• 19 May 2024
logo
Vaşinqtonda rəssam Rövşən Nurun “Azərbaycan naxışları” adlı sərgisi açılıb

Vaşinqtonda rəssam Rövşən Nurun “Azərbaycan naxışları” adlı sərgisi açılıb

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə rəssam Rövşən Nurun əsərlərinin nümayiş olunduğu “Azərbaycan naxışları” adlı sərgi açılıb. Sərgi aprelin 15-dək davam edəcək.

Baymedia.az xəbər verir ki, ekspozisiya Azərbaycan mədəniyyətinin zəngin irsini tərənnüm edir. Rəssamın əsərləri Azərbaycan həyatının mahiyyətini əks etdirir, ziyarətçiləri ölkənin adət-ənənələrinə, həyat tərzinə və əsrarəngiz gözəlliyinə nəzər salmağa dəvət edir. Ekspozisiya izləyicini Azərbaycanın müxtəlif mənzərələrinə - sərt dağlarından sakit vadilərinə qədər səyahətə aparır.

Rəssam, həmçinin sərgi çərçivəsində uşaqlar üçün ustad dərsi keçəcək.

Rövşən Nur Bakıda anadan olub və öz yaradıcılıq yoluna burada başlayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Estoniyaya yola düşüb. Orada Tallinn Rəssamlıq Akademiyasında bacarıqlarını daha da inkişaf etdirib və ənənələrin novatorluqla üzvi şəkildə birləşdiyi fərqli üslubda yaradan rəssam kimi formalaşıb.

Hazırda Rövşən Nur Tallində yaşayır və işləyir, tez-tez Avropa auditoriyasının Azərbaycanın mədəniyyəti və irsi ilə tanış olmasına xidmət edən sərgilər və tədbirlər keçirir.