• 25 Aprel 2024
logo
Qeyri-neft sektorunda artım meyilləri

Qeyri-neft sektorunda artım meyilləri

2023-cü ilin yanvar-aprel aylarında ölkədə 40 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Neft sektorunda azalma olsa da, son illər qeyri neft-qaz sektorunda artım meyilləri müşahidə olunur. Bu artım vergi yıyğımında, dövlət büdcəsinin gəlirlərinin artırılmasında da özünü göstərir. Məsələn, bu ilin büdcə gəlirlərində qeyri-neft sektoru üzrə gəlirlər 10,8 faiz artırılıb. Belə ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,8 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard manat və ya 9,8 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1442,7 milyon manat və ya 8,9 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 2410,1 milyon manat (15,7 faiz), qeyri-neft sektoru üzrə isə 1562,8 milyon manat və ya 10,8 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 689,8 milyon manat (4,5 faiz) artırılıb. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.
Dünya Bankının proqnozlarına əsasən 2023-cü ildə Azərbaycanda ÜDM artımı 2,8%, 2024-cü ildə isə 2,6 faiz təşkil edəcək. Azərbaycanın öz proqnozlarına görə, ÜDM 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7% və 2025-ci ildə 3,1% artacaq. Azərbaycan da daxil omaqla bir çox ölkələrdə iqtisadi artım qeydə alınır ki, bu da nikbin olmağa əsas verir. 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.
Azərbaycanda daha çox idxal məhsulları bahalaşır. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir. Qarşıdan gələn payız-qış mövsümündə bu sahədə daha ciddi problemlərin yaranacağı gözləniləndir. Ona görə də, gələn qış mövsumünə daha hazırlıqlı omaq vacibdir.
Əslində bu il də qiymət artımlarının davam edəcəyi gözlənilən idi. Ümumiyyətlə, yaxın onillikdə dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə hava şəraiti, iqtisadi artım və gəlirlərin bölgüsü, demoqrafik və qida rejimi dəyişiklikləri, texnoloji inkişaf və siyasi hadisələr təsir edəcək. Lakin bununla yanaşı, bəzi optimist proqnozlara görə, tələb artımının yavaşlaması və gözlənilən məhsuldarlıq artımı fonunda real ifadədə qiymətlər tədricən azalmağa başlayacaq. Proqnoz orta müddətli tendensiyalara yönəlib, lakin kənd təsərrüfatı bazarlarında qiymətlərin qısamüddətli dəyişməsinə şərait yarada biləcək bir çox amillər və risklər də var. Belə ki, dünyada regional disbalans güclənir, idxal və ixraca ticarət məhdudiyyətlərinin tədbiqi ölkələrin ərzaq təhlükəsizliyinə və qidalanmaya, habelə fermerlər üçün vəsait və xammal mənbələrinə çıxışına neqativ təsir göstərə bilər. Təbii resursların qiymətlərinin artması, davam edən qlobal pandemiya və gözlənilməz hava şəraiti 2022-ci ildə də bazar konyukturasının sabitləşməsi üçün çox az ümid yaradır.
Bu ilə əvvəlindən də qeyri-neft-qaz sektoruna sərmayələrin artımı da müşahirə edilir. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında əsas kapitala 4580,0 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artıb. İstifadə olunmuş vəsaitin 2620,2 milyon manatı və ya 57,2 faizi məhsul istehsalı sahələrinə, 1702,5 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3344,0 milyon manatını və ya 73,0 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3252,0 milyon manatı və ya 71,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 faiz, büdcə vəsaitləri 36,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, bank kreditləri 3,7 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib.
Azərbaycan iqtisadiyyatının qeyr-neft sahəsində özəl sektorun investisiyalarına böyük ehtiyacı var. Bu baxımdan ölkəyə xarici sərmayələrin cəlb olunması vacib amildir. İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, müasir infrastrukturun yaradılması sahəsində əsas sərmayəçi dövlətdir. Bu amilləri nəzərə alsaq, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Hələlik Qarabağda əsas sərmayəçi dövlətdir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculu işləri üçün dövlət büdcəsindən hətta əlavə vəsai ayrılır. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2023-cü ilin dövlət büdcəsindən 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılacaq. Artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində olacaq.
Azərbaycanda son illər neft hasilatı azalsa da, əvəzində qaz istehsalının artması, qeyri-neft sektorundakı artım meyilləri, həyata keçirilmiş islahatlar, özəl sektorun inkişafı, dünya bazarında neftin qiymətlərinin ölkəmiz üçün əlverişli olması iqtisadi artm göstəricilərinin qeydə alınmasına şərait yaradır. Xüsusən də qeyri-neft sektorunda ixrac göstəriciləri yaxşılaşıb. Əslində Azərbaycanda qeyri-neft sektoru daha böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Hər halda hökumət müyyən təşviqedici addımlar atır. Bununla yanaşı, Qarabağda yerli iqtisadiyyatın dirçəldilməsi də gələcəkdə qeyr-neft sektorunun, yerli istehsalın və ölkəmizin ixrac potensilaının artırılmasına imkan verəcək.
Azərbaycnda iqtisadi artımın müşahidə olunması dünyada ərzaq böhranının yaşandığı, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşdığı bir dövrdə yaxşı meyillərdir. Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hazırda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi gündəmə çevrilib. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Bəxtimiz gətirib ki, neftin qiymətləri bir qədər ucuzlaşsa da, dövlət büdcəsində nəzərdə tutulandan yüksəkdir – 73 dollardır. Hətta “qara qızıl”ın bahalaşmasını və gəlirlərin artmasını nəzərə alan hökumət dövlət büdcəsində neftin qiymətini 50 dollardan 60 dollara yüksəltdi, 2023-cü ilin ilin dövlət büdcəsinin gəlirləri də artırıldı. Çünki ilin sonunacan neftin həmin həddən baha olacağı gözlənilir.

Mahir Həmzəoğlu