• 28 Mart 2024
logo
Nazir: “Slovakiya Azərbaycanla münasibətləri dərinləşdirmək istəyir”

Nazir: “Slovakiya Azərbaycanla münasibətləri dərinləşdirmək istəyir”

Slovakiya və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün Bakıya gəlmişəm.
Bu barədə Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O, Slovakiyanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb: “Hökumətlərarası əlaqələrlə yanaşı, xalqlar arasında da münasibətləri genişləndirməliyik. Bu, həm də iqtisadi rifaha xidmət edəcək. Səfər zamanı məni slovakiyalı biznesmenlər müşayiət edir. Bu gün Azərbaycanın Baş naziri və iqtisadiyyat naziri ilə də görüşəcəyəm”.
İ. Korçok C. Bayramovla görüşündə ölkələr arasında münasibətlərin inkişafını, Qarabağla bağlı və müharibədən sonrakı vəziyyəti müzakirə etdiklərini qeyd edib: “Suverenlik və ərazi bütövlüyü Slovakiya üçün əsas prinsiplərdir. Biz bu prinsipləri dəstəkləyirik, eyni zamanda, sülh içində birgəyaşayış gələcək üçün vacibdir. Bu sülhə gedən yeganə yoldur. Mən hər iki ölkəni bir-biri ilə əlaqələr qurmağa çağırıram”.
Slovakiya XİN rəhbəri regionla bağlı fikir mübadiləsi aparıldığını, Əfqanıstandakı vəziyyətin də müzakirə olunduğunu diqqətə çatdırıb.
O, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında sazişin imzalanması ilə bağlı danışıqlar getdiyini xatırladıb. Nazir bu məsələdə Azərbaycan tərəfindən siyasi istəyi gördüyünü qeyd edib: “Azərbaycan Aİ-nin etibarlı və strateji enerji tərəfdaşıdır. Cənubi Qafqaz, Mərkəzi Asiya bizim prioritetlərimizdir”.