• 27 İyul 2024
logo
Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi və Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun heykəlini ziyarət ediblər.

Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşası izlənilib.

Baymedia.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl çıxış edən akademik İsa Həbibbəyli yazıçının əsərlərində qaldırdığı problemlərin bütün bəşəriyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Çingiz Aytmatovun qüdrətli yazıçı olduğunu söyləyən akademik qeyd edib: "Onun əsərlərindən mənsub olduğu xalqın ətri duyulur. Ç.Aytmatov Qırğız ellərinin özünəməxsusluğunu bütün dünya dillərinə tərcümə olunan əsərləri vasitəsilə çatdırıb. Türk oğlunun dünya ədəbiyyatının zirvələrində dayanması Azərbaycan xalqı üçün böyük şərəfdir. O həmçinin ədəbiyyatımıza dərindən bələd olan mütəfəkkirdir. Tamaşada yaddaşını könüllü itirib, manqurta çevrilənlər, genetik kodunun hansı torpağa aid edilməsini anlamayanlar və onlara qarşı mübarizə aparan Yedigey obrazı təsvir olunub. Bu səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və aktyorların böyük əməyi və zəhməti var".

Sonra "Əsrə bərabər gün" tamaşası nümayiş olunub.

Tamaşa “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Səhnə əsərinin aktyor heyətində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar artistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, Ayşad Məmmədov, Elxan Quliyev, Mirzə Ağabəyli, Əminə Babayeva, Rövşən Kərimduxt, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Rəşad Bəxtiyarov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Almaz Amanova və digər aktyorlar yer alıb.