• 29 Mart 2024
logo
Rasim Balayev: “AKİ Kino Agentliyi ilə daimi əlaqədə olacaq”

Rasim Balayev: “AKİ Kino Agentliyi ilə daimi əlaqədə olacaq”

“Elə şeylər, elə addımlar var ki, orada fərdilik yox, kollektiv iş olmalıdır”.
Bu sözləri APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
Onun sözlərinə görə, yeni yaradılan Kino Agentliyi ilə müştərək iş görmək vacibdir: "Bilirsiniz, kino ittifaqının işi kino çəkməkdir. Yerdə qalan digər məsələlərlə, məsələn, maliyyə və digər məsələlərlə bir başqa kino qurumları məşğul olmalıdır. Cənab Prezidentin Kino Agentliyinin yaradılması ilə bağlı verdiyi fərman da bu yöndədir. Mən ümid edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) yeni yaradılan Kino Agentliyi ilə daimi əlaqədə olacaqdır. Çünki agentliyə təcrübəli, işini bilən, kinodan başı çıxan adamların dəstəyi lazımdır. Bizim qurum da təcrübəli üzv və idarə heyəti ilə Agentliyə mümkün dəstəyi verəcək".
Xalq artisti ittifaqların birləşməsi məsələsinə də toxunub: "Mən demişəm, yenə də təkrar edirəm: bir ölkədə, xüsusən Azərbaycan boyda bir ölkədə iki ayrı kino ittifaqının olması düzgün deyil. Bu yalnız kinonun inkişafına mane olur, ləngidir. Mən ittifaqların birləşə biləcəyi təşəbbüsünü irəli sürmüşəm, indi necə olacaq, onu zaman göstərəcək", - o deyib.
Qeyd edək ki, AKİ-nin İdarə Heyətinin bu gün keçirilən iclasında Xalq artisti Rasim Balayevin sədrliyə namizədliyi təsdiqlənib.