• 22 May 2024
logo
Ərdoğanın İraqa səfərində mühüm məqam

Ərdoğanın İraqa səfərində mühüm məqam

“Əslində, Türkiyənin İraqdakı əməliyyatları çoxdan başlayıb. Hətta İraqın keçmiş hökuməti tərəfindən dəfələrlə etirazlar bildirilmişdi ki, guya Türkiyə qanunsuz şəkildə İraqda əməliyyatlar aparırdı. Lakin daha sonra bununla bağlı Prezident Rəcəb Tayyip Ərdoğanın sərt və kəskin bəyanatları olmuşdu. Dövlət başçısı bildirmişdi ki, Türkiyəyə qarşı təhdid yaradan hər hansı bir terror təşkilatına qarşı Ankara heç bir dövlətdən icazə almadan əməliyyatlar keçirə bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın İraq səfəri ilə yanaşı, İraqın şimalındakı Metina bölgəsində Türkiyə Sılahlı Qüvvələri tərəfindən başladılan genişmiqyaslı antiterror əməliyyatlarına toxunub.
Siyasi şərhçi xatırladıb ki, son zamanlar İraqla Türkiyə arasında münasibətlər kifayət qədər yüksələn xətt üzər davam edir.
“Xüsusilə, PKK terror təşkilatı ilə bağlı İraq hökumətinin mövqeyində adekvat münasibətlər var və 2 hökumət arasında bu istiqamətdə müxtəlif razılaşmaların əldə olunması ilə əlaqədar məlumatlar mətbuatda yer alır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə İraq arasında əlaqələrin inkişaf etdirilməsi üçün Ərdoğanın Bağdada səfəri kifayət qədər əhəmiyyət daşıyır.
“Burada təkcə terror məsələsi deyil, o cümlədən Ankara və Bağdad arasında nəqliyyat və digər məsələlərlə bağlı 30-dan artıq sənədin imzalanacağı gözlənilir. Görüşdəki ən əsas məsələ isə Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK terror təşkilatı ilə bağlıdır. Hesab edirəm ki, bu istiqamətdə İraq hökuməti ilə Türkiyə dövləti arasında əsaslı razılaşmalar əldə olunacaq və Ankara bundan sonra Şimali İraqda daha geniş əhatəli antiterror əməliyyatları aparacaq. Eləcə də əvvəlkindən fərqli olaraq Türkiyəyə bu məsələ ilə bağlı kimsə mane olmayacaq”, – deyə o əlavə edib.
Xatırladaq ki, Şimali İraqın Metina bölgəsində Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı əməliyyatı davam edir.
Türkiyə HHQ və digər qoşun növləri xüsusilə Qapnerk və Amadiyə dağları arasında yer alan Şelaze, Xanke və Dergela kəndləri ətrafında əməliyyatı davam etdirir.