• 19 Aprel 2024
logo
Dövlət Xidməti: Müsbət rəy verilsə, Köhnə Bakı dəyirmanı qorunan abidələr siyahısına salınacaq

Dövlət Xidməti: Müsbət rəy verilsə, Köhnə Bakı dəyirmanı qorunan abidələr siyahısına salınacaq

Xaqani küçəsində yerləşən Köhnə Bakı dəyirmanının binası Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yeni aşkar olunmuş abidələr siyahısına daxildir.
Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, bu cür tikililərin, abidələrin qorunan irs siyahısına daxil edilməsi üçün təkcə müraciətlər deyil, eyni zamanda, müvafiq qaydada rəylər lazımdır: "Hansı ki bu rəylər təkcə dövlət xidməti tərəfindən verilmir, digər aidiyyəti strukturların da rəyi vacibdir".
Sektor müdiri yeni aşkar edilmiş abidələrin qorunan irs siyahısına daxil edilməsi prosesinin mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb: "Ümumiyyətlə, yeni aşkar edilmiş abidələrin siyahısı ilə Dövlət tərəfindən qorunan abidələrin siyahısı başqadır. Yeni aşkar edilmiş abidə müvafiq tələblərə cavab verirsə, bununla bağlı Dövlət Xidməti tərəfindən Nazirlər Kabinetinə müraciət edilir və proses mərhələli şəkildə həyata keçirilir".
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən abidənin və bir sıra tarixi əhəmiyyətli abidələrin qorunan abidələr siyahısına salınmaması ilə bağlı narazılıqlar vardı.