• 30 Aprel 2024
logo
Bir sıra yazıçı və şairə "Nizami Gəncəvi” medalı təqdim edilib

Bir sıra yazıçı və şairə "Nizami Gəncəvi” medalı təqdim edilib

Bu gün Milli Kitabxanada Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalının təltifetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu günün özəl bir gün olduğunu bildirib.
"Bu gün hamımız üçün ikiqat bayramdır, çünki bu gün Prezident İlham Əliyevin 60 yaşı tamam olur digər tərəfdən dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyini qeyd edirik. Bizim 44 günlük qələbəmiz həm də mədəniyyətimizin qələbəsidir. Mənə elə gəlir ki, 44 gündə canını, sağlamlığını fəda edən igidlərimiz şeirlərimizlə böyüyüb. Hər bir xalqın şairləri, yazıçıları xalqın yaddaşının daşıyıcılarıdır. Çünki bizim yazarlar milli dəyərlərimizin təbliğatçısıdır", - o deyib.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Prezident İlham Əliyev ad günü münasibətilə təbrik edib. O, bu ili “Nizami Gəncəvi İli” elan etdiyi üçün prezidentə təşəkkürünü bildirib: “Bu gün prezidentimizin doğum günüdür. O, özünə ən böyük hədiyyəni özü edib, həm özünə, həm də Azərbaycan xalqına. Bu hədiyyə Zəfərdir”.
Ç.Abdullayev deyib ki, biz hamımız fəxr edirik ki, Nizami Gəncəvi kimi şairimiz olub: “Şairlər ölməzdir, yazıçılar və şairlər xalqın əbədiyyatda vəkilidir. Onları min il sonra da oxuyanda çox şey öyrənmək olar".
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı çıxışında Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb. O bildirib ki, Nizaminin öyrənilməsində əlyazmalarının böyük əhəmiyyəti var: "Hindistan Nizami Gəncəvinin əlyazmalarını saxlayan ən böyük ölkədir. Buna görə Mədəniyyət Nazirliyi bununla maraqlanmalıdır. Azərbaycan dövləti Hindistan muzeyləri, kitabxanaları ilə əlaqə qurmalıdır".
Millət vəkili bildirib ki, ədəbiyyata xüsusi diqqət edilməlidir: "Mən demirəm ki, bütün şairlərimizin ev muzeyi olsun. Biz mədəniyyətin xalqın taleyində nə qədər mühüm rol oynadığını nəzərə almalıyıq. Mən hesab edirəm ki, Mədəniyyət Nazirliyi tez-tez yazıçılarla, incəsənət nümayəndələri ilə görüşlər keçirməlidir".
Sonra Elnur Əliyev Nizami Gəncəvinin 880 illiyi münasibətilə xatirə döş nişanlarını sahiblərinə təqdim edib.
Təltif olunanlar siyahısında xalq yazıçıları Anar Rzayev, Çingiz Abdullayev, xalq şairləri Vahid Əziz, Sabir Rüstəmxanlı, Rəşad Məcid, Səlim Babullaoğlu, İlqar Fəhmi və digərləri yer alıb.