• 28 Mart 2024
logo
Mədəniyyət Nazirliyi Vətən müharibəsinə ithaf olunan ədəbi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi Vətən müharibəsinə ithaf olunan ədəbi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı qələbinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə məlumatlandırılmasıdır.
Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.
Müsabiqə 3 ədəbi janr üzrə keçirilir:
- Roman
- Dram
- Mənzum hekayə
Müsabiqənin şərtləri:
• Müsabiqədə yalnız peşəkar yaradıcı şəxslər (tanınmış imza sahibləri) iştirak edə bilərlər.
• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
• Əsərlərdə tarixi faktlar təhrif olunmamalıdır.
• Əsərlərin həcminə dair məhdudiyyət yoxdur.
• Hər ədəbi janr üzrə bir qalib elan olunacaq.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr üzrə iştirakçı olduğunu qeyd etməlidir.
• Əsərin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, MS Word faylı
Müsabiqənin mükafat fondu:
Roman janrı üzrə qalib – 10 000 min manat pul mükafatı və Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq
Dram janrı üzrə qalib – 5 000 manat pul mükafatı və müsabiqənin fəxri diplomu ilə təltif olunacaq
Mənzum hekayə janrı üzrə qalib – 5 000 manat pul mükafatı və Nazirliyin fəxri fərmanı ilə təltif olunacaq
Qalib əsərlərlə bağlı görüləcək işlər:
• Qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək.
• Qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək
• Ən yaxşı mənzum hekayələr toplu şəklində çap olunacaq
Qaliblərin seçilməsi proseduru:
Müsabiqəyə təqdim olunan bütün əsərlər və müəlliflər şifrələnəcək. Əsərlərin qiymətləndirilməsi iki mərhələdən keçəcək.
Əsərlər Ekspertlər Şurası və Komissiya üzvləri tərəfindən oxunacaq, onların mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılacaq.
Ekspertlər Şurası tərəfindən ən yaxşı əsərlərin qısa siyahısı tərtib olunub Komissiyaya təqdim ediləcək.
Ekspertlərin müəyyən edəcəyi qısa siyahı Komissiyaya təqdim olunmaqla yanaşı, ictimai müzakirəyə çıxarılacaq. Hər janr üzrə qısa siyahı 5 əsərdən ibarət olacaq.
Müsabiqənin müddəti:
Müsabiqəyə romanların qəbulu 30 dekabr 2022-ci il tarixində sona çatacaq.
Müsabiqəyə dram əsərlərinin qəbulu 30 noyabr 2022-ci il tarixində sona çatacaq.
Müsabiqəyə mənzum hekayələrin qəbulu 30 oktyabr 2022-ci il tarixində sona çatacaq.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər Ekspertlər Şurası tərəfindən qəbul edilməyəcək.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Tel.: (012) 493 06 80
İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.
E-mail: [email protected]