizdə məskunlaşılar. Daha bir tarixi xalqlarımızdan olan albanlar xristian dininə bağlı olub və onların məbədləri günümüzədək gəlib çatıb. Bundan əlavə, ölkəmizdə atəşə inanan bir qrup zümrə də olub ki, bu da fars Əhəməni imperiyasının təsiri nəticəsində yaranmışdı. Hazırda Suraxanı qəsəbəsində yerləşən və bu günə qədər gəlib çatmış Atəşgah məbədində istər yerli, istərsə də uzaq Hindistandan belə zəvvarlar gəlib və ibadət ediblər.
Lakin VII əsrdə yaranmış İslam dini bu coğrafiyaya gəlib çıxdıqdan sonra Azərbaycanda etnik və dini mənzərə xeyli dərəcədə dəyişdi. İlk ərəb orduları ölkəmizə daxil olduqda onlara tapşırılmışdı: Qocalarla,qadınlarla,uşaqlarla pis davranmayın. Ağacları kəsməyin, tarlaları dağıtmayın. Dini məbədləri sökməyin. Əhalini dinini dəyişməyə zorla məcbur etməyin...
Bu şüar və İslamın ilk fəthlər dövründə göstərilən səmimi münasibət, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da rəğbətlə qarşılandı. Və onların İslamın əxlaq və mərhəmət kodeksinə məhəbbəti getdikcə artmağa başladı. Beləcə üstündən 100 il keçdikdən sonra Azərbaycanda mütləq əksəriyyət müsəlmanlar idi. Bu hadisə Azərbaycanda vahid dövlətin və vahid xalqın yaranması baxımından olduqca əlverişli oldu. Eyni zamanda, bu, düşmən hücumuna qarşı mübarizə əzmini artıraraq daxili birliyi təmin etdi.
Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir”.
Anar Turan əlavə edib ki, Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin burada bir araya gəlməsidir: “Məsələn, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianların, iudaistlərin və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Üç əsas səmavi dinin nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.
Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin Bakı sammitləri, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin keçirilməsi müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.
Son zamanlar Azərbaycan iri nəqliyyat, idman, musiqi, humanitar layihələrə ev sahibliyi etməklə, eyni zamanda, regionun sanballı əməkdaşlıq mərkəzinə çevrilib. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirməkdədir. Bu prosesin post-pandemiya və post-müharibə dövründə belə davam etdiriləcəyi heç kəsdə şübhə doğurmur. Çünki bu kimi tədbirlər, yanaşmalar, dövlət siyasətinin tərbiqi Azərbaycanda dəyərlər kimi qəbul olunmaqdadır”.

Əli Zülfüqaroğlu