Elçin Mirzəbəyli çağdaş poeziyamızın ən parlaq nümayəndələrindəndir. Sözü sevən və sevdirən, sözə ruh verən və ruhları titrədən, ürəyin sözünü içindən keçirib hisslərə toxunduran, düşüncə ilə duyğunu birləşdirib sözə çevirən, sözü zirvəsində saxlayan və o zirvədə olan şairdir. Onun şeirləri özünəməxsus və fərqlidir. Çünki Elçin Mirzəbəyli şeirlərini rəssam kimi çəkir - fırçası sözdür. O, şeirlərini yazıçı kimi yazır - qələmi sözdür. Həm də rejissor kimi şeiri ilə film çəkir - bütün obrazları, mənzərələri, monoloqları, məkanları, rakursları sözdür. Şeirlərinin görüntüsü var, mənzərəsi özüdür, hisslərinin şəkli görünür və duyulur. Həm müdrik bir qocadır, həm ilk sevgisini yaşayıb ayrılığı dadan gənc, həm çiyinlərinə dünyanın yükünü alan yaşlıdır, həm vətəninin keşiyində duran əsgər, həm ocağının cəfakeşidir, həm xoşbəxtliyi dadan həmyar, həm dostdur, sirdaşdır, yoldaşdır, vətəndaşdır və həm də bu adamları şeir dili ilə oxucusuna tanıtdıra bilən Şairdir.
Elçin Mirzəbəyli poeziyasının musiqisi var və onu dinlədə bilir. Həm majorda, həm minorda eşitdiyimiz, oxuduğumuz həm içimizə köçənlərdir, həm də ürəyimizdən keçənlər. Hərdən adama elə gəlir ki, şair bizi tanıyır və bizim həyatımızı oxuyub yazır. Budur onun şeirlərini sevdirən. Səndən sənə xəbər verir sanki. Şair o zaman sevimli ola bilir ki, onun yazdıqları sənə toxunur, həm səni düşündürür, həm də rahatladır. Ədəbiyyatın gücü də budur. Su daşdan, insan da ağrıdan keçib durulduğu kimi, adam sözdən, musiqidən, poeziyadan və sənət əsərlərinin havasından keçib, onu öz içindən keçirib yaşayır, yaşadır, saflaşır, dərinləşir, mənalanır, məzmunlaşır. Elçin Mirzəbəyli poeziyası və özü bu missiyanın daşıyıcısıdır.
Kipriyinin ucundan
yıxılanda tut məni.
Bir damla göz yaşıyam,
Ovcunda uyut məni. -
deyir şair. Sözü ilə ürəyimizə düşür, ruhumuza yüksəlir, ürəyimizdə ovunur və bizləri ovudur.
Ömür bir atımlıq -
qurşun kimidi.
Tez ötür,
Tez bitir -
Ovsun kimidi...
Hər kəs öz içində qoşun kimidi,
Hər kəs bir azacıq təkdi içində. -
deyərək, ömrün mənzərəsini, insanın və əsasən də özünün vəziyyətini belə yazır şair.
Gözünün üstünə süz həsrətimi,
Ölüm bu ilahi baxışın üstə.
Çəksinlər sonuncu portretimi,
Saçını isldan yağışın üstə. -
deyən Elçin Mirzəbəyli, öz portretini gözümüzə, ürəyimizə, həyatımıza, dünyamıza çəkən mükəmməl söz adamı, hisslərin zirvəsinə baş vurub, dünyanın enişini, yoxuşunu, ağrısını, sevincini, ayrılığını, vüsalını, qələbəsini və insanlığını misralarına köçürə bilən, sevilən şairdir.
Elçin Mirzəbəyli şeirləri ilə səni qarşılayır, yola salır, onunla yola çıxırsan, yol yoldaşı olursan. Bir-bir gördüklərini və görmədiklərini sənə göstərir. Həm şeirini sənə yaşadır, həm səni şeirində yaşadır, həm də səni şeiri ilə yaşadır. Yaşadıqları şəxsiyyətinə, özü də yaratdıqlarına yaraşır. Bu yeni kitabına topladığı şeirləri ilə də minlərlə ürəklərin sevimli qonağı və doğması olacağına əminəm.
Kitabın uğurlu, ömrün işıqlı olsun, şeirləri ilə yaşamağa yeni yol açan Söz Adam, Hiss Adam, Yol Adam.
Xanım İsmayılqızı