• 28 Mart 2024
logo
Qardaşlığın QIZIL DÖVRÜ

Qardaşlığın QIZIL DÖVRÜ

Türkiyənin sabiq baş naziri Binəli Yıldırımın Azərbaycanın Kəlbəcər rayonunun işğal edildiyi zaman kəsiyində baş verənləri xatırlatması, iki qardaş dövlət arasındakı münasibətlərin indiki səviyyəyə çatdırılması üçün nə qədər böyük əmək verildiyini, siyasi iradə, qədiyyət nümayiş etdirildiyini bir daha təsdiqləyir.
Kəlbəcərlə bağlı, Azərbaycanda hər kəsin bildiyi olay, təəssüf ki, yeganə fakt deyil. Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin vaxtilə mərhum Mehmed Ali Birandın kanal “D”-də yayımlanan verilişində 1992-ci ildə rəsmi Ankaraya Avropa İttifaqı və Rusiyadan Ermənistanın ehtiyaclarının ödənilməsi üçün bu ölkəyə 41 min ton taxıl verilməsi ilə bağlı müraciətlər daxil olduğunu və Türkiyənin də bu istəyə müsbət cavab verdiyini bəyan etmişdi. Hikmət Çətinin bu açıqlamasının həm Türkiyədə, həm də Azərbaycanda ciddi rezonans doğrurduğunu, ümid edirəm ki, indi siyasi prosesləri diqqətlə izləyənlərin çoxu xatırlayır...
İndi 90-cı illərdə baş verənləri yada salanda Azərbaycan-Türkiyə münasibətlərinin vardığı məqamın nə qədər yüksəkdə olduğunu daha aydın şəkildə görmək və gələcəyini təxmin etmək mümkündür. “Əsrin müqaviləsi” ilə iqtisadi əsasları qoyulan, enerji və nəqliyyat layihələri ilə möhkəmləndirilən, hər iki ölkənin həyatının bütün sahələrini əhatə edən Türkiyə-Azərbaycan münasibətləri bu gün özünün tarixi, gələcək nəsillərin yüzillər, bəlkə də minillər boyu qürur duyacağı QIZIL DÖVRÜNÜ yaşayır.
Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq. Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir. Bu baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir.
Hər iki dövlətin başçısının qarşılıqlı olaraq Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin ifadəçisi kimi çıxış etmələri, dövlətlərarası münasibətlərdə nadir hallarda rast gəlinən sədaqət nümayiş etdirmələri qürurvericidir, gələcək nəsillər və bütün türk dünyası üçün örnək olmalıdır.
Məhz Azərbaycan-Türkiyə birliyi və bu birlik üzərindən əldə edilən uğurlar türk dünyası üçün də bir əməkdaşlıq modelinə çevrilib. İdeoloji aspektdə və praktiki olaraq atılan addımlarda İsmayıl bəy Qaspıralının “sözdə, fikirdə, işdə birlik” düsturu məhz Türkiyə və Azərbaycan liderlərinin timsalında gerçəkliyə çevrilir. Tarixin heç bir dönəmində bu qədər möhkəm qardaşlıq nümunəsinin şahid olmamışıq.
Azərbaycan-Türkiyə qardaşlığını simvolizə edən deyimlər o qədər içdən, o qədər səmimidir ki, onları başqalarına münasibətdə eyni səmimiyyətlə, eyni duyğularla ifadə etmək mümkün deyil.
“Qardaş qardaşa borc verməz”, “Qardaş dediyin “yardım edim” deyə soruşmaz, yardıma qaçar”... İndi gerçək insanların söylədiyi, gerçək tarixi faktlardan qaynaqlanan bu gözəl, sevgi dolu, qardaşlığın bütün gözəl tərəflərini əks etdirən bu deyimlərə, sözlərə uyğun gələn bir münasibət tap, görüm necə tapırsan... Mümkün deyil...
Azərbaycan və Türkiyə qardaşlığı bölgənin daşlaşmış reallıqlarını dəyişib, bir zamanlar işğalla, həsrətlə, ağrıyla anılan Şuşamızın adını biliyimizin simvolu olan tarixi sənədə daşıyıb və bu birliyin üzərindən Türk Dünyasının işıqlı sabahına körpü salıb. Və bu hələ başlanğıcdır...

Elçin Mirzəbəyli