• 2 İyul 2025
logo
“Diaspor Gənclərinin Yay Düşərgələrinin keçirilməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir”

“Diaspor Gənclərinin Yay Düşərgələrinin keçirilməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir”

Taleh Mahmudov: “Belə tədbirlər xaricdə fəaliyyət göstərən soydaşlarımızın ictimai fəalığının artmasına müsbət təsir edir”

Rusiyanın Krasnoyarsk diyarındakı Azərbaycan diasporu öz fəallığı ilə seçilir. Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının illik plan əsasında keçirdiyi tədbirlər sayəsində Azərbaycan diasporu yerli xalq və rəsmi qurumlar arasında nüfuz qazanıb. Bütün bunlar da Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun xüsusi əməyi var. Taleh Mahmudov, həmçinin Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. O, İdman ustası, Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının prezidentidir.
Taleh Mahmudovun təşəbbüsü və dəstəyi ilə Rusiyasnın Azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir. Azərbaycan muxtariyyətinin gənclərdən ibarət “Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında “Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub. 2017-ci ildə Taleh Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən “Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab Krasnoyarsk diyarının elmi-tədqiqat kitabxanasında layiqli yer tutur. “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri olaraq, Taleh Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var. Taleh Mahmudov azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk diyarı arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir.
Onun rəhbərliyi ilə Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporunun nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı Vətənə maddi və mənəvi yardım ediblər. Belə ki, soydaşlarımız yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi üçün 52 ədəd İlizarov aparatına vəsait toplayıblar. Qeyd edək ki, artıq Krasnoyarskdan göndərilən 52 ədəd İlizarov aparatı Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalına təhvil verilib.
2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız arasında Taleh Mahmudov da var.
T.Mahmudov “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycançılıq hər bir azərbaycanlının milli özünüdərkinə, milli müəyyənliyinə, özünü digər toplumlardan fərqləndirməsinə imkan verir. On un sözlərinə görə, ideologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır: “Azərbaycançılıq ideologiyası eyni zamanda xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün mayakdır. Milli diasporun birliyi yolunda azərbaycançılıq ideyası önəmli rol oynayır. Biz də Krasnoyarsk diasporu olaraq bu yolda uğurla addımlayırıq”.
T.Mahmudov əlavə edib ki, bu gün bütün diasporumuz ümummilli ideyamız, yəni azərbaycançılıq ideyası ətrafında cəmlənib: “Məhz buna görə də Krasnoyarskda hər zaman öz birliyimizi qoruyub saxlamağa çalışırıq. Krasnoyarksda Azərbaycanla bağlı keçirilən bütün təbirlərimiz azərbaycançılıq ideyasına əsaslanır. Bu ideologiyanın başlıca mənbəyi və ilkin mərhələsi Azərbaycanda milli düşüncəli gənclər formalaşdırmaq, millət, vətən nədir anlatmaq, vətənin müdafiəsinə hər zaman hazır olmaq, lazım gələrsə canından keçmək öyrədilməlidir. Biz də burada böyüyən gənc azərbaycanlılara daimi olaraq bu ideyanı aşılayırıq”.
Onun sözlərinə görə, Diaspor Gənclərinin Yay Düşərgələrinin keçirilməsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir: “Hazırda Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirilir. Belə tədbirlər xaricdə yaşayan və fəaliyyət göstərən, eləcə də təhsil alan azərbaycanlı gənclərin ictimai fəalığının artmasına müsbət təsir edir. Sevindirici haldır ki, xaricdəki, o cümlədən Krasnoyarskdakı gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar”.

Əli