• 6 Dekabr 2023
logo
Genişlənən biznes və məşğulluq problemləri

Genişlənən biznes və məşğulluq problemləri

2023-cü ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1,5 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 173754 təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,7 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,1 faiz artım qeydə alınıb.
2023-cü ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.148 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artım deməkdir.
2023-cü ilin 10 ayında 13.247 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,7 faizi yerli, 12,3 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 84,4 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib. 2023-cü ilin 10 ayında yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 1.831 yerli investisiyalı MMC qeydiyyata alınıb.
2023-cü ilin yanvar - oktyabr ayları ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 faiz artıb. Noyabr ayının 1-nə 22.188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb.
Bunlarla yanaşı, müsbət haldır ki, ölkədə əmək müqavilələrinin sayında da artım müşahidə olunur. İşsizlik probleminin, qiymətlərin artmasının aktual olduğu bir dövrdə bu ciddi məsələdir. Hər halda rəsmi rəqəmlərə inansaq, 4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb və 2023-cü il noyabr ayının 1-nə 1 mln. 790,8 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 min artaraq 889 mindən çox olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfərdir, onlardan 890,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Muzdla işləyənlərin 18,9 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğuldur.
2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 919,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.
Keyfiyyətli iş yerlərinin yaradılması bütün iqtisadiyyatlar üçün əsas problem olaraq qalmaqdadır. Dayanıqlı iqtisadi artım cəmiyyətdən ətraf mühitə zərər verməməklə, insanların keyfiyyətli işlərə sahib olmasına imkan verərək iqtisadiyyatı stimullaşdıran şəraitlər yaratmasını tələb edir. Həmçinin, bütün əmək qabiliyyətli əhali üçün iş imkanları və layiqli iş şəraiti də vacib amildir. Çünki məhz iş yerləri və məşğulluq insanların həyat səviyyəsini yüksəldir, yoxsulluq risklərini azaldır.
Ölkədə ərzaq təhlükəsizliyi, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması, əhalinin paytaxta axınının qarşısının alınması kimi məsələlərin həlli həm də regionlada biznesin tərəqqisindən asılıdır. Regionların sosial-iqtisadi inkişafı isə bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, nəzəri olaraq, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür. Bu praktiki olaraq baş verdikdə, qeyd olunan problemlər də öz həllini tapmağa başlayır.
BMT Baş Katibinin DİM-lər üzrə son hesabatına əsasən “2030 Gündəliyi”nin icrasının başa çatmasına 7 il qalmasına baxmayaraq, dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir, hətta bəzi hədəflər üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza göstəricisindən aşağı səviyyədədir. 2023-cü il DİM hesabatında qeyd olunduğu kimi, bu gün hədəflərin yalnız 15 faizi müvəffəqiyyətlə icra olunur. DİM-lərə nail olunması istiqamətində səylərin gücləndirilməsi üçün bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi, ömürboyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə də “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə əsas tövsiyələr sırasındadır.
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına böyük önəm verir. Azərbaycan hökumətinin qlobal çağırışları nəzərə alaraq təsdiq etdiyi 2030-cu ilədək 5 milli prioriteti və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası DİM-lərə sıx inteqrasiya olunub. Bu amil “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” üzrə götürdüyümüz öhdəliklərin icrasının sürətləndirilməsinə xidmət edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda qeyd edib ki, Azərbaycan regionda ilk olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib: "Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlər görülür. Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dövlət xərclərinin DİM-lər ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb. Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022‑ci ildə icmal büdcənin ümumilikdə 80%-dən çoxu DİM hədəfləri ilə əlaqəlidir. Bu rəqəm 2022-ci il üzrə ümumi daxili məhsulun təxminən 23%-nə bərabərdir. DİM-lərin icrasına dövlət sektoru ilə yanaşı özəl sektorun cəlb edilməsi olduqca vacibdir. Bu məqsədlə BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli investorlar, həmçinin təsir yaratmaq potensialı olan müəssisə və startaplar üçün bir sıra tədbirlər görülüb. DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi (SDG Investment Map) və İnvestisiya Ekosisteminin Tədqiqatı təşəbbüsləri icra olunub".
Nazir onu da qeyd edib ki, Azərbaycanda özəl sektora müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilir, azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 86,5%, məşğulluqda payı isə 78%-dən çoxdur. Güclü özəl sektor rəqabətqabiliyyətli layihələrin icrasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına öz töhfəsini verir ki, bu da DİM hədəfləri arasında çox önəmli istiqamətlərdəndir. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində görülən işlər də DİM-lərə nail olunması baxımından əhəmiyyətli mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Bu məqsədlə ölkəmizdə dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilib.

M.Həmzəoğlu