“Hərbi bloklar soyuq müharibə dövrünün nəticəsidir. Sivil, demokratik dünya ilə Sovet Sosialist Sistemi arasındakı qarşıdurma İkinci Dünya müharibəsindən sonra hətta hərbi qarşıdurmaya çevrilmişdi. Bu baxımdan hər iki sistemdə hərbi bloklar yaradıldı”. Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib. Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra belə düşünülürdü ki, artıq hərbi bloklara ehtiyac qalmayacaq: “Amma indinin özündə yenə də dünyada müxtəlif ölkələr arasında çox ciddi qarşıdurmalar var. Buna görə də hazırda NATO və Rusiyanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi hərbi bloklar mövcuddur. Hərbi bloklara üzvlük üzv ölklərin silahlı qüvvələrinin hərbi hazırlığının yüksəkliyi, təkmilləşməsi üçün nəzərdə tutulur. Ancaq indi hərbi bloklara elə də ehtiyat qalmır”.
Deputat bildirib ki, dövlətlər problemlərini dinc, hərbi yola əl atmadan həll etməyə daha çox üstünlük versələr də, ancaq bununla belə hər iki blok qalmaqdadır: “Lakin görünən ondan ibarətdir ki, yeni hərbi bloklara ehtiyac yoxdur. Dövlətlər müxtəlif regional və beynəlxalq birliklər, hansısa bir ölkənin liderliyi ilə regional məsələlərin həlli ilə məşğul olmaq, hərbi qarşıdurmadan artıq iqtisadi əməkdaşlığa keçid formasında məsələlərini həll etməyə çalışırlar”. O sonda diqqətə çatdırıb ki, hərbi bloklar sadəcə olaraq dövlətlərin təhlükəsizlik, əməkdaşlıq blokuna çevriləcək, yenilərinin isə yaranması inandırıcı görünmür.