• 8 Oktyabr 2026
logo
Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni üçün tədbirlər görür

Dövlət Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni üçün tədbirlər görür - YENİLƏNİB-1

Xalq yazıçısı, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür.
Cənazənin nə vaxt gətiriləcəyi, nə vaxt və harada dəfn olunacağı hələlik məlum deyil.
***
16.40

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Moskvadan çox pis xəbər aldıq... Uzun sürən xəstəlikdən sonra, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə dünyasını dəyişib. Əlvida ustad! Əlvida kinomuzun ən böyük dostu! Əlvida əziz həmkar!”.
***
16:28

Xalq yazıçısı Rüstəm İbrahimbəyov vəfat edib.
Bu barədə APA-ya kinorejissor Tahir Tahiroviç məlumat verib.
O, dünən axşam Moskvada dünyasını dəyişib.
R.İbrahimbəyov Azərbaycanda dəfn olunacaq.
Qeyd edək ki, R. İbrahimbəyovun vəfatı xəbərini ilk olaraq “Yeni Zaman” qəzeti yayıb.
R.İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub.
O, Azərbaycan Neft və Kimya İnstitutunu, sonralar isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarını bitirib.
Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.
1989-cu ildə əsası qoyulan “İbrus” (İB-İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. O, 1981-ci ildən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqına sədrlik edib.
15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.
Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən yaxşı xarici dilli film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
R.İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" isə 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi seçilib.
Həmçinin onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Allah rəhmət eləsin!