• 27 May 2022
logo
Mədəniyyət Nazirliyi idarəçilik sahəsində layihəyönümlü mərhələyə keçir

Mədəniyyət Nazirliyi idarəçilik sahəsində layihəyönümlü mərhələyə keçir

"Bu gündən etibarən Mədəniyyət Nazirliyi olaraq layihəyönümlü mərhələyə keçid edirik. Bu yeniliyin əsas məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir".
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyinin strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdır: "İstəyirik ki, bunu nazirliyin strategiyası və baxışının həyata keçirilməsində effektiv bir alət kimi inkişaf etdirək. Həmçinin nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın mədəniyyət tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsün. Bununla da azərbaycançılığın davamlılığını təmin etsin. Məhz bu ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə yanaşması idi. Həmin elanın bu gün həyata keçirilməsinin şahidiyik. Bununla bağlı bütün sənədlər hazırlanıb. Mədəniyyət tarixində ilk dəfə belə bir yanaşmanın tətbiqinə başlanılıb. Artıq bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsi ilə həyata keçirəcəyik”.
Layihə idarəçiliyinin üstünlüklərinə toxunan nazir müavini qeyd edib ki, bu artıq təsbit olunmuş elmi yanaşmadır: “Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metedologiyadır. Üstünlük odur ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resurslarla həyata keçirilir.
Bu yanaşma eyni zaman nazirlik çərçivəsində koordinasiyanı gücləndirir. Yəni şöbələrin bir-birilə əlaqələrini, məlumat paylaşımını gücləndirir. Digər tərəfdən kadr potensialının gücləndirilməsi üçün vacib mərhələdir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyərək layihə meneceri kimi təkmilləşəcəklər. Bu da təbii ki strategiyamızın əsas məqsədlərindən olan insan kapitalı baxımından vacib addımdır".