• 27 İyul 2024
logo
Sülh danışıqları prosesi: perspektivlər və təhdidlər

Sülh danışıqları prosesi: perspektivlər və təhdidlər

Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları ilə bağlı Ermənistan tərəfindən bir-birini təksib edən açıqlamalar artıq ənənə halını alıb. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan konstitusiya dəyişikliyi məsələsinin Bakı-İrəvan danışıqlarına daxil edilmədiyini deyib: “Həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür”.
Halbuki Azərbaycanın sülh saziçi ümün əsas tələblərindən biri də məhz Ermənistan konstitusiyasında separatizmi özündə əks etdirən müddəaların oradan çıxarılmasıdır. Eyni zamanda anklav kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması da prioritetdir.
Amma biz, hazırda Ermənistanın da Azərbycana qarşı “əks-arqument”lə çıxış etmək cəhdlərini müşahidə edirik. Digər tərəfdən Ermənistanın daxilində etiraz aksiyaları təşkil etməklə vəziyyəti gırginləşdirmək və beləliklə də hökuməti devirməyə çalışan qüvvələr var. Burada kilsə və lobbi başda olmaqla eyni zamanda üçüncü qüvvələrin aktiv rolunun olması bəlli məsələdir.
Digər tərəfdən bölgədə Rusiya, Birləşmiş Ştatlar və Avropa İttifaqı, xüsusilə Fransanın maraqları eyni zamanda Ermənistanın Rusiya və Qərblə ziddiyətli xarici siyasəti fonunda prosesi ekspertlərlə müzakirə etdik.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Ararat Mirzoyan konstitusiya dəyişikliyi məsələsinin Bakı-İrəvan danışıqlarına daxil edilmədiyini deyib: “O, həmçinin qeyd edib ki, Bakının Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış etdiyi bəllidir. Ermənilərin Ana Qanunu müstəqillik bəyannaməsinin icrasını vəzifə olaraq müəyyənləşdirir. Bəyannamədə də qeyd olunur ki, “qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüz görünür, konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Mirzoyanın “bu, danışıqlar gündəliyinə daxil deyil” sözləri isə erməni ictimai rəyində “hakimiyyət Əliyevin tələbi ilə konstitusiya dəyişir” ittihamlarından yayınmaq məqsədi daşıyır”.
Ekspertin fikrincə, əsas məqam Ermənistanın da “Azərbaycanın kontitusiyanın dəyişdirilməsi” istəyindən çıxış etməsidir: “Rəsmi İrəvan “nəyin dəyişməsini” istədiyini açıqlamır, lakin erməniləri “narahat edən” 1991-ci ildə qəbul edilən Konstitusiya Aktıdır. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannaməsi”nə istinad edilir, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur. İrəvanda hesab edirlər ki, rəsmi Bakı varislik məsələsindən çıxış edərək, AXC ərazilərinin bərpa edilməsini istəyə bilər. Halbuki, bu varislik qeydi Azərbaycan konstitusiyanın dəyişdirilməsini şərtləndirmir.
Çünki Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur. Digər tərəfdən AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur.
Qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsini vəzifə kimi qoyan Ermənistan konstitusiyanından fərqli olaraq, Azərbaycan Konstitusiyasında belə bir məqam yer almır. İrəvanın belə bir “tələblə” çıxış etməsi Bakının konstitusiya tələbi qarşısında əks-həmlə xarakteri daşıyır”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması üçün ilk növbədə Ermənistan Konstitusiyası dəyişməlidir: “Amma, COP 29 kimi baza prinsipləri üzərində Çərçivə sazişinin bağlanması mümkündür. Yekun sülh müqaviləsində tətbiq olunacaq bəndlər var ki, Azərbaycan onu Ermənistandan tələb edir. Bununla bağlı fikir ayrılıqları var. Baza prinsipləri sulh istiqamətində Yol xəritəsi kimi xarakterizə etmək olar”.
