• 29 Mart 2024
logo
Anar Kərimov GUAM-ın baş katibi ilə görüşüb

Anar Kərimov GUAM-ın baş katibi ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat– GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı regional təşkilat olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb, fəal əməkdaşlıq əlaqələrinin qurulması, birgə fəaliyyətin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib.
Təşkilatın əhatə coğrafiyasına görə geostrateji önəmini qeyd edən Anar Kərimov GUAM-ın dayanıqlı sülhün və regional əməkdaşlığın inkişafı üçün, eləcə də Şərq və Qərb arasında bağlılıq, kommunikasiya baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb.
Anar Kərimov təşkilatın həmçinin mədəniyyət dəhlizi rolunu oynadığını, quruma üzv ölkələr arasında əməkdaşlığın layihəyönümlü fəaliyyət istiqamətini gücləndirməklə daha da inkişaf edəcəyini deyib. Nazir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini və mədəniyyət sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Qəbula görə təşəkkürünü bildirən Altay Əfəndiyev GUAM Katibliyinin üzv dövlətlərlə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün hər zaman dəstək göstərdiyini vurğulayıb. Təşkilata daxil olan ölkələrin ümumi maraqları çərçivəsində uğurlu nəticələr əldə etməsi üçün daha aktiv əməkdaşlığın vacibliyi qeyd olunub.
Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.