• 8 Avqust 2022
logo
Azərbaycanda söz, mətbuat azadlığı yüksək səviyyədə qorunur

Azərbaycanda söz, mətbuat azadlığı yüksək səviyyədə qorunur

Demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir. Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada ölkəmizdə demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz azadlığının təmin edilməsi, eləcə də mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olmuş, müstəsna xidmətlər göstərib.
1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı. Konstitusiyanın 50-ci maddəsinə əsasən hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılmışdır. “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir”, - söyləyən ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur.
Milli Məclisin komitə sədri Sadiq Qurbanovun fikrincə, Ulu öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu gün müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq cox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək və istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam etdirir: “Mətbuat işçilərinin 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində fəaliyyətlərini də xalqımız yüksək qiymətləndirir. Onlar informasiya savaşında olduğu kimi döyüş meydanında da savaşdılar. Mətbuatımızın iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak oldu. Bu gün bütün şəhidlərimizi dərin hüznlə anırıq”.
Komitə sədri onu da qeyd edib ki, Azərbaycan mətbatı da həm dünyada gedən proseslər fonunda, həm də ölkəmizin inkişaf dinamikasına uyğun olaraq yeni keyfiyyətdə fəaliyyət göstərməlidir. Ölkəmizdə inkişafa təkan verməklə yanaşı, inkişafı ləngidən amillərə qarşı içtimai nəzarəti ön plana çəkməlidir. Bu zamanın tələbidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında son dönəmlər vurğulanan ictimai nəzarət anlayışında jurnalistlərə xüsusi diqqət ayrılmışdır. İlham Əliyev: “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbər tuturam və dərhal reaksiya verilir… Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.
Onu da bildirək ki, dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və ya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində yeniliyə imza atıb. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər Azərbaycan nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Həmin sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayır. Reallıq bundan ibarətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyevin dövlətin informasiya siyasəti sahəsində həyata keçirdiyi tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. 2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", Milli Mətbuatın yubileyləriinin qeyd edilməsi haqqında sərəncamlar bu qəbildəndir. Azərbaycan Prezidentinin ölkə mediasının inkişafı, fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində atdığı addımlar bunlarla yekunlaşmadı. Dövlət başçısının qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi istiqamətində atdığı addım, 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" Sərəncamın imzalanması, bir il sonra, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsaitlərin ayrılması Cənab İlham Əliyevin bu sahədə atdığı ən mütərəqqi addımlardır. Məhz azad media, fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində məqsədyönlü fəaliyyətinə görə cənab İlham Əliyev bir neçə dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Artıq indi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Cavid