Rusiya-Ermənistan arasında olan ziddiyyətlərə gəlincə isə ekspert hesab edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra KTMT de-yure çıxacaq: “Ermənistan KTMT növbəti toplantısına qatılmadı. Demək olar ki, de-fakto Ermənistan KTMT fəaliyyətini dayandırıb. Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmaq siyasəti regional təhlükəsizliyə töhfə verir. Məhz bunun nəticəsidir ki, Moskvanın israrla Qarabağ məsələsini gündəmədə saxlamağına rəğmən Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. Və Qarabağ məsələsini Ermənistanın gündəmindən çıxartdi. Bu, Kremlə Ermənistan tərəfindən vurulan ən böyük strateji sillə idi. Təbii ki, Azərbaycan Qarabağ məsələsini həll edib, gündəliyi bağlamışdı. Buna baxmayaraq Moskva Qarabağ kartını əldən verməməyə çalışırdı”.
O, əlavə edib ki, Paşinyan KTMT -dən çıxmaq üçün müəyyən zaman gözləyir: “Birincisi, Azərbaycanla sülh müqaviləsidir. İkincisi, Rusiyanın Ukraynada strateji və hərbi məğlubiyyətidir. Ermənistan KTMT çıxarsa, növbəti hədəf Rusiya hərbi bazasının bağlanması olacaq.
Qeyd edim ki, Rusiya rəhbərliyi qonşu ölkələri təhdid etməyə başlayıb. NATO və ABŞ ilə qarşıdurma fonunda Kreml daxil olmaqla qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığı daha da inkişaf etdirməlidir”.
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları və bunun sülh danışıqları prosesin ətəsirinə gəlincə isə politoloq Politoloq Turan Rzayev diqqətə çatdırıb ki, Qalstanyanın bir müddət öncə Tavuşa gələrək, burada müxalifət nümayəndələri ilə bir araya gəlib danışıqlar aparmış, növbəti aksiyalarda onların da dəstəyini almışdı: “Yəni aksiyalarda “Vətən naminə Tavuş” hərəkatı deyil, həm də digər müxalif partiya tərəfdarları iştirak edir.
Aydın məsələdir ki, Ermənistandakı aksiyaların motivi dəyişib. Yəni keşiş Qalstanyanı nə Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana verilməsi, nə də Ermənistandakı sosial iqtisadi problemlər narahat edir.
Birincisi, kilsə proseslərə açıq şəkildə dəstək verir və bu, aksiyaların miqyasını artırır. Qalstanyanın dini fiqur olması ətrafında inanclı şəxslərin toplanmasına gətirib çıxarır. Bu, aksiyaların müəyyən mənada dini motiv aldığını deməyə əsas verir.
İkincisi, Qalstanyan həm də xaricdən dsətək alır. Xüsusilə proseslərin pərdəarxasında Rusiyanın olması versiyası daha inandırıcıdır. Çünki Qalstanyanın Tavuş səfərində görüşdüyü müxalifət nümayəndələri də məhz Rusiyaya bağlı şəxslərdir. Kreml indiki məqamda qərbmeyilli Paşinyanın yerində Qalstanyanı görmək istəyə bilər.
Üçüncüsü, Qalstanyan Rusiyanın və kilsənin dəstəyinin fərqindədir. Buna görə də artıq Ermənistan baş nazirliyinə iddiası olduğunu gizlətmir. Hətta baş nazir kimi xarici ölkə nümayəndələri ilə görüşür, bəyanatlar verir”.
Ekspert əlavə edib ki, Ermənsitanda baş verən proseslər 2018-ci il hadisələrini çox xatırladır: “Həmin vaxt heç kəs Nikol Paşinyanın hakimiyyəti ələ ala biləcəyini düşünmürdü. Bu mənada Qalstanyanın Paşinyanı devirib, hakimiyyətə gəlməsi riskləri var.
Qalstanyanın güclənmə ehtimalı, yaxud Paşinyan hakimiyyətinə alternativ olması rəsmi Bakının maraqlarına uyğun deyil. Məsələ ondadır ki, Paşinyan bölgədəki reallıqları anlayır və sülhdə maraqlı olduğunu əyani şəkildə göstərir. Paşinyanın bu düşüncəyə gəlməsi üçün bir genişmiqyaslı müharibə, bir neçə əməliyyat baş verdi. Nikol Paşinyanın devrilməsi sərhəd razılaşmalarının və sülh danışıqlarının taleyini qeyri-müəyyən edə bilər. Ən əsası isə yarımçıq danışıqlar Bakının maraqlarına uyğun olmadığı üçün regionda yeni gərginliyin yaranması mümkündür.
İndiki məqamda Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaz. Lakin sülh prosesinin sıfır nöqtəsinə qayıtmaması üçün danışıqlar sürətləndirməlidir. Bundan başqa, İrəvana açıq şəkildə xəbərdarlıq edilməlidir”.

Əli