• 9 Oktyabr 2024
logo
“Dezinformasiyaya qarşı mübarizə vasitələri” üzrə məlumat bazası hazırlanıb

“Dezinformasiyaya qarşı mübarizə vasitələri” üzrə məlumat bazası hazırlanıb

MİTDİB.Bakı. 21 sentyabr 2024. Azərbaycan Mətbuat Şurasının konfrans zalında “Dezinformasiyaya qarşı mübarizə vasitələri” mövzusunda konfrans keçirilib. Konfrans Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan eyni adlı layihə çərçivəsində təşkil edilib. “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihənin icraçısı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi, maliyyə dəstəkçisi isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli konfransadkı çıxışı zamanı bildirib ki, layihə 5 ay müddətində davam edib: “Bu müddət ərzində “Saxta xəbər” (Fake news) və onun növləri (“Misinformation”, “Disinformation”) üzrə son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdirilib. Tədqiqat nəticəsində əldə edilmiş məlumatlar məqalələr halında hazırlanaraq Azərbaycan media subyektlərində dərc edilib. Mövzu üzrə yeni trendlərin Azərbaycan auditoriyasına çatdırılması üçün zəruri addımlar atılıb”.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə üzrə həm də inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumatlar toplanılıb: “Almaniya, Fransa, Türkiyə, Çin və Rusiyada dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan modellər öyrənilib. Bu modellər barədə də maarifləndirici məqalələr hazırlanaraq media subyektlərində dərc edilib. Beləliklə, Azərbaycan xəbər istehsalçılarının inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat almalarına imkan verən məlumat bazası hazırlanıb”.

MŞ-də keçirilən konfarns zamanı bütün bu məlumatlar və onların dərc edildiyi informasiya resursları barədə məlumatlar çatdırılıb.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin İcraçı direktor müavini Natiq Məmmədov, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, “Bayraqdar Media” Qrupunun təsisçisi Azər Həsrət, “Aktor” İctimai və Sosial Tədqiqatlar İB sədri Telman isa, “Mətbuat.az” xəbər portalının büş redaktoru Ramil Mirzəyev öz çıxışlarında dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Çıxışçılar dünyanın aparıcı ölkələrində tətbiq edilən və dezinformasiyaya qarşı mübarizəni ehtiva edən modellərin Azərbaycanda da tətbiq edilməsinin müsbət nəticələr verə biləcəyini qeyd ediblər.

MİTD İB Mətbuat xidməti